Siyasət

Britaniya, Kanada və Avstraliya Fələstini tanıyıb 

22 Sentyabr, 2025
121

Foto: Palestine Chronicle

Böyük Britaniya, Kanada və Avstraliya sentyabrın 21-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyıblar.  

Daha bir neçə Avropa ölkəsinin də bu həftə eyni addımı atmağa hazırlaşdığı bildirilir. 

“Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini dirçəltmək və iki dövlətli həll yolunu təmin etmək məqsədilə Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır,” – deyə Böyük Britaniyanın baş naziri Kir Starmer  bəyanatında bildirib.

Kanada baş naziri Mark Karni bəyanatında İsrail hökumətinin Fələstin dövlətinin yaradılması perspektivini "əbədi olaraq aradan qaldırmaq üçün planlı şəkildə fəaliyyət göstərdiyini" deyib. 

"İsrail beynəlxalq hüquqa zidd olaraq İordaniya çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsi siyasətini amansızcasına davam etdirib. Qəzzada apardığı davamlı hücum nəticəsində on minlərlə mülki şəxs həlak olub, bir milyondan çox insan məcburi köçkünə çevrilib və beynəlxalq hüququn pozulması hesab olunan dəhşətli, qarşısı alına biləcək aclıq baş verib", - o əlavə edib. 

Avstraliyanın baş naziri Antoni Albaniz isə ölkəsinin Fələstini tanımasının "iki dövlətli həll yoluna yeni təkan vermək məqsədilə əlaqələndirilmiş beynəlxalq səylərin bir hissəsi" olduğunu qeyd edib. "Bu səylər Qəzzada atəşkəsin əldə olunması və 7 oktyabr 2023-cü il faciəsində girov götürülənlərin azad olunması ilə başlayır", - o vurğulayıb. 

İsrailin baş naziri Benyamin Netanyahu  bəyanatında bu ölkələri sərt tənqid edib, onları Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasını mükafatlandırmaqda günahlandırıb. 

“BMT-də və digər bütün arenalarda bizə qarşı yönəlmiş yalançı təbliğata və varlığımızı təhlükəyə atacaq, terrorizmə absurd bir mükafat olacaq Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq. Beynəlxalq icma bu məsələ ilə bağlı gələn günlərdə bizdən xəbər alacaq", - o bildirib. 

HƏMAS isə qərarları alqışlayaraq bunu “Fələstin xalqının azadlıq və geri dönüş yolunda apardığı mübarizənin, möhkəmliyinin və qurbanlarının haqlı nəticəsi” adlandırıb.

Əsasən simvolik xarakter daşıyan bu addım fələstinlilərə diplomatik əlaqələrini artırmaq və ölkələrlə müqavilələr bağlamaq imkanını təmin edir.

Hazırda BMT-nin 193 üzvündən 140-dən çoxu Fələstini tanıyır. 

Sentyabrın 22-də başlayacaq BMT Baş Assambleyasında Fransa, Portuqaliya, Belçika, Lüksemburq və Yeni Zelandiyanın da eyni addımı atacağı gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo