Dünya

Putin enerji savaşını uduzdu

8 Yanvar, 2025
140

ZME Science

Rusiyadan Avropaya uzanan qaz boru kəmərlərinin əksəriyyəti istifadəsiz dəmir yığınına çevrilib     

Yanvarın 1-dən etibarən Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqli tam dayanıb. 2019-cu ildə iki ölkə arasında imzalanmış 5 illik tranzit müqaviləsinin müddəti başa çatıb və “Qazprom”un bəzi avropalı müştərilərlə anlaşmalarının davam etməsinə baxmayaraq, Ukrayna hökuməti müqaviləni uzatmaqdan imtina edib. Əslində işğalçıya tranzit xidməti göstərmək əcaib bir durum idi və 2022-ci ilin fevralında Rusiyanın hücumu başladıqdan dərhal sonra qaz nəqlini dayandırmaq məntiqli və hüquqi baxımdan haqlı bir qərar olardı. Lakin Ukrayna bu məsələdə Avropa İttifaqının və ayrı-ayrı tərəfdaş ölkələrin marağını nəzərə alaraq müqavilə öhdəliklərinin icrasını sona qədər davam etdirdi.

Ukrayna hələ sovet dövründə Rusiya təbii qazının Avropaya çıxarılmasında əsas tranzit məntəqə olub. “Bratstvo”, Urenqoy-Pomarı-Ujqorod, “Proqres” və “Soyuz” magistral qaz boru kəmərləri ilə Avropaya ildə 100 milyard kubmetrdən çox (pik dövrlərində 130 milyarddan artıq) qaz nəql olunurdu. Əlbəttə, Moskvada bu kəmərlər layihələndirilərkən imperiyanın çökəcəyi və Ukraynanın müstəqil dövlət kimi fərqli inkişaf yolu seçəcəyi ağla gəlməmişdi. 

SSRİ dağıldıqdan sonra Rusiya həm Ukraynadan tranzit asılılığını aradan qaldırmaq, həm də ümumən münasibətlərin pisləşməsi ehtimalını nəzərə alaraq Ukraynadan yan keçən boru kəmərlərinin inşasına başladı. Əvvəlcə Rusiya-Belarus-Polşa-Almaniya marşrutu üzrə ildə 33 milyard kubmetr nəql gücünə malik Yamal-Avropa boru kəməri və Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya uzanan və iki xətt üzrə ildə 55 milyard kubmetr buraxıcılıq qabiliyyəti olan “Şimal axını” kəmərləri tikilərək istifadəyə verildi. 

2014-cü ildə Krımı işğal və ilhaq edərək Donbasda münaqişə ocaqları yaratmasına baxmayaraq, Rusiya Almaniya ilə “Şimal axını-2” layihəsi barədə razılıq əldə etdi və tikinti başladı. Qara dəniz-Türkiyə-Avropa marşrutu üzrə Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” layihəsini isə Avropa İttifaqı blokladı. Bunun əvəzinə Rusiya Türkiyə ilə razılaşaraq “Türk axını” adını verdiyi qaz boru kəməri layihəsini həyata keçirdi. “Şimal axını-2” kəmərinin tikintisi başa çatsa da, həm Avropa Komissiyasının normativ-hüquqi problemlərlə bağlı etirazları, həm də ABŞ sanksiyaları səbəbi ilə işə düşmədi. Bu kəmərlə də Avropa bazarına iki boru xətti ilə ildə 55 milyard kubmetr qaz çıxarılacaqdı. Ukraynada müharibə başladıqdan sonra – 2022-ci ilin sentyabrında Baltik dənizində “Şimal axını” magistral kəmərlərinə qarşı diversiya törədildi. Nəticədə “Şimal axını”nın hər iki borusu və “Şimal axını-2“nin bir borusu sıradan çıxarıldı. Yamal-Avropa boru kəməri isə Aİ və Rusiyanın qarşılıqlı sanksiyaları nəticəsində fəaliyyətini dayandırdı.  

Beləliklə, Ukrayna üzərindən qaz nəqlinin dayanmasından sonra Rusiya təbii qazını Avropaya daşıyan sadəcə bir kəmər qaldı – “Türk axını”. Bu kəmərlə iki xətt vasitəsilə ildə 31,5 milyard kubmetr qaz nəql etmək mümkündür. Bunlardan biri yalnız Türkiyənin ehtiyacları üçün nəzərdə tutulub. Bir sözlə, bu gün Rusiya boru vasitəsilə Avropa İttifaqı ərazisinə yalnız 17,5 milyard kubmetr qaz ixrac etmək imkanına malikdir. Halbuki Rusiya çox yaxın keçmişdə Avropa qaz bazarında dominant oyunçu idi. Moskva sərfəli qiymətlər təklif edərək strateji vizyondan məhrum, mənfəətçi avropalı siyasətçiləri şirnikləndirmiş və korrupsiyaya bulaşdırmışdı. Almaniya və Fransanın baş nazirləri Gerhard Şröder və Fransua Fiyon vəzifədən getdikdən sonra Rusiya enerji şirkətlərində yüksək maaşla işə düzəlmişdilər. Nəticədə Putin rejimi Avropa üzərində çox ciddi siyasi və iqtisadi təsir imkanları əldə etmiş, transatlantik ittifaqda təfriqə yarada bilmişdi.

Bütün bunlar arxada qalıb. Rusiyanın milyardlarla dollar xərcləyərək inşa etdiyi Ukraynadan yan keçən boru kəmərləri, biri xaricində, artıq işləmir və dəmir yığınına çevrilib. Doğrudur, Avropa hələ ki Rusiyadan bir tədarükçü olaraq tam imtina etməyib. Məsələn, 2024-cü ildə Rusiyadan sıxılmış maye qaz (LNG) idxalı artıb. Aİ 2023-cü ildə işğalçıdan 17,8 milyard kubmetr LNG aldığı halda, 2024-cü ildə bunu 21,5 milyard kubmetrə yüksəldib. Ümumən Rusiya ötən il Aİ ölkələrinə 54,45 milyard kubmetr qaz sataraq bu sahədə ABŞ-ı keçib və Norveçdən sonra ikinci olub. (ABŞ Aİ-yə 51,3 milyard, Norveç isə 93,3 milyard kubmetr qaz satıb). Lakin 2024-cü ildə Rusiyanın Avropa qaz bazarındakı payı cəmi 18,3% təşkil edib. Halbuki müharibədən əvvəl Moskva 45% payla Avropa enerji bazarında strateji tədarükçü rolunda idi. (2023-cü ildə 14,2% ilə çox aşağı səviyyəyə düşdüyünü də xatırlatmaq lazımdır). Ötən il Aİ ölkələri kənar mənbələrdən ümumilikdə 297,9 milyard kubmetr qaz idxal ediblər. Müharibə başladıqdan sonra Aİ-nin qaz istehlakını azaltmağa başladığını da görürük. Məsələn, 2022-ci ildə istehlak bir il əvvəlki dövrlə müqayisədə 13%, 2023-cü ildə isə əvvəlki illə müqayisədə 7% azalıb. 2025-ci ildə həm Ukrayna üzərindən tranzitin kəsilməsi, həm də Donald Tramp faktoru ilə əlaqədar Aİ-nin Rusiyadan qaz idxalını yenidən azaldacağı gözlənilir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, onlar Rusiyadan deyil, ABŞ-dan LNG almağa üstünlük verəcəklər.   

Əlbəttə ki, rus “qaz iynəsi”ndən qurtulmağın bədəli də var. Avropa, xüsusən də Almaniya nisbi ucuz rus qazına öyrəşmişdi. Bağlanan müqavilələr uzunmüddətli idi və hər iki tərəf nə qədər qazanacağını və nə qədər xərcləyəcəyini qabaqcadan rahat planlaşdıra, büdcəsini də buna uyğun tərtib edə bilirdi. İndi isə Almaniya və dənizə çıxışı olan, müvafiq terminallara sahib digər Avropa ölkələri spot bazarından qaz almaq məcburiyyətindədir. Bu, gündəlik bazardır və qiymətlər volatildir: bəzən yüksəlir, bəzən enir. Yüksək qiymətlər Almaniya sənayesinə zərər verir, çünki bahalı qaz həm də bahalı elektrik enerjisi deməkdir. Bu isə xərcləri artırdığı üçün məhsulun maya dəyərinə təsir göstərir, onların rəqabət qabiliyyətini azaldır, nəticədə bəzi sənaye müəssisələri işçi ixtrisarlarına getməyə, istehsalı azaltmağa məcbur olur.  

Amma qeyd etmək lazımdır ki, Ukrayna vasitəsilə qaz nəqlinin dayanması qiymətlərə çox da ciddi təsir göstərməyib. Bazar buna hazır idi. Qiymətlərdə müəyyən yüksəlmə baş versə də, bu, daha çox payızın çox soyuq keçməsindən və Avropadakı anbarlarda qaz həcminin azalmasından qaynaqlanır. Avropa İqlim Mərkəzi proqnozlaşdırır ki, qışda havalar çox da soyuq keçməyəcək və iqlim normalarından kənarlaşmalar olsa belə, müsbətə doğru olacaq. 

Alternativ enerjinin - külək, günəş və atom enerjisinin istehsalı da bu il artacaq. 2024-cü ilin ilk yarısında Avropa tarixində ilk dəfə olaraq külək və günəşdən daha çox elektrik enerjisi əldə edilib, nəinki ənənəvi (neft, qaz, kömür) mənbələrdən. Bu il alternativ enerji istehsalında daha 6% artım gözlənilir. Qitə üçün başqa müsbət gözlənti ondan ibarətdir ki, ABŞ və Qatarda LNG istehsalının artacağı proqnozlaşdırılır, bu isə öz növbəsində bazarda təklifi artıracağı üçün qiymətlərin aşağı düşməsini şərtləndirəcək – təbii ki, hər hansı fors-major baş verməsə.   

Bir sözlə, Rusiyanın enerji silahı onun özünə qarşı çevrilmiş oldu. Moskva Avropa enerji bazarındakı dominantlığını böyük ehtimalla birdəfəlik itirdi. Putin, Medvedev, “Qazprom” rəhbəri Miller və digərləri Rusiya qazı olmadan Avropanın donacağını bildirsələr də, bu, baş vermədi. Rusiya rəsmiləri Asiya bazarının çox perspektivli olmasını davamlı önə çəksələr də, Avropa bazarındakı itkiləri qısa müddətdə Asiyada kompensasiya etmək mümkün deyil. Daxili bazarın potensialı da məhduddur. Yəni “Qazprom”un əlində sata bilməyəcəyi xeyli əlavə qaz qalacaq. Haradan haraya...

 

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İlan ilinin sirri: bu il tarixi hadisələr baş verə bilər 

2 Yanvar 2025

cnn.com

Astrologiya qədim dövrlərdən bəri insan övladının ən çox maraq göstərdiyi sahədir. Səma cisimlərinin və onların vəziyyətində baş verən dəyişikliklərin Yerə, insanların həyatına təsir göstərdiyinə olan mistik inanış günümüzdə də davam edir. Elmi-texnoloji tərəqqinin mövcud səviyyəsinə baxmayaraq, astronomiya elmi ilə kvazielm sayılan astrologiya arasındakı fərqi bilənlərin sayı bu gün də çox deyil. Amma qeyd etmək lazımdır ki, astrologiya hətta ona inanmayanların da marağını cəlb edən bir məşğuliyyətdir. Necə deyərlər, fala inanma, falsız da qalma. Çin təqviminə əsasən 2025-ci il İlan ili hesab olunur. Adətən İlan ilində dünyada böyük kataklizmlər, tarixin gedişatını dəyişdirən hadisələr baş verir. XX əsrin əvvəlindən etibarən İlan illərində...
Dünya

Gürcüstanda pat vəziyyəti: Tramp kimi seçəcək?  

29 Dekabr 2024

Zurabişvilinin "X" hesabı

Gürcüstanda bu gün - 29 dekabr tarixinə gözlənilən siyasi dram baş vermədi. Səlahiyyət müddəti başa çatan prezident Salome Zurabişvili qarşıdurma yaratmadan prezident iqamətgahını könüllü tərk etməyə üstünlük verdi. O, iqamətgahın önünə toplaşmış vətəndaşlar qarşısındakı çıxışında legitimliyi, bayrağı və insanların etimadını da özü ilə apardığını bildirdi. Həmin dəqiqələrdə  parlamentdə legitimliyi müxalifət və Qərb tərəfindən tanınmayan yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirildi - hər hansı təntənə olmadan, yalnız hakim partiya təmsilçilərinin iştirakıyla.   Zurabişvilinin qərarı bir qədər gözlənilməz oldu. Çünki daha öncə o, prezidentlik institutunun ölkədə yeganə legitim hakimiyyət olduğunu və ayın 29-dan sonra da iqamətgahda oturmağa davam edəcəyini bəyan etmişdi. İndiki...

Seçilmiş Videolar

Toplum TV loqo