Siyasət

Afiəddin Məmmədov: “Cəzaçəkmə Müəssisəsi 800 nəfər üçün olsa da, 1800 məhkum saxlanılır”

24 Noyabr, 2025
137

Foto: VOA

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə məktub ünvanlayıb.

Yaxınları tərəfindən ictimailəşdirilən məktubda A.Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların bir sıra hüquqlarının məhdudlaşdırıldığını iddia edir.

Onun sözlərinə görə, daha əvvəl saxlanıldığı Bakı İstintaq Təcridxanası və Umbakı Penitensiar Kompleksindən fərqli olaraq, 2 saylı müəssisədə məhkumlara həftədə bir dəfə görüntülü zəng imkanı verilmir.

“Məhkumlar bildirir ki, əvvəllər görüntülü danışıq hüququ ödənişli əsaslarla, yəni dəqiqəsi 1 manat olmaqla təmin olunurdu, lakin bir neçə məhkumun danışıq zamanı qeyri-etik ifadələrinə görə ləğv edilib. İndi 2 saylı Cəzaçəkmə Müəssisəsində olan 1800-ə yaxın məhkum həsrətlə bu hüququn yenidən bərpasını gözləyir. Onların çoxu məsafəyə görə ailə üzvlərinin üzlərinə aylarla həsrət qalır. Məhkumlar da yer üzünün sakinləridir. Onlar cəmiyyətdən təcrid olunaraq yetərincə cəzalandırılıblar. Bu insanların arasında xarici vətəndaşlar da var. 21-ci əsrə aid Penitensiar Xidmət müəssisələrində ən azından xırda texnoloji inkişafların qarşısı alınmamalıdır”, - o qeyd edib.

Fəal həmçinin məhkumların cəzalarının qalan hissəsinin ləğvi ilə bağlı məhkəmələrdə rüşvət tələblərinin olduğunu iddia edir.

“Misal üçün, Xəzər Rayon Məhkəməsi cəzanın çəkilməyən hər ayı üçün 500 AZN pul tələb edir. Təbii ki, şərti də var. Cəzanın çəkilməyən hissəsi iki ildən az olmalıdır. Qısaca, azadlıq cibinizdəki pulun miqdarına görə müəyyənləşdirilir. Əgər ödəyəcək pulunuz yoxdursa, müsbət rəy almağınız əhəmiyyətsizdir”, - o yazıb.

A.Məmmədov məktubunda müəssisədəki sıxlıq və şəraitlə bağlı narazılığını da ifadə edib.

“Azərbaycandakı məhkumların böyük əksəriyyəti sosial-iqtisadi problemlərinə görə cinayət işləmiş şəxslərdir. Hökumət çıxış yolunu yeni həbsxanalar tikməkdə yox, yeni iş yerləri açmaqda axtarmalıdır. Saxlanıldığım 2 saylı Cəzaçəkmə Müəssisəsinin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır. Bir qism məhkum yerdə yatır, şərait isə bərbaddır. Penitensiar Xidmətin işçi heyəti əksik olduğu üçün məhkumlara tam nəzarət edə bilmir”, - o vurğulayıb.

Onun sözlərinə görə, son günlərdə cəzasının 2/3-ni çəkmiş məhkumlar Penitensiar Xidmət tərəfindən məhkəməyə müraciət etməyə həvəsləndirilir.

“Adi halda iki ili qalana qədər gözləyən məhkumlar azadlıq ümidilə məhkəməyə müraciət edir. İndi onların sayı yüzlərlədir. Bu hadisəyə kənardan nəzər yetirdiyimdə mənə Ədliyyə Nazirliyi ilə məhkəmə arasında münaqişə görünür. Sanki Ədliyyə Nazirliyi məhkumları müraciətə təşviq edərək vəziyyətə öz etirazını bildirir. Məhkəmələr Penitensiar Xidmətdə olduğu zaman məhkum sayını nizamlaya və korrupsiya yolu ilə gəlir əldə edirdilərsə, indi tamamilə kənarda qalıb gündən günə artan məhkum və onların saysız problemləri ilə qarşı-qarşıyadırlar. Bu gün həm Ədliyyə Nazirliyi, həm də məhkumlar böyük amnistiya gözləntisindədir. Ədalətli dövlətlərdə bu tez-tez baş verir. Azərbaycan hökuməti xalqının məhkum nümayəndələrini diqqətdən kənar qoymamalıdır”, - o əlavə edib.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs almışdı.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədr və üzvləri Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədirlər. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, bu ittihamları qurama və siyasi hesab edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo