Sosial

Musiqi məktəblərində ixtisarlar narazılıq yaradıb

4 Aprel, 2025
280

Azərtac

Bakıda musiqi məktəblərində müəllimlərin ixtisara salınması xeyli sayda müəllim və valideynin narazılığına səbəb olub. 

Bu barədə övladlarını musiqi məktəblərinə göndərən valideynlər “Toplum TV”-yə danışıb. 

Bir çox müəllim və valideyn sosial şəbəkələrdə bu halla bağlı iradlarını paylaşıb. 

Qızı Əminəni 6 ildir pianino təhsili almağa göndərən Gülnarə (adlar şərtidir - red.) deyir ki, musiqi məktəblərində attestasiyalar keçirilir və keçməyən müəllimlər işdən çıxarılır. 

Gülnarə qeyd edir ki, əslində müəllim “qıtlığı yox, bolluğu” var, lakin attestasiyanın birdən-birə və tədris ilinin ortasında aparılması ajiotaj yaradıb. 

“Qızımın ixtisara salınan müəllimlərindən biri çox yaxşı müəllim idi. Amma attestasiya gələndə şifahi yoxlamada özünü itirib, yaxşı cavab verməyib. Problem isə ondadır ki, kəsilən müəllimlərə yenidən attestasiyadan keçmək şansı verilmir. Onlar işə qəbul olmaq üçün bir də imtahan verməlidirlər”, o deyib. 

Bununla belə, valideyn məktəblərdə müəllim çatışmazlığının olmadığını bildirib:

“Yəni, bizim uşağın məktəbində görməmişəm. İmtahanla yeni müəllimlər də işə götürülüb. Təhsilin səviyyəsi normaldır. Sovet dövründən qalan sistem hələ ki, tam çökməyib. Amma yeni sistem yaratmağa cəhd etdikləri görünür, necə olacaq bilmirik.”

Musiqi müəllimlərinin attestasiyasını Mədəniyyət Nazirliyi həyata keçirir. 

Qiymətləndirmədən kəsilən müəllimlər müqayisə üçün, Təhsil Nazirliyinin fənn müəllimləri üçün apardığı qiymətləndirmələrdən kəsilənlərə ikinci şansın verildiyini deyirlər və özləri də belə imkan istəyirlər. 

“Təhsil nazirliyinin apardığı qiymətləndirmədə müəyyən bal şkalası qoyulur. Aşağı bal toplayan müəllimin dərs sayı azaldılır, növbəti il də aşağı bal toplasa işdən çıxarılır. Bu da müəllimlər arasında güclü effekt verir, onlar yaxşı hazırlaşırlar və uşaqlarla da həvəslə işləyirlər. Mədəniyyət Nazirliyi isə müəllimlərə hazırlaşmağa aman verməyib və kəsilənləri işdən çıxarır”, Gülnarə deyir. 

Daha öncə Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov İctimai televiziyaya müsahibəsində bildirmişdi ki, attestasiyanın məqsədi müəllimlərin bilik və bacarıqlarını yoxlamaqdır və heç kim işdən çıxarılmayacaq. 

Bu il aprelin 3-də 50-dən çox musiqi müəllimi Mədəniyyət Nazirliyinin önünə toplaşıb və Cəsarət Valehovla görüş tələb edib. Onlar deyiblər ki, nazir müşaviri müəllimləri aldadıb. 

“Sitat.info” saytının yaydığı məlumatda bildirilir ki, bir müəllim özünə xəsarət yetirmək istəyərkən polis tərəfindən xilas edilib, bir neçə müəllimin isə ürəyi gedib. 

“Facebook” sosial şəbəkəsindəki müəllimlər qruplarında məsələ ilə bağlı rəylər birmənalı deyil. Bir qrup müəllim şikayətlənsə də, valideynlərin bir qismi müəllimlərin savadsız olduğunu irəli sürüb. 

“Əvvəlcə müəllimə işləmək üçün yararlı bina və içinin avadanlığını verin. Müəllimlər jurnal və fərdi vərəqə əvəzinə adi dəftərdən istifadə edirsə hansı ədalətdən danışırsınız? Müəllimi ehtiyacı olan avadanlıqlarla təmin edin, sonra onları imtahan edin. 2 il bundan əvvəl məktəbi bitirənlər şəhadətnamələrini ala bilmirlər”, bir müəllim şərhində qeyd edib. 

Fortepiano müəllimlərini qiymətləndirən komissiyaya sədrlik etmiş Nəzakət Rimazi “Qafqazinfo” saytına bildirib ki, attestasiya zamanı “zəif cavab verən” müəllimlər üstünlük təşkil edib:

“Məsələn, bir müəllimə hansı bəstəkarın əsərini ifa edirdisə, adətən o bəstəkarın yaradıcılığı ilə bağlı suallar ünvanlayırdıq və mövzudan kənara çıxmırdıq. Üzdən oxuma zamanı isə biz əsərin aid olduğu tonallığın hansı işarələrə malik olduğunu soruşurduq. Normalda bunu 1-ci və 2-ci sinif şagirdləri bilməlidir. Təəssüf ki, bəzi müəllimlər bu sualları belə cavablandıra bilmirdilər və bu, bizi çox təəccübləndirirdi.”

“Toplum TV”ə danışan Kamil adlı valideyn (ad şərtidir - red.) deyir ki, ötən tədris ilində oğlunun təhsil aldığı məktəbdə müəllim dünyasını dəyişəndən sonra şagirdlər iki ay müəllimsiz qalıblar. 

“Təhsil nazirliyinə müraciət etdik ki, müəllim göndərsinlər. Nazirlik dedi ki, müəllim ayrılacaq, amma gözləməlisiniz. 2 aya yaxın yeni müəllim təyin edilməsini gözlədik. Sonra cavan bir müəllim gəldi, bizə dedilər nazirlikdə imtahan verib və göndərilib. Çox razıyıq, oğlum da onu çox sevir,” deyən valideyn dərsin keyfiyyətindən razılıq ifadə edib.

Aprelin 2-də Mədəniyyət Nazirliyi açıqlama yayaraq bildirib ki, fevral-mart aylarında 1675 musiqi müəllimi attestasiyaya cəlb olunub və onların 1183 nəfəri qiymətləndirmədən uğurla keçib. 

“Attestasiya zamanı müəllimlərin aidiyyəti üzrə təlimlərə və ixtisasartırmaya ehtiyacları müəyyən edilib ki, bu da sonrakı prosesdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə sistemli təlim prosesinin təşkili üçün çox vacib resursdur.”

492 müəllim isə attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən, “tutduğu vəzifəyə uyğun hesab edilməyib”. 

Nazirlik əlavə edib ki, 492 nəfərdən 112-si attestasiya komissiyalarından 2 lehinə, 3 əleyhinə səs almaqla qiymətləndirmədən kəsiliblər. Lakin onlara “təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı” veriləcək.

Qiymətləndirmədən kəsilən digər müəllimlər isə yenidən işə qəbul imtahanı verməli olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

18 Aprel 2025

açıq mənbədən götürülüb

Aprelin 15 və 16-da baş verən kəskin yağıntıya görə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Onların ümumi zərər məbləğinin 1 milyon manatı ötəcəyi ehtimal edilir. Bu barədə "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birliyi Report.az-a məlumat verib. Qurum bildirib ki, yağıntıya görə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si avtomobil, 157-si daşınmaz əmlak sahiblərinə aiddir. Bundan başqa 77 nəfər “Kasko” sığorta növü, 21 nəfər isə yanğın və və digər risklərdən sığorta növünə görə şirkətlərə müraciət edib. 294 hadisə üzrə ehtimal olunan zərər...
Sosial

İmişlidə etiraza görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb

7 Aprel 2025

sosial media

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzadan sonra barəsində  saxlanılan 14 nəfərin həbs müddəti uzadılıb. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. İmişli rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb. Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu.  Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu. Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin...

Seçilmiş Videolar

Toplum TV loqo