Manşet

İmtina haqqı - Fariz Namazlının yazısı

5 Aprel, 2025
1336

Fariz Namazl/sosial media

İnsan həyatı boyunca sonsuz seçimlər qarşısında qalır.

Bəzən bu seçimlər gündəlik, kiçik məsələlərlə bağlı olur, bəzən isə insanın şəxsiyyətini, dəyərlərini və həyat fəlsəfəsini müəyyən edən qərarlar qəbul etməyə məcbur edir.

Ən çətin seçimlərdən biri isə haqsızlıq və ədalətsizlik qarşısında susmaq və ya etiraz etmək qərarının qəbul edilməsidir.

Bir çox hallarda insanlar rahatlığı seçir, çünki susmaq daha təhlükəsiz, razılaşmaq daha asan görünür. Lakin rahatlıq həmişə azadlıq demək deyil. Bəzən susmaq insanı içindən yeyən, ona ağır bir yük kimi çökən bir zəncirə çevrilir.

Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsərinin qəhrəmanı Tomaş, həyatın ona təqdim etdiyi "yüngüllüyü" qəbul etmir, haqqı müdafiə etmək, vicdanının səsinə sadiq qalmaq üçün mübarizə aparır. Lakin bu, onun üçün ağır nəticələrə səbəb olur.

İnsanların can atdığı azadlıq onlara daxili və xarici təsirlərdən asılı olmadan qərar vermək, öz prinsiplərinə uyğun yaşamaq haqqı və buna uyğun seçim şansı verir. Lakin bu seçimi edərkən də ona xəbərdarlıq edir.

Azadlıq heç də həmişə asan əldə olunmur. Azadlıq əldə edərkən insanlar nəyisə - işini, dostlarını, hətta doğmalarını itirə bilər.

Bəzən insanlar rahatlığı və təhlükəsizliyi seçərək susmağa üstünlük verir. Əvvəlcə bu susqunluq onlara yüngüllük gətirir – onlar problemlərdən uzaq dayanır, konfliktlərə girmir və risk etmirlər. Lakin zaman keçdikcə bu yüngüllük ağır bir zəncirə çevrilərək onların boğazından sallanır.

Susmaq insanın vicdanında və ruhunda dərin izlər buraxır. Haqsızlığa şahid olub heç bir şey etməmək, zamanla insanın özünü günahkar hiss etməsinə səbəb olur.

Bəzən susqunluq yalnız fərdi deyil, bütöv cəmiyyətlərin tənəzzülünə gətirib çıxarır. Əgər insanlar susmasaydı, diktatur rejimlər bu qədər uzun müddət hökm sürə bilməzdi. Əgər etiraz səsləri susdurulmasaydı, xalqlar zülmə məhkum olmazdı. İnsanların susqunluğu diktatorların hakimiyyətini gücləndirir.

Buna baxmayaraq, həmişə haqqın tərəfində duran, ədalətsizliyə göz yummayan insanlar olub və olacaq. Cəmiyyətin ən çətin dövrlərində belə, haqqı müdafiə edən, haqsızlığa qarşı çıxan insanlar olub. Onlar öz rahatlıqlarını, bəzən isə həyatlarını qurban verərək cəmiyyətin daha azad və ədalətli olması üçün mübarizə aparıblar.

Bu gün də dünya belə insanların sayəsində dəyişir. Jurnalistlər, hüquq müdafiəçiləri, fəallar öz şəxsi maraqlarını kənara qoyaraq, haqqı müdafiə edirlər. Onlar bilir ki, etiraz etməyin fəsadları var, lakin bu, vicdanını itirməkdən daha yüngüldür.

Xaqani Hassın dediyi kimi: "İnsanlar seçimləri ilə deyil, imtinaları ilə tanınır."

Biz hər gün seçim edirik: susmaq və razılaşmaq, yoxsa etiraz edib haqqın tərəfində dayanmaq?

Bəzən düşünürük ki, fərdi etirazımız heç nəyi dəyişməyəcək. Amma tarix göstərir ki, böyük dəyişikliklər məhz kiçik etirazlardan başlayır.

Rahatlıq, təhlükəsizlik və konformizm insanı bir müddətlik xoşbəxt edə bilər. Lakin uzun müddətdə insan öz prinsiplərinə zidd getdiyini, vicdanını boğduğunu dərk etdikdə, bu rahatlıq ağır bir yükə çevrilir.

Bəs biz hansı yolu seçirik? Susqunluğu və yüngüllüyü, yoxsa etirazı və azadlığı?

Bu, yalnız bizim vicdanımızın cavab verə biləcəyi sualdır. Amma unutmamalıyıq ki, susduğumuz hər bir haqsızlıq gələcəkdə bizim üçün daha ağır nəticələrə səbəb ola bilər.

Haqqın tərəfində durmaq çətindir, amma əsl azadlıq məhz bu çətin yolun sonunda dayanır.

Əgər susuruqsa, haqsızlığa göz yumuruqsa, demək ki, yüngüllüyü ağır bir zəncirə çeviririk. Etiraz etməkdən qorxaraq vicdanımızın səsini boğuruq.

Amma cəmiyyətdə Tomaş kimi insanlar da var – onlar gələcəyi susqunluqda yox, etiraz səslərinin gücündə formalaşdırmağa çalışırlar. Və bəzən azadlığı uğrunda öz həyatlarını belə qurban verirlər.

Bu səbəbdən, imtinalarımızdan qorxmaq lazım deyil, çünki bizi biz edən onlardır.

Fariz Namazlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo