Siyasət

“Zabil Qəhrəmanovun həbsi müstəqil vəkillərə qarşı yönəlmiş daha geniş hücumun növbəti mərhələsidir” 

29 Oktyabr, 2025
556

Foto: RFE/RL

Oktyabrın 23-də həbs edilən vəkil Zabil Qəhrəmanov ölkə ictimaiyyətində səs-küylü, siyasi motivli işlərə çıxması ilə tanınırdı. O, Tovuzda 11 yaşlı Nərmin Quliyevanın qətli işi üzrə təqsirləndirilən  İlkin Süleymanovun, həmçinin “Tərtər işi”ndə zərərçəkən şəxslərin vəkili qismində çıxış edib. 

Z.Qəhrəmanov, həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Əsasən Qərb bölgəsində yerli sakinlərin hüquqlarının müdafiəsi ilə tanınan Z.Qəhrəmanovun həbsi və ona qarşı açılan cinayət işi hüquq icmasında kəskin reaksiyaya səbəb oldu. Bir sıra həmkarları Z.Qəhrəmanova qarşı ittihamı gülünc adlandıraraq həbsi pislədi. 

“Zabil Qəhrəmanov birmənalı şəkildə siyasi məhbusdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, bu biabırçılığa nə zaman yox deyəcəksiniz?!  Zabilə qarşı çıxarılan qərar elə sizə qarşı çıxarılan qərardır… Hər kəsin bildiyi reallığa qara deməklə islahat olmur”, - deyə vəkil Aqil Layıc “Facebook” səhifəsində yazıb.

“Ağadadaş Ağayev küçədə balta ilə öz vəzifəsini icra edən şəxsə hücum etdi, daha sonra hücumunu yumruq və təpiklə davam etdirdi. Haqqında şikayət edildi, həbs edilmədi. Vəkil Zabil Qəhrəmanov isə hücumdan qorunmaq üçün qarşısındakının baldır hissəsinə bir təpik vurdu. Hadisədən 2 saat sonra haqqında müəmmalı şikayət edildi və həbs edildi”, - vəkil, Z.Qəhrəmanovun da müdafiəsinə qoşulan Babək Həmidov öz səhifəsində qeyd edib. 

Oktyabrın 25-də Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə Z.Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Vəkil Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Zabil Qəhrəmanovun saxlanılması xəbəri yayıldığı gün hökumətyönlü media orqanları onun guya xəsarət yetirməsi iddiasını əks etdirən videogörüntüləri paylaşmışdı. Lakin kadrlarda vəkilin mübahisə zamanı ona hücum etməyə cəhd edən şəxsə bir dəfə təpik zərbəsi endirdiyi aydın görünür.

A.Layıc bildirib ki, ittiham tərəfi Z.Qəhrəmanovun mübahisə etdiyi şəxsin qasıq, qarın və dirsək nahiyələrinə xəsarət yetirdiyini iddia edib. 

B.Həmidov “Toplum TV”-yə açıqlamasında deyib ki, məhkəmə xuliqanlıq və dələduzluq ittihamları ilə bağlı maddi əsasların olmadığı, olan əsasların isə cinayət predmeti təşkil etmədiyi halda ittiham tərəfinin təqdimatını qəbul edib. 

“Tərəfimizdən zərərçəkmişin dindirilməsi ilə bağlı vəsatət verildi. Zərərçəkənin Zabil bəylə üzləşdirmə zamanı dediklərinin əksəriyyəti müstəntiq tərəfindən protokola salınmayıb. Protokola salınan hissə isə onun ilkin ifadəsi ilə üst-üstə düşmürdü. Belə təzadlar və ziddiyətlər olduğuna görə məhkəmə zərərçəkmişi dinləməliydi, lakin vəsatətimiz təmin olunmadı. Həmçinin, hadisənin Gəncə şəhərində deyil, Göygöl rayonunda baş verdiyini, istintaqın ərazi aiddiyatına görə pozulmaqla aparıldığını bildirməyimizə baxmayaraq, məhkəmə bu fakta da qiymət vermədi”, - o qeyd edib. 

Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsi də Z.Qəhrəmanov haqqında həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Z.Qəhrəmanov həbsindən öncə vəkillik fəaliyyətindən də müvəqqəti məhrum olunub. Oktyabrın 8-də Vəkillər Kollegiyası onun fəaliyyətinin 6 aylıq dayandırılması haqqında qərar qəbul edib. 

Xəbərdə vəkilin “intizam pozuntusuna yol verdiyi” qeyd olunsa da, konkret səbəb açıqlanmayıb. Sosial şəbəkə istifadəçiləri isə onun polislər haqqında yazdığı qeydlərə görə bu cür cəzalandırıldığını iddia ediblər. 

Z.Qəhrəmanovun həbsi və fəaliyyətinin dayandırılmasından öncə həm Vəkillər Kollegiyasında, həm də Milli Məclisdə vəkillərin məhkəmə xaricində ictimai çıxışlar etməsilə bağlı müzakirələr baş tutub. 

İyulun 18-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni vəkillərin andiçmə mərasimində sosial şəbəkələrdə məhkəmə prosesini müzakirəyə çıxaran vəkillərin cəzalandırılmalı olduğunu deyib

Oktyabrın 10-da isə deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bəzi vəkillərin mətbuata çıxmasına etiraz edib: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi, kimliyindən asılı olmayaraq, hər kəsə tətbiq edilməlidir”. 

Daha əvvəllər də mətbuatda çıxışlarına görə cəzalandırılan vəkillər olub. 2017-ci ildə Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynovun vəkili Yalçın İmanov müvəkkilinə qarşı işgəncə hallarını ictimailəşdirdiyinə görə onun vəkillik fəaliyyətinə xitam verildi. Bu il oktyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Y.İmanovun ifadə azadlığının pozulduğu haqda qərar verib. 

2014-cü ildə isə vəkil Xalid Bağırov müdafiə etdiyi REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə prosesində “Azərbaycanda ədalət yoxdur” ifadəsini işlətdiyi üçün vəkillik fəaliyyətindən kənarlaşdırılıb.
2020-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi Bağırovun hüquqlarının pozulduğunu tanıyaraq, Azərbaycan hökumətinin ona təzminat ödəməsi barədə qərar qəbul edib.

Bu il oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə keçirilən prosesdə isə hakim Telman Hüseynov vəkil Rövşanə Rəhimlini Vəkillər Kollegiyasına şikayət edəcəyilə hədələyib.

Mövzu ilə bağlı “Toplum TV”-yə danışan vəkil Fariz Namazlı deyib ki, Z.Qəhrəmanovun həbsi “təkcə bir şəxsin azadlığının məhdudlaşdırılması deyil, müstəqil vəkillərə qarşı yönəlmiş, onların peşə müstəqilliyini və ifadə azadlığını hədəfə alan daha geniş hücumun növbəti mərhələsidir.”

 

“Bu hadisə bir vəkilin konkret işi ilə məhdudlaşmır. Bu, Azərbaycanda hüquq müdafiə sisteminin hansı vəziyyətə düşdüyünü, vəkillərin necə təzyiq altında fəaliyyət göstərdiyini açıq şəkildə göstərir. Əvvəllər də Azərbaycanda bir sıra vəkillər dələduzluq və digər formal ittihamlarla hədəfə alınıb. Lakin Zabil Qəhrəmanovun həbsi, xüsusilə, diqqətçəkəndir, çünki bu dəfə ittihamların kökündə onun müstəqil düşüncəsi, peşəkar fəaliyyəti və işlədiyi bölgədə hüquq-mühafizə orqanlarının qanunsuzluqlarına qarşı barışmaz mövqeyi dayanır. Bu səbəbdən onun həbsi açıq şəkildə siyasi motivli xarakter daşıyır”, - o qeyd edib. 

Vəkil bildirib ki, son bir il ərzində vəkillərin ictimai çıxışları, siyasi motivli işlərdə iştirakı və məhkəmə-istintaq orqanlarının fəaliyyətini tənqid etmələri ardıcıl şəkildə məhdudlaşdırılır. 

“Bu, təsadüfi deyil. Vəkillər Kollegiyasının rəhbərliyinin mövqeyi və Milli Məclisdə vəkillərin kütləvi informasiya vasitələrində çıxışlarının “tənzimlənməsi” ilə bağlı aparılan müzakirələr açıq şəkildə göstərir ki, məqsəd vəkillərin səsini nəzarət altına almaq, onların tənqidi fikirlərini boğmaqdır. Belə şəraitdə Zabil Qəhrəmanovun həbsi artıq sırf hüquqi məsələ kimi deyil, sistemdə təhlükəli presedent kimi qiymətləndirilməlidir. Çünki vəkilin təkcə peşə fəaliyyətinə, hüququn aliliyini müdafiə etdiyinə və hüquq-mühafizə orqanlarının qanunsuzluqlarına qarşı açıq danışdığına görə hədəfə alınması bütün vəkillər üçün mesajdır”, - o əlavə edib. 

Z.Qəhrəmanovun həbsi Azərbaycanda son iki ildə 30-a yaxın müstəqil jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsinin müxtəlif ittihamlarla həbs olunduğu dövrə təsadüf edir. “Bu gün jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri necə təzyiq altındadırsa, sabah eyni aqibət siyasi və ya həssas işlərdə iştirak edən vəkilləri də gözləyə bilər”, - F.Namazlı deyib. 

Hüquqşünas Emin Abbasov da “Facebook” səhifəsindəki paylaşımında yazıb ki, Vəkillər Kollegiyası “vəkillərə dövlət orqanlarının hüquqlarını və maraqlarını qorumaq öhdəliyi qoyacaq yeniliyi Milli Məclisdən keçirmək üçün əlləşir”.

“Xalqa və dövlətə xidmət və sədaqət ölkədə hüququn işləməsini sıradan çıxaran heç kimlə əlbir olmamaqdan keçir. Əks təqdirdə, vəkillər daim təhdid və təzyiq qorxusu altında qalacaqlar. Ola bilər ki, bəziləri mövcud əlaqələri, iş və çevrəsi baxımından müvəqqəti olaraq çox rahat vəziyyətdə olduqlarını düşünəcəklər, ancaq ümumilikdə vəkil peşəsi hüquqi və ictimai toxunulmazlığa malik olmadıqca, onun nüfuzuna hörmət, fəaliyyətinə də təminatlar olmayacaq. Bu toxunulmazlığı əldə etməyin ən kiçik, ən asan və sadə başlanğıcı isə yaltaqlığa son qoymaqla, haqsızlıqlara etiraz və bunu bacarmadıqda isə haqsızlıq edənlərlə əməkdaşlıq etməməkdən keçir. Bir çox oxşar vəziyyətdəki vəkil peşə birliklərinin keçdiyi tarixi yola nəzər yetirdikdə bunun çoxlu nümunələrini görmək olar”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo