Siyasət

OCCRP: Azərbaycan Belarusdan aldığı silahlarla erməni dronlarını məhv edib

28 Avqust, 2025
375

Foto: mod.gov.az

Azərbaycan Belarusdan aldığı havadan müdafiə sistemi ilə İkinci Qarabağ Müharibəsi zamanı erməni dronlarını məhv edib. 

Bu barədə Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) avqustun 26-da dərc etdiyi məlumatda bildirilir.

Xəbərə əsasən, Belarusun özəl silah istehsalçısı olan "Tetraedr" şirkəti Azərbaycanı zenit-raket sistemlərini modernləşdirməyə imkan verən avadanlıq və xidmətlərlə təmin edib. Bu məlumat OCCRP və tərəfdaşları – Ermənistanda "Hetq" saytı və mühacirətdə olan belaruslu jurnalistlərin yaratdığı "Buro Media" tərəfindən əldə edilən, şirkətə məxsus eksklüziv fayllarda öz əksini tapıb. 

"Tetraedr"in bir daxili hesabatında qeyd olunur ki, Azərbaycan tərəfindən alınan hava hücumundan müdafiə sistemi 44 günlük müharibə zamanı Ermənistan dronlarının məhv edilməsində “fəal şəkildə istifadə olunub”. Hesabatda şirkətin "Pechora-2TM" zenit-raket komplekslərinin 11 pilotsuz uçuş aparatını vurduğu göstərilir. 

Sızdırılmış sənədlər göstərir ki, "Tetraedr" ən az 16 müqavilə imzalayaraq Azərbaycanın ordusuna təchizat və dəstək göstərib. Bunlara 2017-ci ilin oktyabrında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Belarusun paytaxtı Minskə səfəri zamanı imzalanmış, ümumi dəyəri 13 milyon dollardan artıq olan iki müqavilə daxildir. Bu müqavilələr "Pechora-2TM" sistemlərinin təmiri, texniki xidməti və dəstəyini əhatə edib. 

Bu müqavilələrin ən azı doqquzunda "Tetraedr"in birbaşa tərəfdaşı Azərbaycan Müdafiə Nazirliyi yox, Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş özəl vasitəçi şirkət — "N.P.O. Navigation Systems" olub.

OCCRP bildirir ki, vasitəçi şirkətlərdən istifadə beynəlxalq silah ticarətində adi hal sayılır və qanunsuz deyil. "Amma ekspertlər xəbərdarlıq edirlər ki, müqavilələrin ofşor şirkətlər üzərindən keçirilməsi korrupsiya riskini artırır", - xəbərdə deyilir. 

“Silah ticarətində nə qədər çox gizlilik və qeyri-şəffaflıq  mövcuddursa, korrupsiyalaşmış məmurların şəxsi qazanc əldə etmə imkanları da bir o qədər artır,” — Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun silah transferləri üzrə aparıcı tədqiqatçısı Piter Vezeman bildirib.

Britaniyanın Virgin adaları gizlilik yurisdiksiyası kimi tanınır və orada şirkətlərin sahibləri açıq şəkildə qeyd edilmir. Lakin OCCRP-nin daha əvvəl aşkar etdiyi "Pandora Papers" ofşor sənədləri "N.P.O. Navigation Systems" şirkətinin mülkiyyət tarixini qismən üzə çıxarır.

Məlumatlara görə, 2006–2020-ci illər arasında şirkətin sahibi başqa bir Britaniya Virgin adaları şirkəti — "Sotel Alliance Ltd." olub. Sənədlərdə yalnız 2016-cı ilin dekabrına aid benefisiar sahiblər göstərilir: azərbaycanlı iş adamları Fuad Seyidəliyev və Arif Rəhimov.

Seyidəliyev və Rəhimov hər ikisi Azərbaycan ordusu ilə işləyən, o cümlədən "Tetraedr" ilə birgə müəssisə yaradan "Azairtechservice" şirkətinin hüquqi nümayəndələri və yüksək vəzifəli rəhbərləri kimi fəaliyyət göstəriblər. (Şirkətin adı sonradan "Esis Technologies" olaraq dəyişdirilib.)

2020-ci ilin əvvəlində "N.P.O. Navigation Systems" üzərinə nəzarət, sənədlərdə Seyidəliyev və Rəhimovun etibarlı nümayəndəsi kimi təsvir edilən başqa bir şəxsə keçib. İki ay sonra isə şirkətin direktoru olmuş İsrail vətəndaşı David Sutovskiyə ötürülüb.

"N.P.O. Navigation Systems" OCCRP-nin şərh sorğusuna cavab verməyib. Rəhimov və Sutovski də eyni qaydada cavablandırmayıblar.

Ermənistan və Azərbaycan müdafiə nazirlikləri də OCCRP-nin suallarına cavab verməyib. 

İndiyədək Azərbaycanın 2020-ci ilin payızında baş tutan müharibədə Türkiyənin "Bayraktar" və İsrailin "Harop" dronlarından istifadə etdiyi məlum idi. 

Belarus prezidenti Aleksandr Lukaşenko daha öncə Azərbaycanın apardığı 44 günlük müharibəni "azadlıq müharibəsi" kimi qiymətləndirib, İlham Əliyevi tərifləyib. 

Buna cavab olaraq, Ermənistan baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyətdə olduğu müddətdə Belarusa səfər etməyəcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo