President.az
“Bəs Ermənistan Konstitusiyaya dəyişiklik edərsə, sülh müqaviləsinin önündəki bütün əngəllər aradan qalxmış olacaqmı?”
Azərbaycanın 2025-ci il dövlət büdcəsində müdafiə və təhlükəsizlik məqsədləri üçün ayrılan vəsait 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu, müstəqillik dövründə ən yüksək göstəricidir. Maliyyə Nazirliyindən bildirilib ki, məqsəd Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə qarşı tədbir görməkdir.
Dövlətlərin real və potensial təhlükələrdən sığortalanmaq üçün hərbi büdcəni artırmaları, ordunu müasir silahlarla təmin etmələri normal praktikadır - xüsusən də Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq münasibətlərdə yaranmış mürəkkəb və qeyri-müəyyən situasiyada. Amma bölgəmizdə dayanıqlı sülh olmadığı və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə hər iki tərəfin hərbi xərcləri artırması istər-istəməz müharibə hazırlığı kimi qiymətləndirilir. Bu gün Azərbaycan və Ermənistan arasında faktiki olaraq silahlanma yarışı gedir. Azərbaycan prezidentinin oktyabrın 4-də Cəbrayıldakı sərt çıxışı da tərəflərin sülh gündəmindən uzaqlaşdığını söyləməyə əsas verir.
Sitat: “Mən Ermənistana bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın!”
Bu ifadələr Bakıda, hakimiyyət dəhlizlərində hökm sürən əhval-ruhiyyəni açıq şəkildə ortaya qoyur.
Məlum olduğu kimi, Ermənistan hökuməti sülh müqaviləsi üzrə danışıqlarda 16 maddənin artıq razılaşdırıldığını və COP29-a qədər bu maddələri imzalamağın mümkün olduğunu vurğulayır. Azərbaycan isə yalnız bütün məsələlər üzrə razılıq əldə olunacağı təqdirdə müqaviləyə imza atacağını bəyan edir. Rəsmi Bakı tələb edir ki, Ermənistan öz Konstitusiyasının preambula hissəsinə dəyişiklik edərək Müstəqillik Bəyannaməsinə istinadı oradan çıxarsın. Ermənistan isə bu şərti qəbul etmir və mövqeyini belə əsaslandırır ki, müqavilədə sülh anlaşmasının daxili hüquqdan üstün olacağı barədə xüsusi qeyd olacaq.
Bəs Ermənistan Konstitusiyaya dəyişiklik edərsə, sülh müqaviləsinin önündəki bütün əngəllər aradan qalxmış olacaqmı?
Bu suala müsbət cavab vermək çətindir. Çünki Azərbaycan tərəfi yeni şərtlər də irəli sürə bilər. Məsələn, prezidentin köməkçisi Hikmət Hacıyev Avropa mediasına müsahibələrindən birində Ermənistanın neytral dövlət olmasının zəruriliyini gündəmə gətirmişdi. Tərcüməsi budur ki, Ermənistan gələcəkdə hər hansı hərbi ittifaqa (məsələn, NATO-ya) qoşulmamaq barədə öhdəlik götürməlidir. Yaxud işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat ödəməsi məsələsi. Bu iki məsələ hələlik rəsmi səviyyədə Ermənistanın qarşısına şərt kimi qoyulmur, amma bu o demək deyil ki, heç vaxt tələb edilməyəcək. Yəni prosesi uzatmaq üçün kifayət qədər imkanlar var. Şübhə doğurmayan gerçəklik bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinin tezliklə sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Əlbəttə ki, regiona güclü təsiri davam edən Rusiya Federasiyası da onun bölgədəki dayaqlarını gücləndirməyəcək hər hansı sülh anlaşmasında maraqlı deyil. Amma Azərbaycan iqtidarının siyasətini sırf bu kontekstdə dəyərləndirmək, Moskvanın diktəsi ilə hərəkət etdiyini söyləmək yanlış olardı. Sülh müqaviləsinin imzalanması Moksva ilə yanaşı, rəsmi Bakının da maraqlarına uyğun deyil və bir sıra risklər yarada bilər.
Ən əvvəl ona görə ki, sülh Paşinyan hökumətini gücləndirəcək; onun həm daxili, həm də xarici siyasətdə daha rahat hərəkət etməsinə zəmin yaradacaq. Bu halda Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə hərtərəfli əlaqələr qurmağa başlayacaq. Sərhədlər dərhal açılacaq və Ermənistan Avropaya Türkiyə üzərindən çıxış əldə edəcək; sərhəd ticarəti, gediş-gəliş başlayacaq. Bölgədə müharibə təhlükəsinin ortadan qalxması və Ermənistanın bir növ təhlükəsizlik təminatı qazanmış olması Qərbin regiona daha ciddi nüfuz etməsinə və burada mövqelərini möhkəmləndirməsinə kömək edəcək. Ermənistana Qərbdən kapital axını başlayacaq. Üç milyondan az əhalisi olan bu kiçik ölkəni qısa müddətdə inkişaf etdirmək Qərb üçün çox asan vəzifədir. Nəticədə Ermənistanın Avropaya yolu stabil, dönməz hala gələcək və o, yaxın perspektivdə Avropa İttifaqına (hətta, ola bilsin, NATO-ya) qəbul olunacaq.
Bütün bunlar Azərbaycan hakimiyyətinin arzu etmədiyi regional geosiyasi perspektivdir. Qonşu Ermənistanın Avropaya inteqrasiyası, demokratik hüquq dövlətinə çevrilməsi, sosial-iqtisadi tərəqqisi Azərbaycan daxilində istər-istəməz müqayisələr aparılmasına və hakimiyyətə çətin suallar ünvanlanmasına səbəb olacaq. Artıq indidən, hələ Qərb sərmayələrinin olmadığı dövrdə adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan Azərbaycandan qabaqdadır. Ermənistan iqtisadiyyatına sərmayələr cəlb olunduqdan sonra hansı vəziyyətin yaranacağını təxmin etmək çətin deyil. Digər tərəfdən, Qərbin bölgədə möhkəmlənməsi onun dəyərlərinin (demokratiya, insan haqları) də bölgədə möhkəmlənməsi deməkdir (baxmayaraq ki, Qərb dövlətləri öz siyasətlərində dəyərlərə yox, praqmatik maraqlara üstünlük verirlər). Bu isə rəsmi Bakının əsla istəmədiyi bir reallıq olar. Əgər Gürcüstanın Avropaya hazırda yarımçıq qalmış inteqrasiyası seçkilərdən sonra bərpa edilərsə, Azərbaycan iqtidarı üçün bu da arzuolunmaz vəziyyət olar. Cənubi Qafqazın iki ölkəsi avrointeqrasiya yolunu seçib inkişaf etdiyi halda, digərinin kənarda və Rusiyanın təsir dairəsində qalması rəsmi Bakı üçün ciddi diskomfort yaradar.
Bu səbəblər toplusu sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasını qeyri-mümkün edir. Belə vəziyyətdə sərhəddə hərbi toqquşmaların baş verməsi riski yüksək olaraq qalacaq və prezidentin açıq işarə etdiyi kimi, Azərbaycanın Ermənistanı demilitarizasiyaya məcbur etmək niyyəti aktuallığını qoruyub saxlayacaq. Əgər Ermənistan bu prosesdə Rusiyanın maraqlarını və liderliyini qəbul edərsə, yaxud ABŞ-dakı seçkilərdən sonra yeni prezident bölgədə daha aktiv və qətiyyətli siyasət yürütməyə başlayarsa, o zaman vəziyyət dəyişə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Timesofisrael.com
Gürcüstan prezidenti Zurabişvili: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”
Mundoamerica.com
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?