Siyasət

Aclıq, işğal, qətliam: Fələstinin tanınması nəyi dəyişəcək? 

1 Avqust, 2025
281

Foto/kollaj: Toplum TV

Qəzza zolağında humanitar böhran və İsrailin qətliamının davam etdiyi vaxt bir sıra Qərb ölkələri Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər. 

Əvvəlcə Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq. Ardınca Kanada və Malta liderləri də eyni addımı atacaqlarını deyiblər. 

Böyük Britaniya Baş naziri Kir Starmer də oxşar bəyanatla çıxış edib, lakin o, bunu İsrail Qəzzada atəşkəsə razılaşmayacağı halda edəcəyini qeyd edib. 

Portuqaliya Baş naziri Luis Monteneqro isə Fələstini dövlət kimi tanımağı ölkə prezidenti və parlamenti ilə müzakirə edəcəyini deyib. 

Bəyanatlar ölkələrin İsrailin Qəzzada apardığı müharibə, blokada və yaranan aclıq fonunda narazılığını əks etdirir. 2023-cü ilin oktyabrından bəri aparılan müharibə 60 mindən çox fələstinlinin həyatına son qoyub və təxminən iki milyonluq əhalini kəskin səfalət və aclıq vəziyyətinə salıb.
Liderlər qərarlarını İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yoluna töhfə vermək istəmələri ilə əsaslandırıblar. 

Bəs bu qərarın əhəmiyyəti varmı? 

Fələstin dedikdə ağla gələn ərazilər kimi İsrail daxilində Qəzza zolağı və İordaniya çayının qərb sahili (“Qərb Sahili” kimi tanınır) başa düşülür. 

Dövlət dedikdə, beynəlxalq hüquqda 4 elementin olması nəzərdə tutulur: daimi yaşayan əhali, müəyyən edilmiş ərazi sərhədləri, hökumət və beynəlxalq münasibətləri həyata keçirmək qabiliyyəti.

Tanınma isə potensial bir dövlətin bu şərtlərə ümumilikdə cavab verdiyinin rəsmi şəkildə təsdiqlənməsidir. Bu, hətta bəzi elementlər, o cümlədən ərazi sərhədləri mübahisəli olduqda da baş verə bilər.

Beynəlxalq hüquq ekspertlərinin fikrincə, Fələstinin dövlət kimi tanınması üçün bu kriteriyalar minimum həddə də olsa təmin olunub. 

Daimi əhali və ərazi mövcuddur, lakin sərhədlər mübahisəlidir. BMT-nin 1947-ci ildə təklif etdiyi Fələstin ərazisinin xeyli hissəsi İsrail tərəfindən müxtəlif illərdə işğal olunub. 

Qəzza zolağının böyük bir hissəsi 1967-ci ildə ərəb dövlətləri koalisiyası ilə müharibə zamanı İsrail tərəfindən ələ keçirilib. 

Həmçinin, illər ərzində xeyli israilli ordunun köməyilə “Qərb Sahili”ndə yaşayan fələstinliləri evlərindən qovub və özləri üçün qanunsuz məskənlər salıblar. 

İşğal siyasəti bu gün də davam etməkdədir. İsrailin müdafiə və maliyyə nazirlərinin mayın 29-da yayımladığı birgə bəyanatda deyilir ki, “Qərb Sahili”ndə 22 yeni məntəqə salınacaq. 

Hökumətə gəldikdə isə, “Fələstin İdarəçiliyi” “Qərb Sahili”nin bir hissəsini idarə edən və fələstinliləri təmsil edən bir hökumət qurumudur. Qurum fələstinliləri beynəlxalq aləmdə təmsil edən “Fələstin Azadlıq Təşkilatı” tərəfindən yaradılıb.

Qəzza zolağına isə ABŞ və Avropa İttifaqı da daxil olmaqla bir sıra ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS qruplaşması nəzarət edir. 

BMT-yə üzv olan 193 ölkədən 147-si Fələstini artıq dövlət kimi tanıyır. Fələstinin özünün isə BMT-də müşahidəçi statusu var. 

Beynəlxalq hüquq ekspertləri düşünür ki, Fələstinin dövlət kimi tanınmasının siyasi və diplomatik əhəmiyyəti böyükdür. Bu, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu tanımaq və həmin hüquqa qarşı çıxış edən İsrail hökumətinin addımlarını rədd etmək deməkdir. 

Kanadada yerləşən “Queen’s” Universitetinin hüquq fakültəsinin dosenti və BMT-də çalışmış Ardi İmseis “New York Times"a deyib ki, Fələstini tanıyan bir ölkə İsraillə olan razılaşmalarını yenidən nəzərdən keçirməlidir ki, bu razılaşmalar Fələstin dövlətinə qarşı öhdəlikləri pozmasın. Bu öhdəliklərə siyasi və ərazi bütövlüyü ilə yanaşı, iqtisadi, mədəni, sosial və mülki münasibətlər də daxildir. 

“Praktiki baxımdan tanınma, vətəndaş cəmiyyəti və tanıyan dövlətdəki qanunvericilər tərəfindən siyasi xəttin dəyişdirilməsi və digər öhdəliklərlə uyğunlaşdırılması üçün əlavə təzyiq göstərilməsinə əsas yaradar”, - o qeyd edib. 

Britaniya və Fransanın Fələstini tanıması isə daha əhəmiyyətlidir, çünki onlar BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. 

Təhlükəsizlik Şurasının digər üzvlərindən Rusiya və Çin Fələstini artıq tanıyırlar, İsrailin ən yaxın müttəfiqi olan ABŞ isə Fələstini tanımır və belə bir siqnal da vermir. 

Ağ Ev sözçüsü Karolayn Levit iyulun 31-də jurnalistlərə deyib ki, prezident Donald Tramp Fələstini tanımağı HƏMAS-a mükafat kimi görür. 

İsrail Baş naziri Benyamin Netanyahu da oxşar bəyanatla çıxış edib. İsrail parlamenti isə ötən ilin iyulunda iki dövlətli həll yolunu rədd edən qətnamə qəbul edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Helsinki Komitəsi: Azərbaycanda müstəqillikdən bəri heç vaxt bu qədər qadın jurnalist həbsdə olmayıb

12 İyun 2026

Abzas Media

Azərbaycanın müstəqillik tarixində indiyədək heç vaxt bu qədər qadın jurnalist eyni vaxtda həbsdə olmayıb.  Norveç Helsinki Komitəsinin Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı açıqlamada belə deyilir. Təşkilat bildirib ki, qadın jurnalistlərin təhlükəsiz olmayan şəraitdə saxlanılması onların sağlamlığı üçün ciddi risklər yaradır. “Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazım olan tibbi yardım təmin edilmir. Xüsusilə “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş fiziki məhdudiyyətli şəxsdir, bir neçə əməliyyat keçirmiş və davamlı tibbi nəzarət tələb edən xəstəlikləri var. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yaradır”, - deyə komitə bildirib. Açıqlamada qeyd olunub ki, Aynur Elgünəşlə yanaşı, “Abzas Media” və “Meydan...
Siyasət

Zamin Salayevin yenidən “karser"ə salındığı deyilir 

12 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin yenidən cərimə kamerasına ("karser") salındığı bildirilir.  Bu barədə iyunun 12-də AXCP üzvü Ceyhun Novruzov sosial media hesabında məlumat yayıb.  C.Novruzovun sözlərinə görə, buna səbəb Z.Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindəki problemləri ictimailəşdirməsi olub.  "Zamin bəyin verdiyi məlumata görə, qızmar yay günlərində məhbusların saxlanıldığı baraklarda kondisioner yoxdur. İnsanlar havasız şəraitdə qalmağa məcburdur. Baraklarda isə hələ də sovet dövründən qalmış köhnə ventilyatorlardan istifadə olunur. Bu kimi problemlər həll edilməli olduğu halda, müəssisə rəisi Şakir Qəniyev diqqətini problemlərin aradan qaldırılmasına deyil, onları dilə gətirən şəxsin cəzalandırılmasına yönəldib", - o qeyd edib.  Z.Salayev əvvəllər...

Seçilmiş Videolar

Toplum TV loqo