Məhkəmə

AİHM azərbaycanlı ərizəçilərə kompensasiya məbləğini niyə azaldır?

10 Aprel, 2025
370

AİHM

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) son illərdə Azərbaycana dair baxdığı işlərdə əsaslı dəyişikliklər nəzərə çarpır. 

Belə ki, Məhkəmənin Azərbaycan hökumətinin birtərəfli bəyanatları  əsasında çıxardığı qərarlar, tərəflərin barışığı əsasında çıxarılan qərarlara nisbətdə, üstünlük təşkil edir. Həmçinin, Məhkəmənin azərbaycanlı zərərçəkənlər üçün təyin etdiyi kompensasiya məbləğlərində də ciddi azalma var. 

Vəkil Fariz Namazlı Toplum TV-ə bildirir ki, bir neçə il əvvəl Məhkəmə, məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi- işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu tanındıqda, mənəvi zərərə görə 15000-20000 avro kompensasiya təyin edirdi.

İndi isə bu məbləğ 7000-13000 avro arası dəyişir. 

“Məhkəmənin bu məbləği hansı kriteriya əsasında müəyyən etməsi müəyyən deyil və məhkəmə qərarlarında təyin etdiyi kompensasiya məbləğinin bu həddə olmasının səbəbini izah etmir”, o qeyd edir. 

Namazlı bildirir ki, AİHM-in kompensasiya məbləğini müəyyən etməsinə dair hər hansı meyarlar mövcud deyil: 

“Maddi zərərlə bağlı çəkilmiş xərcləri təsdiq edən sübutlar təqdim edilirsə, məhkəmə maddi zərərə görə həmin məbləğdə kompensasiya təyin edə bilir. Lakin mənəvi zərərə görə kompensasiya hər bir işə görə individual olaraq təyin edilir. Bu zaman Məhkəmə ərizəçinin yaşı, məruz qaldığı mənəvi əzab, iztirabın ölçüsündən asılı olaraq kompensasiya təyin edir.” 

AİHM-in Azərbaycana dair qərarlarında müşahidə olunan daha bir tendensiya isə Məhkəmənin hökumətin birtərəfli bəyanatları əsasında qərarlar verməsidir. 

Belə ki, məhkəmə 2024-cü ildə birtərəfli bəyanat əsasında 102, tərəflərin barışığı əsasında isə 64 qərar qəbul edib. Müqayisə üçün, 2023-cü ildə barışıqla 154, birtərəfli bəyanatla 111 qərar verilib. 

Bəs Məhkəmə birtərəfli bəyanat əsasında qərarları necə qəbul edir? Bu halda ərizəçilərin şikayət etmə imkanı varmı?

Vəkil bildirir ki, AİHM, adətən, təkrarlanan işlər üzrə tərəflərə barışıq sazişinin bağlanmasını təklif edir.

Bu halda, Məhkəmə deklarasiyanın mətnini hər iki tərəfə - hökümətə və ərizəçiyə göndərir. Burada həm mənəvi zərərə görə, həm də məhkəmə məsrəflərinə görə məbləğ göstərilir. Əgər hər iki tərəf deklarasiyanı imzalayarsa, Məhkəmə deklarasiyanı təsdiq etməklə işi siyahıdan çıxarır.

Namazlı əlavə edir ki, əgər ərizəçi tərəf deklarasiya ilə razılaşmazsa, bu halda Məhkəmə hökümətə təklif edir ki, birtərəfli bəyanat versin. 

“Fərq ondadır ki, birtərəfli bəyanat zamanı kompensasiya ödənişindən əlavə, həm də Avropa İnsan Hüquqları Konvensiyasının normalarının pozuntusu da hökümət tərəfindən etiraf edilir”, o deyir. 

Burada daha bir maraqlı məqam isə odur ki, hökümət birtərəfli bəyanat verdikdə deklarasiyada qeyd edilən kompensasiya məbləğini bir az da azaldır və Namazlının dediyinə görə, Məhkəmə hökümətin bu formada verdiyi birtərəfli bəyanatını qəbul edir. 

AİHM-in birtərəfli bəyanat əsasında qərar qəbul etməsindən, habelə kompensasiya məbləğindən şikayət etmək istəyən ərizəçilər üçün isə heç bir mexanizm mövcud deyil. 

AİHM Azərbaycanda hüquqları pozulan, ədalət axtarışında olan vətəndaşlar üçün sonuncu instansiyadır. 2024-cü ildə AİHM 39 nəfərin Azərbaycana qarşı şikayətlərinə mahiyyəti üzrə baxaraq qərar verib. Bunlardan 38-də Konvensiyanın ən az bir maddəsinin pozuntusu aşkarlanıb. 

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı forumda çıxış edərkən bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq. 

O deyib ki, əgər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq. 

“Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, o qeyd edib. 

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

Digər əsaslara nümunə olaraq Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Afiəddin Məmmədov: “Tofiq Yaqublunun cəzasını mənim hökmümə əlavə edin”

21 Aprel 2025

Toplum TV

Həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığı üçün çağırış edib.  Jurnalist Ülviyyə Əlinin ictimailəşdirdiyi mesaja əsasən, Məmmədov qeyd edib ki, “vicdanı olan hər kəs ürək ağrısı ilə Yaqublunun günü-gündən vəziyyətinin ağırlaşmasını izləyir”.  “Tofiq Yaqublunun aclığını eşidəndən bəri nə edə biləcəyimizi dostlarla danışırıq, amma həbsdəyik deyə əlimizdən normal bir iş də gəlmir. Hələ ki, bu faşist hökumətə bir təklif verə bilərəm. Özünüz də yaxşı bilirsiniz ki, Tofiq Yaqublu cinayətkar deyil! Faşist siyasətinizi Tofiq Yaqubluya tətbiq etməyi dayandırın!” - işçi hüquqları fəalı bildirib.  Məmmədov ardınca Yaqubluya verilən 9 il həbs cəzasının onun hökmünə...
Məhkəmə

Vahid Mustafayevdən 85 min manatlıq saat oğurluğu: Çin vətəndaşlarına 5 il cəza verildi

21 Aprel 2025

açıq mənbədən götürülüb

Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə yekunlaşıb. Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxsə hökm oxuyub. Hökmə əsasən,  Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər və  cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar. Ötən prosesdə dövlət ittihamçısı onların 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Hadisə ötən ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin oğurluq, külli miqdarda ziyan vurduqda maddəsi ilə ittiham olunub. VMF...

Seçilmiş Videolar

Toplum TV loqo