Siyasət

Anar Məmmədli: Avropa Məhkəməsinin qərarının icra edilməməsi artıq cəza vasitəsinə çevrilib

28 Oktyabr, 2025
221

Foto: VOA

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli Avropa Şurası Nazirlər Komitəsinə məktub ünvanlayıb. 

Məktubu oktyabrın 28-də “Gözətçi“ hüquq portalı dərc edib.

Anar Məmmədli məktubunda “Məmmədli Azərbaycana qarşı” (47145/14) işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2018-ci il 19 aprel tarixli qərarının hələ də tam icra olunmamasına diqqət çəkib.

Məmmədli bildirib ki, qərarın əsas tələbi olan bəraət verilməsi məqsədli şəkildə gecikdirilib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi məhkumluğun götürülməsi barədə Nazirlər Komitəsinə yanlış məlumat verib və nəticədə əvvəlki məhkumluğu yeni cinayət işində ağırlaşdırıcı hal kimi göstərilib.

Müraciət Avropa Şurasının qərarların icrasına nəzarət qaydalarının 9(1)-ci bəndi çərçivəsində təqdim edilib. Bu mexanizm vətəndaşlara Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi ilə bağlı Nazirlər Komitəsini məlumatlandırmaq imkanı verir.

“İcra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi təkcə mənim hüquqlarımın pozulması deyil, həm də Strasburq sisteminin nüfuzuna açıq meydan oxumaqdır. Bu, qitə miqyasında təhlükəli presedent yaradır və digər dövlətlərə AİHM qərarlarını icra etməmək üçün yanlış mesaj göndərir”, - Anar Məmmədli müraciətdə qeyd edib.

O xatırladıb ki, Azərbaycan hökuməti illərdir qərarın icrasını yanlış təqdim edərək, “məhkumluğun götürüldüyü” barədə Komitəyə aldadıcı məlumatlar göndərib. Lakin hazırkı ittiham aktında həmin məhkumluğun təkrarlanan cinayət kimi qeyd olunduğunu deyib.

Məmmədli həmçinin 540 gündən çoxdur Bakı İstintaq Təcridxanasında saxlanıldığını, yerli məhkəmələrin həbsin uzadılması barədə çıxardığı qərarların ədalətli araşdırma standartlarına cavab vermədiyini bildirib.

SMDT sədri əlavə edib ki, məsələ artıq onun şəxsi işi çərçivəsindən çıxaraq Avropa insan hüquqları sisteminin etibarlılığı məsələsinə çevrilib:

“Burada söhbət təkcə fərdi qərarların icrasından deyil, Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra mexanizminin səmərəliliyindən gedir.”

O, Nazirlər Komitəsini daha sərt mövqe sərgiləməyə, qərarın icrasına dair dəqiq meyarlar və müddətlər müəyyən edən yeni aralıq qətnamə qəbul etməyə çağırıb.

“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir. Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur”, - Məmmədli yazıb.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.

QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo