Siyasət

Tramp Qəzzada müharibəni dayandırmaq üçün 20 maddəlik plan təklif edib 

30 Sentyabr, 2025
319

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında apardığı müharibəni sonlandırmaq üçün 20 maddədən ibarət plan təqdim edib.

Sentyabrın 29-da Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahunu qəbul edən Tramp planını ictimaiyyətə açıqlayıb və tərəfləri onu qəbul etməyə çağırıb. 

Netanyahu İsrailin planı qəbul etdiyini açıqlayıb. Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması isə planı nəzərdən keçirdiklərini bildirib. 

Planda atəşkəsin dərhal qüvvəyə minməsi, humanitar yardım və əsir mübadiləsindən başqa Qəzzanın bundan sonrakı dövrdə idarəetməsi üçün də maddələr yer alıb. 

Plana əsasən, HƏMAS zolağın idarəetməsində yer ala bilməz. Qruplaşma həm idarəçilikdən getməli, həm də tərk-silah olunmalıdır. Lakin silahını yerə qoyacaq HƏMAS üzvləri üçün amnistiya, habelə Qəzzadan çıxışa icazə nəzərdə tutulub. 

Əvəzində isə Qəzzanı fələstinli və beynəlxalq ekspertlərdən ibarət müvəqqəti komitənin idarə edəcəyi planlaşdırılır. Bu komitəyə isə sıralarında Tramp və keçmiş Britaniya baş naziri Toni Bleyr də olan "Sülh Şurası"nın nəzarət edəcəyi bildirilir. 

"Bu qurum, [Qərb Sahilinə nəzarət edən] Fələstin Administrasiyası 2020-ci ildə Prezident Trampın təklif etdiyi sülh planı və yeni Səudiyyə-Fransa təklifi də daxil olmaqla müxtəlif təkliflərdə qeyd olunan islahat proqramını başa çatdırana qədər Qəzzanın bərpası üçün çərçivəni müəyyən edəcək və maliyyələşməni idarə edəcək. Bu qurum, Qəzza xalqına xidmət edən, investisiyaların cəlbinə şərait yaradan müasir və səmərəli idarəetmə yaratmaq üçün ən yaxşı beynəlxalq standartlara əsaslanacaq", - deyə qeyd olunub. 

Planda, həmçinin, Qəzza əhalisinin zolağı tərk etməyə məcbur edilməyəcəyi vurğulanır, lakin tərk etmək istəyənlərə şərait yaradılacağı qeyd olunur. 

Zolaqda təhlükəsizliyin təmini üçün beynəlxalq qoşunun müvəqqəti yeridiləcəyi də bildirilir. 

"ABŞ Qəzzaya dərhal yerləşdiriləcək müvəqqəti Beynəlxalq Sabitləşdirmə Qüvvəsi (BSQ) yaratmaq üçün ərəb və beynəlxalq tərəfdaşlarla işləyəcək. BSQ Qəzzada yoxlamadan keçmiş Fələstin polis qüvvələrini təlimləndirəcək və dəstəkləyəcək, həmçinin bu sahədə geniş təcrübəyə malik olan İordaniya və Misirlə məsləhətləşəcək. Bu qüvvə uzunmüddətli daxili təhlükəsizlik həlli olacaq. BSQ yeni təlim keçmiş Fələstin polis qüvvələri ilə birlikdə sərhəd zonalarını qorumağa kömək etmək üçün İsrail və Misirlə işləyəcək. Qəzzaya sursatın daxil olmasının qarşısını almaq və Qəzzanın yenidən qurulması və canlandırılması üçün malların sürətli və təhlükəsiz axınını təmin etmək həyati əhəmiyyət daşıyır. Tərəflər arasında qarşıdurmanın qarşısını alma mexanizmi razılaşdırılacaq", - deyə əlavə olunub. 

Növbəti maddədə İsrailin Qəzzanı işğal və ya ilhaq etməyəcəyi vurğulanıb. Hazırda Qəzzada olan İsrail qüvvələrinin isə BSQ yerləşdirildikdən sonra mərhələli şəkildə geri çəkilməsi nəzərdə tutulub. 

Planda Fələstin dövləti tanınmasa da, islahatlardan sonra yaranacaq şəraitin Fələstin xalqının "arzusu kimi gördüyümüz fələstinlilərin öz müqəddəratını təyinetməsi və dövlət qurması üçün etibarlı bir yolun yaranmasına imkan verə biləcəyi" qeyd olunub. 

Azərbaycan da daxil olmaqla bir sıra ölkələr planı alqışla qarşıladıqlarını bəyan ediblər. 

2023-cü ilin oktyabrından İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər 60,000-dən çox fələstinli öldürülüb. Onların 20,000-ə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo