Yevlax sakini: “Adamlar işsiz kimi qeydiyyata alındıqları növbələrdə qocalır”
Dma.gov.az
Özünəməşğulluq proqramına bir evdən bir nəfər qoşula bilər?
Sərvər Mahmudov Yevlaxın Malbinəsi kənd sakinidir. Onun dediyinə görə, həyat yoldaşı Nərgiz Mahmudova 2020-ci ildə Yevlaxın Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınıb. İki il gözləyəndən sonra Nərgiz Mahmudova təkrar Mərkəzə müraciət edəndə ona sənədlərinin itdiyi bildirilib və işsiz kimi təkrar qeydiyyata alınıb. Bu dəfə Mahmudovaya Özünəməşğulluq Proqramına qoşulmaq təklif edilib, o da razılaşıb. Üstündən daha iki il keçib və nəhayət, bu ilin sentyabrında onunla əlaqə saxlayıblar. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri xırdabuynuzlu heyvanlarla təmin etmək üçün yaşadığı ünvana şəraiti yoxlamağa da gəliblər. Elə həmin vaxt xanımı kurslara dəvət ediblər. Ancaq Nərgiz Mahmudova cəmi 4 gün kursa gedib. Ona deyilib ki, həyat yoldaşı 2019-cu ildə özünəməşğulluq aktivləri ilə təmin olunduğuna görə o, özünəməşğulluq proqramına qoşula bilməz.
“Belə çıxır ki, mən işləyirəm, yoldaşım işləməməlidir?”
Həyat yoldaşı Sərvər Mahmudov isə bu yanaşma ilə razılaşmır: “Vətəndaş 4 il işsiz kimi qeydiyyatda olur, oturub ümidlə gözləyir ki, nə vaxtsa dövlət onu işlə təmin edəcək, dövlətin məmuru da 4 ildən sonra çağırıb onunla belə davranır. Bu, vətəndaşı ələ salmaqdır. Yevlax Məşğulluq Mərkəzinin müdiri mənə zəng vurub deyəndə ki, sizin həyat yoldaşınızı kurslardan kənarlaşdırırıq, soruşdum, hansı əsasla? Bildirdi ki, Özünəməşğulluq Proqramına hər ailədən bir nəfər qoşula bilər. Dedim, ailənin bütün üzvləri işləməlidir ya yox? Belə çıxır ki, mən işləyirəm, yoldaşım işləməməlidir? Ailədən təkcə mən işləyirəm, 345 manat maaş alıram. Ailənin iş qabiliyyəti olan bütün üzvləri işləməlidir, yoldaşım 4 ildir işsiz kimi qeydiyyatdadır, işlə təmin edin. Adamlar işsiz kimi qeydiyyata alındıqları növbələrdə qocalır, axırda da belə ələ salırlar”.
Sərvər Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi”nə şikayət edib. Ona bildirilib ki, həyat yoldaşının kurslardan kənarlaşdırılması qanunsuzdur və təkrar müraciət etsin. Təkrar müraciət ediblər və eyni cavabı alıblar.
“Mərkəzi Aran Regional Məşğulluq Filialının müdir müavini Zahir Qədirlinin imzası ilə həyat yoldaşıma gələn məktubda yazılıb ki, həyat yoldaşınız Sərvər Mahmudov 2019-cu ilin avqustunda kənd təsərrüfatı üzrə aktivlərlə təmin olunduğuna görə siz kurslardan kənarlaşdırılmısız. Dövlət qurumunun adından vətəndaşa göndərdikləri məktubda bircə cümləylə kifayətləniblər. Nə qanunla əsaslandırıblar, nə qanunun bəndlərini qeyd ediblər. Hansı qanunun hansı bəndinə görə olmaz? Mən vətəndaşam, qanunu əzbərləmək kimi öhdəliyim yoxdur, axı sən dövlətin adından yazırsansa dövlətin qanunlarıyla əsaslandırmalısan”.
Rəsmi qurum: “Vətəndaşın təhrif olunmuş məlumat verdiyi üzə çıxıb”
Mərkəzi Aran Regional Məşğulluq Filialından bildirilib ki, özünəməşğulluq proqramına qoşulmaq üçün müraciət edən Nərgiz Mahmudova ilə danışıqlar aparılıb.
“O, qoyunçuluq təsərrüfatı ilə məşğul olmaq istədiyini bildirib. Vətəndaşa izah olunub ki, Məşğulluq Haqqında Qanunun 24-cü maddəsinə əsasən, kənd təsərrüfatına yararlı torpaq payı olan işsiz vətəndaş özünəməşğulluq proqramına cəlb oluna bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, işsiz və işaxtaran şəxs üçün özünəməşğulluq istiqaməti üzrə şəxsin təcrübəsi, peşəsi, məşğulluq tarixçəsi, maddi, rifahı, şəraitin özünəməşğlluğa cəlb edilməyə uyğunluğu nəzərə alınır. Özünəməşğulluğun təşkili üçün şəraitin qiymətləndirilməsi zamanı vətəndaşın təhrif olunmuş məlumat verdiyi üzə çıxıb”, - qurumdan verilən cavabda belə deyilir.
N.Mahmudova hansı məlumatı təhrif edilmiş şəkildə çatdırıb, rəsmi qurumdan bu haqda heç nə deyilmir. Amma onun aktiv məşğulluq tədbirlərinə cəlb olunması üçün Yevlax Məşğulluq Mərkəzinə təkrar müraciət edə biləcəyini qeyd ediblər.
Hüquqşünas: “Qanun həm fərdi, həm də ailə şəklində özünəməşğulluq proqramına qoşulmağa imkan verir”
Hüquqşünas Namizəd Səfərov deyir ki, Nazirlər Kabinetinin 2023-cü ildə təsddiqlədiyi Özünəməşğulluğun Təşkili Qaydalarına görə, Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
“Gördüyünüz kimi, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarda da “eyni ailənin bir neçə üzvü cəlb edilə bilməz” kimi qeyd yoxdur”, hüquqşünas bildirib.
Namizəd Səfərovun qənaətincə, belə mübahisələrin ortaya çıxmasına səbəb özünənməşğulluqla bağlı qanundakı boşluqlardır: “Özünüməşğulluq, “Məşğulluq haqqında” Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Həmin Qanunda qeyd olunur ki, Özünəməşğulluq Proqramına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli qurumlarına və DOST Mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb oluna bilər. Eyni zamanda mülkiyyətində pay torpağı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər də bu proqramdan yararlana bilər. Yenə də eyni Qanunun eyni bəndində qeyd olunur ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir”.
Hüquqşünas qanunvericliyin həm fərdi, həm də ailə şəklində özünəməşğulluq proqramına qoşulmağa imkan verdiyini vurğulayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
axar.az
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub