Ərdoğan: Türkiyə Qəzzada atəşkəsi monitorinq edəcək işçi qrupunda yer alacaq
Foto: Reuters
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS qruplaşması arasında əldə olunan Qəzzada atəşkəs razılaşması haqda danışıb.
Razılaşmadan məmnunluğunu ifadə edən Ərdoğan bildirib ki, Türkiyə atəşkəs sazişinin icrasına nəzarət edəcək işçi qrupunun tərkibində təmsil olunacaq.
Ərdoğan oktyabrın 9-da verdiyi bəyanatda, həmçinin, bildirib ki, ölkəsi Qəzzanın “yenidən ayağa qaldırılması üçün” bərpa işlərinə dəstək göstərəcək.
Türkiyə xarici işlər naziri Hakan Fidan da Fransada Qəzza mövzusunda keçirilən yüksək səviyyəli iclasdan sonra işçi qrupunun fəaliyyətinə dair açıqlama verib.
Fidan bildirib ki, əsasən vasitəçi ölkələrdən ibarət olacaq bu işçi qrupu “razılaşmanın müvafiq maddələrinin icrasında öz üzərinə düşən vəzifələri yerinə yetirəcək.”
"Hazırda müəyyən edilmiş vəzifələr yoxdur. Proses ərzində problemlər yaranacaq və bu problemlərə praktik cavablar tapılması üçün bu qrup da işə qoşulacaq", - o qeyd edib.
İşçi qrupunda Türkiyə ilə yanaşı, İsrail, ABŞ, Qətər və Misir də yer alacaq.
İsrail mediasında yayılan xəbərlərə görə, bu işçi qrupu ilk mərhələdə israilli ölü girovların cəsədlərinin tapılması üçün çalışacaq.
Qəzzaya nəzarət edən HƏMAS bildirib ki, iki il davam edən müharibə zamanı bəzi girovların cəsədləri itib.
İsrailin "Haaretz" qəzeti yazır ki, bu beş ölkə ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu işlərdə iştirak edəcək.
Ölü girovların axtarışını və sağ olanların mübadiləsini əhatə edən 72 saatlıq ilk mərhələ isə 10 oktyabr gecə saatlarında və ya növbəti günün səhəri başlayacaq.
Türkiyə sözügedən ölkələrlə birlikdə İsrail və HƏMAS arasında ABŞ prezidenti Donald Trampın təklif etdiyi 20 maddədən ibarət sülh planı üzrə danışıqların üçüncü mərhələsində iştirak etmişdi.
HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi “Aksa Tufanı” hücumlarında əksəriyyəti mülki şəxs olmaqla təxminən 1200 nəfəri öldürmüş və 250 nəfəri girov götürmüşdü.
İsrail bu hücumdan sonra Qəzzada genişmiqyaslı əməliyyat başlatmışdı.
Qəzzada səhiyyə rəsmilərinin məlumatına görə, iki illik müharibə zamanı təxminən 67 mindən çox fələstinli, o cümlədən təxminən 20 min uşaq öldürülüb.
Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən araşdırma komissiyası isə sentyabr ayında İsrailin Qəzzada fələstinlilərə qarşı “soyqırımı” törətdiyi qənaətinə gəlib.
İsrail isə bu ittihamları rədd edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"