Kontekst

Azərbaycanı gözləyən təhlükə: gələn il neft xeyli ucuzlaşa bilər

18 Noyabr, 2024
61

açıq mənbədən götürülüb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edərkən ABŞ-da yeni seçilmiş prezident Donald Tramp növbəti təyinatını elan etdi. Bu iki hadisə arasında kəskin təzad var.

Tramp enerji naziri vəzifəsinə “Liberty Energy” (Kolorado ştatı) şirkətinin yaradıcısı və rəhbəri Kris Raytın (Chris Wright) namizədliyini irəli sürdü. Kris Rayt ABŞ-da şist inqilabının banilərindən biridir. Onun hələ 1992-ci ildə yaratdığı “Pinnacle Technologies” adlı şirkətin innovasiyaları Amerika şist sənayesinin təşəkkülündə mühüm rol oynayıb. Daha sonra Rayt ölkədə ilk şist qaz hasilatçılarından biri olan “Stroud Energy”-nin Direktorlar Şurasına rəhbərlik edib. 

ABŞ-ın yeni enerji naziri iqlim dəyişikliyi və qlobal istiləşmə söhbətlərini mif hesab edir və ənənəvi mənbələrin maksimum istismarının tərəfdarıdır. O hesab edir ki, neft-qaz hasilatının artırılması və bu sahənin inkişafı ölkədə yoxsulluğun aradan qaldırılması üçün ən asan yollardan biridir. Şist sənayesində yer qatının hidravlik yarılması zamanı istifadə olunan xüsusi mayenin təbiəti və yeraltı suları çirkləndirdiyi barədə ekoloqların iddialarını rədd edən Rayt mövqeyini əsaslandırmaq üçün 2019-cu ildə həmin mayeni jurnalistlərin gözü qarşısında içib.

Tramp bu təyinat barədə yaydığı bəyanatında bildirib ki, onun komandası “ABŞ-ın enerji dominantlığını təmin edəcək, bu isə Çin və digər ölkələrlə silahlanma yarışında qalib gəlməyə və Amerikanın bütün dünyada müharibələrə son qoymaq üçün diplomatik gücünü genişləndirməyə imkan verəcək”.

Əslində, hazırkı administrasiya dövründə də ABŞ-da neft hasilatı artıb və gündəlik 13,4 milyon barelə çatıb. Eyni zamanda, Ukraynada müharibə başladıqdan və Rusiyanın enerji sektoruna sanksiyalardan sonra ABŞ Avropa bazarına daha çox sıxılmış maye qaz (LNG) göndərməyə başlayıb. Lakin bunlar daha çox özəl sektorun xidmətidir. Prezident Bayden bu ilin yanvarında LNG ixracına dair şirkətlərə yeni lisenziyaların verilməsini dayandırıb. Bu qərar ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edir, çünki Avropanın Rusiyadan enerji asılılığına birdəfəlik son qoymaq və müttəfiq ölkələrə daha çox qaz tədarük etmək ABŞ-ın həm geosiyasi, həm də iqtisadi maraqlarına uyğundur. Baydenin qərarı ABŞ demokratları daxilində iqlim dəyişikliyi məsələsində həssas olan sol qrupların və aktivistlərin tələbinə uyğun atılmış addım idi. Nəticədə bu il Avropa ölkələrinin Rusiyadan təbii qaz idxalında (o cümlədən LNG) artım qeydə alındı. Eyni zamanda, məlumdur ki, Avropa İttifaqı Azərbaycandan əlavə qaz idxalı və bu qazın Ukrayna vasitəsilə nəqli üçün bir müddətdir ki, rəsmi Bakı ilə danışıqlar aparır. Bu proses prezident İlham Əliyevin Aİ-nin ünvanına sərt tənqidləri və ittihamları ilə müşayiət olunur. Əslində, hər kəsə məlumdur ki, Azərbaycanın bu qədər qazı yoxdur və söhbət Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya yenidən ixracından gedir. Halbuki ABŞ öz avropalı müttəfiqlərini kifayət qədər təbii qazla təmin edə bilər. Bu durum Bayden administrasiyasının Rusiya büdcəsinin əsas gəlir mənbəyinə zərbə vuraraq onun Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq, eləcə də Moskvanı Avropa qaz bazarından tamamilə sıxışdırmaq siyasətində nə qədər qeyri-ardıcıl, hətta qeyri-səmimi olduğunu göstərir.

Bundan başqa, Bayden Alyaskadakı Milli Arktik Qoruq ərazisindəki federal torpaqların oradakı neft-qaz yataqlarının istismarı üçün şirkətlərə icarəyə verilməsinə dair Trampın ilk prezidentliyi dövründə verilmiş bütün icazələri 2023-cü ildə ləğv edib (Həmin torpaqlarda 11 milyard barelə yaxın kəşf olunmuş neft ehtiyatı var). Bu qərar da respublikaçıların etirazına səbəb olub, onlar həm ölkənin neft-qaz hasilatını artırıb gəlirlərini yüksəltmək, həm də Alyaska əhalisinin rifahını daha da yaxşlaşdırmaq üçün qoruq ərazisində hasilata başlamağı zəruri sayırlar. Lakin demokratlar və ekoloqlar hesab edirlər ki, Arktik qoruğun unikal ekosistemini, flora və faunasını qorumaq baxımından orada neft çıxarılması yolverilməzdir (Qeyd edək ki, Alyaska “qırmızı” ştatdır, prezident seçkilərində hər zaman respublikaçı namizədə səs verir).

Donald Tramp artıq bəyan edib ki, gələn il yanvarın 20-də rəsmən fəaliyyətə başladıqdan sonra Baydenin həmin qərarlarını dərhal ləğv edəcək və ənənəvi enerji sahəsinin inkişafı yenidən dövlətin prioritetinə çevriləcək. Bu isə ABŞ-da neft-qaz hasilatının və müvafiq olaraq qlobal enerji bazarında təklifin artmasına səbəb olacaq. Həm bu amil, həm də Çin iqtisadiyyatındakı yavaşlama səbəbilə bu ölkənin neft istehlakını azaltması gələn il neftin qiyməti üçün yaxşı perspektiv vəd etmir. Əgər hər hansı ciddi kataklizm, məsələn, Orta Şərqdə İranla İsrail arasında böyük müharibə olmasa, 2025-ci ildə neftin daha da ucuzlaşması ehtimalı var (Neft qiymətləri son aylar yavaş templə geriləyir və Brent ötən həftəni 71 dollarla başa vurub).  

Trampın Avropa ilə münasibətlərdə sərt mövqe tutmasından ehtiyatlanan Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, onlar Rusiya qazından imtina edərək ABŞ-dan qaz idxalını artırmağa hazırdırlar. Bu barədə razılıq əldə olunarsa, Aİ əlavə Azərbaycan (Rusiya) qazına ehtiyac duymaya bilər.

Bir sözlə, 2025-ci ildə Azərbaycanın neft gəlirlərinin azalması gözlənilir. Hasilatın da azaldığı bir şəraitdə ölkə iqtisadiyyatı üçün risklər artır…

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Kontekst

10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub

19 Noyabr 2024

açıq mənbədən götürülüb

Hökumətlərin nə dediyinə yox, nə etdiyinə baxmaq lazımdır COP29 İqlim Konfransının yaratdığı informasiya bolluğu içərisində o qədər də gözə dəyməyən iqtisadi xəbərlərdən biri də Xankəndi şəhərində tikiş fabrikinin açılışı oldu. Yayılan məlumatlardan aydın olur ki, bu müəsissə Özbəkistanla ortaq layihə əsasında həyata keçirilir. Ötən həftə fabrikin açılışına videobağlantı ilə Özbəkistan prezidenti də qoşulub.  Fabrik barədə rəsmi medianın yaydığı xəbər belədir: müəssisənin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsilə bağlı ölkələrarası razılaşma əsasında baş tutub. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü birgə sənaye əməkdaşlığı vasitəsilə təmin olunur. Müəssisə həm yerli, həm də...
Kontekst

Tramp Azərbaycanın “qara siyahı”sındakı şəxsə yüksək vəzifə verir

15 Noyabr 2024

Açıq mənbədən götürülüb

Dünya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mühüm dövlət vəzifələrinə təyinatlarını maraqla izləyir. Tramp 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra rəsmən fəaliyyətə başlayacaq, buna baxmayaraq çox sürətlə öz hökumətini formalaşdırmağa başlayıb. Müxtəlif dövlət vəzifələrinə namizədlərin elan olunması hələ başa çatmayıb, amma nəzərə çarpan əsas məqam ondan ibarətdir ki, Tramp Respublikaçılar Partiyasındakı 2 fərqli ideoloji-fəlsəfi vizyonun təmsilçiləri arasında balans yaratmağa çalışır. Respublikaçılar Partiyası daxilində müxtəlif cərəyanlar var, amma ABŞ-ın qlobal rolu məsələsində onları ümumi olaraq iki yerə ayırmaq mümkündür: ölkənin ənənəvi müdaxiləçi xarici siyasətinin bu və ya digər şəkildə davam etdirilməsini dəstəkləyənlər və tam əksinə, özünütəcrid (izolyasionist) xəttinin tərəfdarı...

Seçilmiş Videolar

Toplum TV loqo