İqtisadiyyat

Mərkəzi Bank kreditlərin artmasından niyə narahatdır?

7 Yanvar, 2025
102

açıq mənbədən götürülüb

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının məcmu kapitalının dolayı yolla artırılmasını nəzərdə tutan yeni normativ müəyyən edib. Məcmu kapital bank sahibləri və səhmdarlarının vəsaitidir, müflisləşmə təhlükəsi yarandığı halda bankların öhdəliklərini yerinə yetirməsi üçün nəzərdə tutulub. 

Hazırda hər bir bankın məcmu kapitalının 50 milyon manatdan az olmasına yol verilmir. Lakin qanunvericiliyin başqa bir tələbinə görə, bankların məcmu kapitalının onların müxtəlif risk dərəcələrinə malik aktivlərinə nisbəti 10%-dən, o cümlədən iri banklar üçün 12%-dən az olmamalıdır. Bu o deməkdir ki, məsələn, bir iri bankın aktivlərinin məbləği 1 milyard manatdırsa, onun məcmu kapitalı 120 milyon manatdan az ola bilməz.

Amma Mərkəzi Bank kreditlərin həcminin sürətlə artdığı dövrdə bankların riskləri daha yaxşı qarşılaya bilməsi üçün onlara bu göstəricidən yüksək izafi kapital norması - kapital buferi də müəyyən edib. İndiyədək bu norma 2,5%-ə qədər idi. Yanvarın 6-da verdiyi qərarla Mərkəzi Bank əlavə 0,5% kapital buferi müəyyən edib. Yəni iri banklar aktivlərinin 12%-dən əlavə 3%-dək, orta və kiçik ölçülü banklar isə 13% (10%+3%) kapital ehtiyatına sahib olmalıdırlar. 

Burda “bufer” anlayışını sözün birbaşa mənasında elə “zərbənin təsirini azaldan qoruyucu” kimi başa düşmək lazımdır. Yəni tətbiq olunan yeni norma banklar üçün “təhlükəsizlik yastığı” funksiyasını yerinə yetirməlidir. Yenə də yuxarıdakı nümunəyə qayıtsaq, hazrda 1 milyard manat aktivi və 120 milyon manat məcmu kapitalı olan iri bank əlavə 30 milyon manat da “kapital buferi”nə sahib olmalıdır.

 

Mərkəzi Bankın rəsmi açıqlaması və onun pərdəarxası

Mövcud qanunvericiliyə görə, “kredit açığı” göstəricisi 2%-i ötdüyü halda iqtisadi qeyri-sabitliyə qarşı “kapital buferi” tətbiq edilməlidir. 

“Kredit açığı” göstəricisi 10 illik zaman intervalında cəmi kredit portfelinin ÜDM-ə nisbətinə əsaslanır və dövr üzrə ortalama göstərici ilə ən son  göstərici arasında fərq 2% səviyyəsində olmalıdır. Bankın açıqlamasında qeyd edilir ki, hazırda həmin göstərici 3%-ə yaxınlaşıb. Bundan əlavə, 2024-cü il noyabrın sonuna olan məlumatlara əsasən, kredit portfelinin illik artımı 19.6% təşkil edib və  bu nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyib.

Bu açıqlamanın sadə dillə izahı budur ki, kreditlər çox sürətlə artır və bu müəyyən mərhələdə yenidən 2015-ci ildə olduğu kimi bank sektorunu böhranın ağuşuna ata bilər.

 

Kreditlər nəyin hesabına artır?

Doğrudan da, 2020-ci ildən sonra kreditlərin məbləği görünməmiş sürətlə artıb. Əgər 2020-ci ilin sonuna bütün subyektlərə (əhali, biznes və s.) verilmiş kreditlərin məbləği 14,5 milyard manat idisə, 2024-cü il noyabr ayının sonuna bu göstərici iki dəfə artaraq 29 milyard manata çatıb. Halbuki həmin dövrdə qeyri-neft ÜDM-nin nominal həcmi 45% artıb ki, bu isə kreditlərin artım tempindən 2 dəfə az böyümə deməkdir.

İş ondadır ki, kredit artımında biznes subyektləri deyil, əhali üstün paya malikdir. Belə ki, 2020-2024-cü illərdə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 2,5 dəfə artaraq 6,7 milyard manatdan 16,9 milyard manata yüksəlib. Göründüyü kimi, 4 ildə əhalinin istifadə elədiyi kreditlər mütləq ifadədə 10 milyard manata yaxın artıb. Halbuki həmin dövrdə bznes kreditləri cəmi 4 milyard manat çoxalıb.

Hazırda bütün kreditlərin 58%-ni əhaliyə verilən kreditlər təşkil edir. Halbuki hətta bank sektorunda böhranın yaranmağa başladığı 2014-cü ildə həmin göstərici 44% təşkil edirdi.

Əhalinin gəlirlərinin artım tempinin götürdüyü kredilərin artım dinamikasından əhəmiyyətli dərəcədə geri qalması da bank sektoru üçün riskləri artıran amillərdən biri sayıla bilər. 2020-2024-cü illərdə əhalinin gərlirləri təxminən 45% artaraq 55,8 milyard manatdan 81 milyard manata çatıb və bu artım kreditləşmənin artım tempindən 2 dəfə geri qalır. Əlavə olaraq, ev təsərrüfatlarının götürdüyü kreditlərin onun ümumi gəlirlərində payı son 4 ildə 12%-dən 21%-ə yüksəlib.

Əslində inkişaf etmiş ölkələrlə müqayisədə kreditlərin ÜDM-ə nisbəti həddən artıq yüksəkdir və ayrı-ayrı ölkələrdə 70-80%  və daha yüksəkdir. Hətta Azərbaycanla eyni regionu paylaşan Gürcüstanda 65%, Erməmistanda 53% təşkil edir. Azərbaycanda hazırda bu göstəricinin 20%-dən bir qədər çox olduğu halda Mərkəzi Bankın narahatlıqları onu göstərir ki, iqtisadiyyatın və ev təsərrüfatlarının dayanıqlı inkişafa malik olmaması bank sektoru üçün hətta indiki səviyyəni xeyli dərəcədə riskli edir. Daha açıq söyləmək lazım gəlsə, biznesin və ev təsərrüfatlarının hazırkı gəlir yaratmaq və inkişaf potensialı şəraitində bank sektoru hətta qonşu ölkələrdəki səviyyədə kredit-ÜDM nisbətinin riskini daşıya biləcək gücdə deyil.

Güman ki, Mərkəzi Bankı da elə bu məqam narahat edir...  

      

 Toplum TV

  

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı

7 Yanvar 2025

açıq mənbədən götürülüb

Rəsmi statistika əhalinin, xüsusən zəngin əhali qruplarının gəlirlərinin real miqyası ilə bağlı məlumatları ictimailəşdirməkdə xəsislik nümayiş etdirsə də, gəlirlərin dinamikasında baş verən tendensiyaları gizlətmək mümkün olmur. 2024-cü ilin yekunlarına dair statistik nəticələr hələ tam hazır olmasa da, 9 ayın nəticələri əhalinin sosial vəziyyətilə bağlı bəzi maraqlı məqamları görməyə imkan verir. 20%-lik yoxsul kəsimin nominal gəlirləri 0,5%, real gəlirləri 6%-ə yaxın azalıb Ev təsərrüfatlarının tədqiqatına dair rəsmi statistikanın hesabatlarından aydın olur ki, 2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin ən kasıb 20%-lik qrupuna aid ailələrdə adambaşına aylıq gəlirlər 203 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,5% azdır. Hətta rəsmi statistikanın...
İqtisadiyyat

Abad ictimai ərazilərin səviyyəsinə görə Bakı MDB-nin ən pis şəhərlərindən biridir

5 Yanvar 2025

açıq mənbədən götürülüb

İlin son günlərində Dövlət Statistika Komitəsi dayanıqlı inkişafla bağlı yeni hesabat açıqladı. Sənəddə diqqəti çəkən maraqlı göstəricilərdən biri də ümumi istifadəyə açıq olan abadlaşdırılmış şəhər ərazilərinin miqyasıdır. Belə ərazilərə aşağıdakılar daxildir: - yaşayış binalarının və digər tikililərin həyətlərindəki yaşıllıqlar; - parklar və şəhər meşələri; - uşaq meydançaları; - meydanlar (fəvvarələr olan meydanlar, heykəllərin olduğu meydanlar və s.); - idman meydançaları; - dəniz, göl və çayların sahilləri; - sahilyanı qoruqlar; - icma bağları; - parkletlər (səkilərdə, yol döngələrində, parklama yerlərində oturacaq və yaşıllıqlarla təchiz edilmiş kiçik ictimai məkanlar) və s. Hesabatdan aydın olur ki, hazırda Bakı şəhərinin ümumi ərazisinin cəmi 7,6% ...

Seçilmiş Videolar

Toplum TV loqo