Foto: sosial media
Türkiyədə terrorçuluq ittihamı ilə 54 gün saxlanılıb Azərbaycana deportasiya edilən feminist fəal Xanım Babazadə "Toplum TV"-yə müsahibə verib.
2023-cü ildə İstanbul Universitetinin antropologiya fakültəsinə qəbul olan X.Babazadə Türkiyədə yaşadığı dövrdə feminist və solçu icmaların fəal üzvü olub və etiraz aksiyalarında iştirak edib.
Onun sözlərinə görə, bu ilin avqustunda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) onunla əlaqəyə keçib və ona agent olmağı təklif edib.
"Dedilər ki, sənin dostların haqqında məlumatlar istəyirik. Mən də dedim ki, sizin təklif etdiyiniz agentlikdir. Onlar isə dedilər ki, yox, sən sadəcə Türkiyə Cümhuriyyətinə yardım etmiş olacaqsan. Mən isə agent olmağı, dostlarımı satmağı heç bir halda qəbul etmədiyimi dedim", - o xatırlayıb.
X.Babazadə bildirib ki, MİT əməkdaşı fəala baş tutan söhbət haqqında qətiyyən heç bir dostuna xəbər verməməyi, əks halda dostlarına da problem yaradacağını deyib.
O deyir ki, bu söhbətdən iki həftə sonra işlədiyi ofisə 5 polis əməkdaşı daxil olub və onu həbs ediblər.
"Mən dedim ki, sizi MİT-dən göndəriblər. Onlar isə heç nə demədilər, sadəcə dedilər ki, polis bölməsində bilərsən. Bir də dedilər ki, Arnavutköyə aparıb barmaq izi alıb sərbəst buraxacaqlar", - o qeyd edib.
Fəal deyir ki, onu maşına mindirib polis bölməsinə deyil, arxa küçələrlə iki miniavtobusun dayandığı yerə gətiriblər. Onun mindirildiyi miniavtobusda özündən başqa yeddi qadın da olub:
"Məni itələyərək mindirdilər. Avtobusdakı qadınlar arasında şəkər xəstələri var idi. Bizə su belə vermirdilər. Mən dedim ki, bizim su və yemək hüququmuz var. Bu zaman bir polis avtobusa mindi və xəstə qadınlardan birini təpikləməyə başladı. Mən avtobusun arxasından önünə qaçıb onu aralamağa çalışdım. Onda polis qadını buraxıb məni döyməyə başladı. Saçımdan tutub başımın arxasına güclü zərbələr endirirdi. Hətta digər polislər avtobusa minib onu saxlamağa çalışdılar, amma o dayanmırdı”.
X.Babazadənin dediyinə görə, saxlanılan şəxsləri yalnız gecə saat 12-də Arnavutköydən Çatalcaya gətiriblər.
"Orda bizi təhvil verən polis təhvil alanlara məni göstərib dedi ki, "bu, terrorçudur, onu digər miqrantlara qatmayın və nəzarət edin"", - o söyləyib.
Fəal bildirir ki, saxlanıldığı təcridxanada məhbuslar dəmir çarpayılar üzərində yatmalı olublar və ümumilikdə antisanitar şərait hökm sürüb.
"Bir həftə ac qaldım, heç nə yemədim. İsti su yox idi, soyuq su ilə duş almaq məcburiyyətində idik. Elə soyuq idi ki, əlini vuranda kəsirdi. Soyuq su ilə duş aldığım üçün qaldığım 6-cı gün xəstələndim. Qızdırmadan iki dəfə "sudurğa" keçirdim", - o deyib.
X.Babazadə 54 gün saxlanıldıqdan sonra nəhayət Azərbaycana deportasiya edilib.
"İstanbul hava limanında dəhlizdə gözlədirdilər. Mən çantamdan ped götürmək istədim, icazə vermədilər. Əvəzində çox köhnə bir ped gətirib verdilər. Sonra ayaqlarımı və qollarımı bağlayıb ağzıma bütün üzümü örtəcək dərəcədə ikiqat maska taxdılar. Bu zaman titrəməyə başladım, qadın polis də gördü ki, titrəyirəm və maskanı çıxardı, amma dedi ki, təyyarədə maskanı yenidən taxacaqlar", - o qeyd edib.
Fəal xatırlayır ki, o, türk polislərin nəzarətində Bakıya gətirilib və Dövlət Sərhəd Xidmətinə təhvil verilib:
"Sərhəd nəzarət xidmətinin rəisi pasportuma baxıb dedi ki, sənə niyə bu kodu qoyublar? Mən də dedim ki, etiraz aksiyasında iştirak etdiyim üçün”.
X.Babazadənin sözlərinə görə, o, Azərbaycanda da izlənilib və təhlükəsizliyi üçün ölkəni yenidən tərk edib.
X.Babazadənin vəkilləri daha öncə qeyd edib ki, fəal G89 inzibati məhdudiyyət kodu üzrə saxlanılıb. Bu kod isə terrorçu təşkilatlara qoşulmaq niyyətilə ölkəyə gələn əcnəbilərə verilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"