İqtisadiyyat

Azərbaycanda inflyasiyanın 6%-ə çatması “hökumət üçün həyəcan təbilidir”

11 Aprel, 2025
31

açıq mənbədən götürülüb

Azərbaycanda 2025-ci ilin mart ayı üzrə inflyasiya 5.9%-ə çatıb. 

Fevralda isə illik inflyasiya 5.5 faiz səviyyəsində idi.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, 2024-cü ilin mart ayı ilə müqayisədə, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 6.5 faiz, qeyri-qida məhsullarında 2.8 faiz, ödənişli xidmətlərdə isə 7.5 faiz artım müşahidə olunub. 

Mərkəzi Bank ötən ilin mayından bəri pul kredit siyasətində inflyasiya hədəfini dəyişməyib. 

İnflyasiya faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi 8.25%, uçot faiz dərəcəsi isə 7.25% müəyyən edilib. 

İqtisadçılar sürətlənən inflyasiyanı ötən il benzin və dizelin və bu ilin yanvarından elektrik enerjisi və qazın qiymətinin artırılması ilə izah edirlər. Belə ki, bu kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, saxlanması və daşınması xərclərini artırır. 

İnflyasiyanı dolayı yolla daha da sürətləndirə biləcək amillərdən biri isə dünya bazarında neftin qiymətinin düşməsidir. 

Azərbaycan iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərindən asılı olduğuna görə, bu, ölkənin büdcə gəlirlərinin azalmasına, o da öz növbəsində manatın dəyərdən düşməsinə səbəb ola bilər. Bu baş verdikdə isə idxal malları bahalaşır və inflyasiya sürətlənir. 

Aprelin 10-una olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 60 ABŞ dollarına düşüb.

Bu, son bir ayda 31%, bir həftədə isə 20% azalmadır. 

Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsini hazırlayarkən neftin qiymətini baza ssenari üçün 70 dollar səviyyəsində hesablayıb.

Neftin qiyməti hazırkı tempdə qalmağa davam edərsə, hökumət ya xərcləri azaltmalı, ya da Neft Fondundan büdcəyə transferlər etməlidir. 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Tahir Mirkişili “Sfera.az” saytına bildirib ki, verilən proqnozlar əsasında hazırda dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür.

“Bu ilin 1-ci rübünün dövlət büdcəsinin icra göstəriciləri göstərir ki, hazırda dövlət büdcəsində 1.6 milyard manatlıq profisit var. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcəkdir”, o deyib. 

İqtisadçılar isə düşünür ki, bu, hökumət üçün həyəcan təbilidir. 

İqtisadçı və Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli düşünür ki, neftin qiymətinin hətta 60 dollardan aşağı həddə sabitləşməsi yüksək ehtimaldır. 

“Bu, Azərbaycan iqtisadiyyatında problemlər yaradacaq. Hökumət bunu anlamalıdır. Bu fəlakətin gələcəyini gözləmədən addımlar atmalıdır ki, Azərbaycanda normal iqtisadi mühit yaransın. İnsana pis təsir edir ki, Orta Asiya ölkələrinə belə daha çox xarici investor üz tutur. Halbuki Azərbaycanın daha böyük potensialı, loqistik, coğrafi və əhali üstünlüyü var”, o, “Facebook” səhifəsində qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycan neft ucuzlaşdığı üçün pul itirir

10 Aprel 2025

açıq mənbədən götürülüb

Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub. Sonuncu dəfə neft 65 dollardan aşağı 2021-ci ilin avqustunda satılmışdı. Azərbaycanın dövlət büdcəsində 2025-ci il üçün neftin bir bareli 70 dollar səviyyəsində nəzərdə tutulub. İqtisadçı Aydın Allahverdi bunu barədə “YeniAvaz”a belə şərh edib: "Hazırda Azərbaycan nefti büdcədə nəzərdə tutulan qiymətdən 6 dollar ucuz satılır. Bu o deməkdir ki, Azərbaycan hər gün təxminən 5 milyon dollar itirir. Bu ilin yanvar ayında Azərbaycan 25 milyon bareldən çox neft ixrac edib. Günlük neft ixracı orta hesabla 830 min barel təşkil edir”, o deyib Digər...
İqtisadiyyat

Trampın tarifləri dünya iqtisadiyyatına necə təsir edir?

9 Aprel 2025

Euronews.com

ABŞ Prezidenti Donald Trampın aprelin 2-də elan etdiyi yüksək səviyyəli tariflər bu gündən qüvvəyə minir. Amma onlar hətta qüvvəyə minməmişdən dünya iqtisadiyyatına təsir etməyə başlayıblar.  Yüksək səviyyəli tariflərə Çin məhsullarına qoyulan 104, Kambodiya məhsullarına 49, Vietnam məhsullarına isə 46 faizlik tariflər daxildir.  Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara isə 20 faizlik tarif tətbiq olunacaq.  Əksər ölkələrə isə minimum 10 faizlik tariflər tətbiq olunub və aprelin 5-dən qüvvəyə minib.  Tarif tətbiq edilən ölkələr siyahısında Antraktika yaxınlığında yerləşən və pinqvinlərin məskunlaşdığı Herd və Mkdonald adalarının da olması gülüşə səbəb olub.  Sosial media istifadəçiləri sarkazmla pinqvinlərin amerikalı vergi ödəyicilərini soyduğunu, onların qarşısını almaq...

Seçilmiş Videolar

Toplum TV loqo