Valideynləri: “Anar Məmmədli addım atmağa çətinlik çəkir, dizində şişkinlik var”
Foto: VOA
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin 17 aydır keyfiyyətli həkim müayinəsi ilə təmin edilmədiyi bildirilir.
Bu barədə “Gözətçi” insan haqları üzrə məlumat portalı A.Məmmədlinin valideynlərinə istinadən xəbər yayıb.
Sentyabrın 26-da A.Məmmədli ilə görüşən valideynləri onun diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkdiyini və xəstəliyin hazırda kəskinləşdiyini bildirib.
“O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər”, - deyə xəbərdə qeyd olunur.
Həkimlər valideynlərinə A.Məmmədlinin mütəmadi olaraq nəzarətdə saxlanılmağını, MRT, rentgen və laborator müayinələrdən keçməli olduğunu bildiriblər. Lakin valideynlərinin sözlərinə görə, hüquq müdafiəçisi artıq 17 aydır heç bir keyfiyyətli və lazımi tibbi müayinələrdən keçirilmir. Vəkillərinin A.Məmmədlinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün dəfələrlə etdiyi müraciətlərə rədd cavabı verilib.
Ailəsinin sözlərinə görə, hüquq müdafiəçisinin saxlanıldığı rütubətli və nəm şərait onun ağrılarını və iltihab prosesini daha da ağırlaşdırır.
“A.Məmmədli normal saxlanma şəraiti, təcili tibbi müayinə və müalicə ilə təmin edilməsə, onun davam edən məhkəmə proseslərində iştirakı səhhəti ilə əlaqəli olaraq mümkünsüz ola bilər”, - deyə valideynləri xəbərdarlıq edib.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.
O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.
QHT rəhbəri özünü təqsirli saymır.
Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"