Sosial

Azərbaycan regionlarında əhali azalır: Rəsmi rəqəmlərin gizlədə bilmədiyi reallıq

11 Yanvar, 2026
224

Foto: Qusar İH

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 5 ildə (2019–2024-cü illər) Azərbaycan əhalisi cəmi 2,3 faiz və ya 243 min nəfər artıb. Bu isə həmin dövrdə orta illik əhali artımının 0,5 faizdən də aşağı olduğunu göstərir. Halbuki 2000–2010-cu illərdə orta illik artım 1,2 faiz, 2010–2020-ci illərdə isə 1,1 faiz təşkil edib. Beləliklə, mövcud artım tempi əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə zəifləyib.

Ölkə üzrə ümumi əhali sayı zəif templə artsa da, bir sıra regionlarda əks proses - əhalinin azalması müşahidə olunur. Xüsusilə diqqətçəkən məqam odur ki, ən ciddi azalma işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb.

Qarabağ iqtisadi rayonunda Ağdərə rayonunun yenidən təşkili nəticəsində 2024-cü ildə bu rayon üzrə ilk dəfə 12 min nəfər əhali qeydə alınıb. Lakin ərazilərinin və əhalisinin bir hissəsi Ağdərəyə keçən Kəlbəcər, Ağdam və Tərtər rayonlarında son 5 ildə əhali sayı ümumilikdə 75 min nəfər və ya təxminən 20 faiz azalaraq 325 min nəfərə düşüb. Bu azalmanın yalnız 12 min nəfəri inzibati dəyişikliklə bağlıdır. Deməli, adıçəkilən rayonlarda 20 faizə yaxın əhali azalmasının əsas səbəbləri başqa amillərlə əlaqəlidir.

Qarabağ regionuna daxil olan Şuşa rayonunda vəziyyət daha dramatikdir: analiz edilən dövrdə rayonun əhalisi 27 faiz və ya təxminən 10 min nəfər azalıb.

Əhali azalması Şərqi Zəngəzur iqtisadi rayonundan da yan keçməyib. 2019–2024-cü illərdə bu regionda əhali sayı 11 faiz və ya 35,3 min nəfər azalıb. Ümumilikdə, uzun illər işğal altında olmuş keçmiş Dağlıq Qarabağ ərazisinə aid inzibati vahidlərdə və indiki Şərqi Zəngəzur iqtisadi rayonunda 2019-cu ilin əvvəlində 588 min nəfər əhali qeydə alındığı halda, hazırda bu göstərici 372 min nəfərə düşüb. Bu isə 5 il ərzində 216 min nəfər və ya təxminən 40 faizlik azalma deməkdir.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əhalinin 5 illik dinamikası belədir:

• Kəlbəcər – 21 min nəfər və ya 23 faiz azalma

• Zəngilan – 2,2 min nəfər və ya 11 faiz azalma

• Qubadlı – 3,8 min nəfər və ya 9 faiz azalma

• Laçın – 1,6 min nəfər və ya 2,1 faiz azalma

2019–2024-cü illərdə əhalisi azalan digər inzibati ərazilər bunlardır: Naftalan şəhəri - 16 faiz (1,6 min nəfər), Daşkəsən - 5 faiz (1,7 min nəfər), Ucar - 4 faiz (3 min nəfər), Mingəçevir - 2 faiz (2,3 min nəfər), Cəlilabad - 2 faiz (3,2 min nəfər), Ağdaş - 2 faiz (2,3 min nəfər), Xaçmaz - 1,5 faiz (2,7 min nəfər), Ağstafa - 1,5 faiz (1,2 min nəfər), Qazax - 1 faiz (1,1 min nəfər), Şabran - 1 faiz (0,2 min nəfər), Şəki - 1 faiz (1,8 min nəfər), Gəncə - 1 faiz (3 min nəfər), Şirvan -1 faiz (0,8 min nəfər), Neftçala - 0,5 faiz (0,4 min nəfər).

Lənkəran, Masallı, Samux və Oğuz rayonlarında isə həmin dövrdə əhali sayı demək olar ki, dəyişməyib.

Regionlarda əhalinin azalmasının əsas səbəblərindən biri insanların kütləvi şəkildə Abşeron yarımadasına köç etməsidir. Rəsmi statistikada Bakı şəhərində əhalinin sayında ciddi artım görünməsə də, Abşeron rayonu və Sumqayıt şəhərində kəskin artım qeydə alınıb. Belə ki, 2019–2024-cü illərdə Bakıda qeydiyyatda olan əhali cəmi 74 min nəfər (3 faiz) artdığı halda, Abşeron rayonunda 220 min nəfər (104 faiz), Sumqayıt şəhərində isə 85 min nəfər (25 faiz) artım olub.

Bu fakt göstərir ki, regionlarda rəsmi qeydiyyatda olan əhalinin əsas “ünvanı” məhz Abşeron rayonu və Sumqayıt şəhəri olub. Lakin müstəqil ekspertlər hesab edirlər ki, rəsmi qeydiyyat ölkədaxili miqrasiyanın real miqyasını tam əks etdirmir. Onların fikrincə, hazırda ölkə əhalisinin azı 45 faizi Bakı və Abşeron yarımadasında yaşayır, rəsmi statistikada isə bu göstərici təxminən 30 faiz göstərilir.

Bununla yanaşı, regionlarda əhalinin azalması təkcə miqrasiya ilə izah olunmur. Son 5 ildə ölkədə təbii artımın zəifləməsi nəticəsində orta illik əhali artım tempi də təxminən dörd dəfə azalıb. Rəsmi statistikaya görə, 2019–2024-cü illərdə Azərbaycanda hər 10 min nəfərə düşən təbii artım 86 nəfərdən 42 nəfərə enib. Abşeron rayonunda isə bu göstərici ölkə üzrə orta səviyyədən iki dəfə aşağı olub - hər 10 min nəfərə təxminən 20 nəfər.

Belə şəraitdə Abşeron rayonunda əhalinin qısa müddətdə iki dəfədən çox artması yalnız regionlardan kütləvi köç hesabına mümkün olub. Nəticədə, bölgələrdə daimi yaşayan əhalinin azalmasını artıq rəsmi statistika da gizlədə bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əli Kərimli: "Ümid edirəm ki, Ceyms Vens Əliyevlə görüşdə insan haqlarını müzakirə edəcək" 

28 Yanvar 2026

Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ABŞ vitse-prezidenti Ceyms Vensin fevralda Azərbaycana rəsmi səfər edəcəyi xəbərinə münasibət bildirib.  Partiya sədrinin sosial media hesabında dərc olunan müraciətdə o, Vensin səfərini "çox mühüm hadisə" kimi qiymətləndirib.  "Şübhəsiz ki, bu səfər bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verəcək, digər tərəfdən TRIPP marşrutunun reallaşmasını sürətləndirəcək. Eyni zamanda, Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması gözlənilir ki, bu da mənim təqdir etdiyim məsələdir. Bizim partiya proqramımızda da nəzərdə tutulub ki, Azərbaycanla ABŞ nəinki strateji tərəfdaş, hətta müttəfiq olsunlar", - o qeyd edib.  Bununla belə, Ə.Kərimli...
Sosial

Nazirin “tam ştatlı müəllim” layihəsi: “Köhnə modeli mütərəqqi sistem kimi tətbiq etmək istəyir”

27 Noyabr 2025

Foto: açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 17-də jurnalistlərə açıqlamasında orta məktəb müəllimlərini tam ştata keçirmək haqda layihədən danışdı.  Nazir bildirdi ki, layihə hələ konsept olaraq hazırlanmaqdadır və ən tez 2027-ci ilin sentyabrından tətbiq oluna bilər: “Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin. Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqından azı iki dəfə yüksək olmalıdır. Bu gün müəllim öz əməkhaqqını artırmaq üçün daha çox dərs deməlidi ki, bu da doğru deyil.” Nazirin açıqlaması sosial şəbəkələrdə, xüsusilə müəllimlər arasında...

Seçilmiş Videolar

Toplum TV loqo