Foto: president.az
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya ölkələri liderlərinin 7-ci Məşvərət Görüşündə iştirak edib.
Bu dəfəki görüş həm də Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ilə yadda qalıb.
Sözügedən format 2018-ci ildə Özbəkistanın təşəbbüsü ilə yaradılıb, lakin bu çərçivədə ilk görüş həmin ilin martında Qazaxıstan paytaxtında keçirilib. Formata Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan tamhüquqlu iştirakçılar kimi daxildir.
Format bu ölkələr arasında açıq dialoq, təşəbbüslərin mübadiləsi və birgə layihələr üçün forum kimi təqdim olunur.
2019-cu ildə Məşvərət Görüşlərinin təşkili üzrə Prosedur Qaydaları qəbul olunub. Bu sənəddə nəzərdə tutulduğu kimi, üzv ölkələrin dövlət başçılarından əlavə, xarici işlər nazirlərinin və ekspert işçi qruplarının da görüşləri keçirilməyə başlanıb.
Azərbaycanın formata tamhüquqlu üzv kimi qəbul edilməsi ilə liderlər yeni Mərkəzi Asiya İcmasının yaradıldığını elan ediblər.
İcmanın gündəliyində iqtisadi əməkdaşlığın mərkəzi rol oynadığı görünür. 7-ci Məşvərət Görüşündə liderlər qarşılıqlı ticarət dövriyyəsini hazırkı 11 milyard dollardan 20 milyard dollara çatdırmağı və “Made in Central Asia” adlı birgə brendin yaradılmasını nəzərdən keçiriblər.
İlham Əliyev 2023-cü və 2024-cü illərdə də Məşvərət Görüşlərində qonaq qismində iştirak edib. O, bu dəfəki görüşdə bildirib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır.
“Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”, - o deyib.
Əliyev çıxışında daha sonra regional nəqliyyat marşrutu Orta Dəhlizdə Azərbaycanın rolundan, avqustda Vaşinqtonda razılaşdırılan “Tramp marşrutu”nun bu yolun inkişafına töhfə verəcəyindən danışıb.
Digər liderlər də çıxışlarında əsasən iqtisadi əməkdaşlıq perspektivlərindən danışıblar.
Asiya üzrə ixtisaslaşan “The Diplomat” nəşri yazır ki, Azərbaycanın bu formata qoşulması ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi “qoşulmaq cəhdinin uğursuzluğundan irəli gələn narazılığını azaltmağa imkan verib.”
Nəşr bildirir ki, Məşvərət Görüşlərinin gündəliyində iqtisadiyyat əsas yer tutsa da, bu ölkələrin Avropa İttifaqı kimi iqtisadi inteqrasiya modelinə keçid etməsi inandırıcı görünmür.
“Format yaranandan bəri bu ölkələr Mərkəzi Asiyada heç vaxt regional inteqrasiyanı hədəfləməyib, əvəzində isə xarici siyasət və təhlükəsizlikdən tutmuş ticarət, investisiya və mədəni-humanitar məsələlərə qədər müxtəlif sahələrdə regiondaxili yaxınlaşma və əməkdaşlığı təşviq edib”, - məqalədə deyilir.
III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah düşünür ki, bu platforma Mərkəzi Asiya rejimlərinin “bir-birini qoruması üçün yaradılmış ittifaqıdır” və Azərbaycanın bu formata üzvlüyü “regional avtoritar birliyə qoşulmasıdır”.
_1763560842.png)
O, “Toplum TV”-yə açıqlamasında deyib ki, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda nüfuzunun zəifləməsi İlham Əliyevin bu birliyə qoşulmasını zəruri edib.
“Beynəlxalq avtoritar koalisiyanın post-Sovet bölgəsindəki lokomotivi Rusiya ciddi şəkildə zəifləyib və Mərkəzi Asiyanı və Qafqazı öz təsiri altında saxlamaq imkanını günü-gündən itirir. Bu isə regiondakı avtoritar ölkələri alternativə sövq edir: öz aralarında avtoritar birlik yaradaraq demokratik axına qarşı mərkəz formalaşdırmaq”, - o qeyd edib.
E. Fəttahın sözlərinə görə, Azərbaycanda olduğu kimi, Mərkəzi Asiya ölkələrində də, xüsusilə Türkmənistanda “sülalə hakimiyyəti” hökm sürür.
“Bu ölkələrin idarəetməsində ciddi fərqlər yoxdur, lakin onlar bu idarəetmədəki təcrübələri zənginləşdirmək istəyirlər. Məsələn, Özbəkistan və Qazaxıstan uzun illərdir avtoritar idarəetmədə, xüsusilə əhalinin izlənməsində texnologiyadan istifadə edir. Azərbaycan bu təcrübələri idxal etmək istəyir və qarşılığında öz “sülalə hakimiyyəti” təcrübəsini digər ölkələrlə bölüşə bilər. Bu şəkildə sıx qarşılıqlı əməkdaşlıq və avtoritar öyrənməni tətbiq edə bilərlər”, - o əlavə edib.
Ekspertin sözlərinə görə, Azərbaycan bu birliyə qoşulmaqla siyasi standartları daha da sərtləşdirəcək və tam avtoritar mühitə keçid edəcək.
“Avtoritar sistemlərin iki forması var: biri hər şeyin qadağan və nəzarət olunduğu tam qapanmış sistem, digəri isə hibrid sistemdir. Hibrid sistemlərə Macarıstan və Türkiyəni nümunə verə bilərik. Bu ölkələr də avtoritardır, amma müəyyən demokratik elementləri qoruyub saxlayırlar. Yaxın keçmişə qədər Azərbaycan da hibrid sistemə aid idi, müəyyən demokratik institutların ən azından görüntüsü var idi. Artıq Azərbaycan tam avtoritar sistemə keçid edir. Amma Azərbaycan kiçik ölkədir və bu sistemi təkbaşına həyata keçirmək üçün resurslara sahib deyil. Bunun üçün ciddi avtoritar əməkdaşlıq və koalisiyaya ehtiyac var. Mərkəzi Asiya bunun üçün münbit bir mərkəzdir”, - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"