Manşet

ABŞ və Ermənistan "Tramp marşrutu"nun icra sənədini açıqlayıb 

14 Yanvar, 2026
288

Foto: Ermənistan XİN

ABŞ və Ermənistan Azərbaycanı Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək "Tramp marşrutu"nun icra sənədini açıqlayıblar. 

Yanvarın 14-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşündən sonra yayımlanan sənəddə göstərilir ki, Yerevan ABŞ hökumətinin nəzarətində olan xüsusi bir şirkətə yol üzərində "uzunmüddətli müstəsna hüquqlar" verəcək. 

ABŞ və Ermənistanın birgə səhmlərinə sahib olacağı şirkət "Tramp marşrutu" boyunca dəmir yolu, avtomobil yolu, elektrik xətləri və digər infrastruktur obyektlərini inşa və idarə edəcək və ən azı 49 il bu infrastrukturlardan əldə olunan gəlirləri toplayacaq. 

Səkkiz səhifəlik sənəddə qeyd olunur ki, Ermənistan "TRIPP Development Company" adlı şirkətin səhmlərindən ABŞ-yə 74 faiz pay təklif etməyi və özündə 26 faiz pay saxlamağı nəzərdə tutur. 49 ildən sonra isə gözlənilir ki, razılaşma daha 50 il müddətinə uzadılsın və bu zaman Ermənistan hökumətinə əlavə pay verilməklə səhmlərdə onun payı 49 faizə çatsın. 

Sənəddə həm də vurğulanır ki, Ermənistan layihə çərçivəsində "ticarət və tranzit sahəsində sərhəd nəzarəti və gömrük funksiyaları üzərində tam səlahiyyətə malik olacaq".

“Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində suverenliyi və yurisdiksiyası mütləqdir və toxunulmazdır”, - birgə bəyanatda deyilir.

Rubio da Mirzoyanı Dövlət Departamentində qəbul etdikdən dərhal sonra jurnalistlərə verdiyi qısa açıqlamada oxşar təminatlar verib.

"Layihə Ermənistana biznes üçün qapılar açır və ölkənin iqtisadi inkişafına imkan yaradır, amma bunu Ermənistanın suverenliyinə heç bir şəkildə toxunmadan edir. Burada suverenliyə təhdid məsələsi yoxdur, layihə buna tam şəkildə hörmətlə yanaşır", - Rubio deyib. 

Bəyanatda qeyd olunur ki, "TRIPP" şirkəti müştərilərə “üz-üzə xidmət göstərmək” üçün özəl operatorları işə götürəcək, o cümlədən “sənədlərin ilkin toplanması və yoxlanmasını və yük və fərdi sərnişinlər üçün tranzit rüsumlarının yığılmasını" təmin edəcək.

Eyni zamanda, Ermənistan rəsmiləri “Ermənistandakı bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluğu qorumaq, son gömrük qərarlarını və formal prosedurları həyata keçirmək” və “miqrasiya nəzarətini” təmin etmək öhdəliyinə malikdirlər.

Birgə bəyanatda, həmçinin, “sənədlərin elektron təqdimatı və emalından" bəhs olunur və “fərqli proseslərin insanların, nəqliyyat vasitələrinin və yükün idarə edilməsi üçün tətbiqini, o cümlədən Azərbaycan və Naxçıvan arasında istifadə olunmasını" tövsiyə edir.

Azərbaycan prezidenti İlham Əliyev isə daha öncə etdiyi çıxışlarda Azərbaycandan Naxçıvana gedəcək sərnişinlərin erməni sərhədçilərin üzünü görməməli olduğunu deyib. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo