DSK minik avtomobillərinin qiymətinin artmadığını, Gömrük Komitəsi idxalın 13% bahalandığını deyir
açıq mənbədən götürülüb
Dövlət Statistika Komitəsinin qiymət müşahidəsilə bağlı hesabatına görə (noyabr 2024), son bir ildə minik avtomobillərinin qiyməti cəmi 0,6% artıb - 2023-cü ilin noyabrında bir minik avtomobilinin orta dəyəri 39,77 min manat olmuşdusa, tam bir il sonra həmin məbləğ 40,02 min manat təşkil edib. Amma diqqət çəkən vacib bir məqam var - ölkəyə xaricdən gətirilən minik avtomobillərinin idxal dəyəri 13,3% artıb.
Qeyd oluna bilər ki, bəlkə, doğrudan da, insanların bir-birinə satdığı köhnə, ikinci əl maşınlara tələbat getdikcə azaldığı üçün onların qiyməti da ucuzlaşır və bu amil orta qiymət artımına təsir edir. Amma məsələ burasındadır ki, inflyasiya ölçümündə yalnız rəsmi satış və diler mərkəzlərində satılan maşınların qiyməti nəzərə alınır. Belə satış şəbəkələrində realizə olunan maşınların əhəmiyyətli hissəsi isə idxal edilən avtomobillər olur. Elə ayrı-ayrı vətəndaşlardan alınaraq ikinci əl kimi satılan maşınlar da sınıq-salxaq, ucuz avtomobillər olmur və onların da qiymətini əsasən idxal qiymətləri formalaşdırır.
Gömrük Komitəsinin statistikasına görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycana 1,377 milyard dollar dəyərində 81,8 min ədəd minik avtomobili idxal edilib. Bu isə bir avtomobilin orta idxal dəyərinin 16,8 min dollar və ya həmin dövrün məzənnəsilə 28,8 min manat təşkil etdiyini göstərir. Yola saldığımız 2024-cü ilin eyni dövründə isə ümumi dəyəri 1,418 milyard dollar olan 74,3 min minik avtmobilinin idxal edildiyi bildirilir. Bu, bir avtomobilin orta idxal dəyərinin 19,1 min dollar (32,5 min manat) olması deməkdir. Deməli, bir il ərzində minik avtomobillərinin orta idxal dəyəri 3,7 min manat və ya 13% bahalanıb.
Müntəzəm olaraq ortaya çıxan bu tip faktlar müstəqil ekspertlərin rəsmi inflyasiya göstəricisinə şübhələrini artırır.
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 22,7 min ədəd hibrid avtomobil (ümumi dəyəri 600,8 milyon dollar), 2,9 min ədəd elektromobil (ümumi dəyəri 114,8 milyon dollar), 48,8 min ədəd ənənəvi yanacaqla işləyən minik avtomobili (ümumi dəyəri 702,4 milyon dollar) idxal olunub. Orta hesabla 1 avtomobilin idxal dəyəri hibridlər üzrə 26,5 min dollar, elektromobillər üzrə 40 min dollar, ənənəvi yanacaqla işləyən minik avtomobilləri üzrə 14,4 min dollar təşkil edib.
2023-cü ilin eyni dövründə 12,8 min ədəd hibrid (ümumi dəyəri 332,4 milyon dollar), 2,7 min ədəd elektromobil (ümumi dəyəri 111 milyon dollar), 66,4 min ədəd ənənvi yanacaqla işləyən minik avtomobilləri (ümumi dəyəri 934 milyon dollar) idxal olunub. Orta hesabla bir avtomobilin idxal dəyəri hibridlər üzrə 25,9 min dollar, elektromobillər üzrə 40,5 min dollar, ənənəvi yanacaqla işləyən minik avtomobilləri üzrə 14 min dollar təşkil edib.
Rəqəmlərdən göründüyü kimi, hibrid maşınlarının idxal dəyəri 2,3%, ənənəvi yanacaqla işləyənlərin idxal dəyəri isə 10% bahalanıb, elektromobillərin idxal dəyəri 1,2% ucuzlaşıb.
Başqa bir maraqlı məqam odur ki, son bir ildə minik avtomobillərinin idxalında hibrid və elektrikli maşınların xüsusi çəkisi 19%-dən 34,5%-ə yüksəlib.
"Toplum TV"
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Kasıb Gürcüstanın avtomobil parkı zəngin Azərbaycanın parkından daha yaxşı vəziyyətdədir
Report.az
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?