Manşet

Avropa Məhkəməsi Xədicə İsmayıla görə Azərbaycanı 16 min avro cərimələyib 

27 Yanvar, 2026
220

Foto: açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 27-də jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı şikayətlərinə baxıb.

Məlumatı jurnalisti bu işdə təmsil edən vəkil Fariz Namazlı yayıb.

Şikayətlər jurnalistin 2014-cü ildə həbsi və sonradan qanunvericiliyə edilən dəyişikliklə bağlı olub. 

Ərizəçi xatırladıb ki, 2014-cü ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə ittiham olunaraq həbs olunub. Sonradan ona qarşı 179.3.2-ci (külli miqdarda mənimsəmə), 192.2.2-ci (xeyli miqdarda gəlir əldə etmək məqsədilə törədilmiş qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən ağırlaşdırıcı hallarla sui-istifadə) maddələrlə əlavə ittihamlar irəli sürülüb. 

İstintaq orqanı iddia edib ki, X.İsmayıl 2008-2010-cu illərdə "Azadlıq Radiosu"nun Bakı ofisinin rəhbəri olduğu vaxt jurnalistləri qanunsuz işə götürüb, onlarla əmək müqaviləsi bağlamayıb və bununla da vergidən yayınıb. 

2015-ci ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə təqsirli bilərək 7 il yarım həbs cəzasına məhkum edib. 

2016-cı ilin mayında isə Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə dəyişiklik edilib və maddədə “dövlət qeydiyyatı” sözlərindən sonra mötərizədə “vergi uçotu” sözləri əlavə olunub. 

X.İsmayıl AİHM-ə ərizəsində ittihamları rədd edib və məhz jurnalist fəaliyyətinə görə haqsız olaraq həbs olunduğunu bildirib.

O, həmçinin, qeyd edib ki, qanunvericiliyə edilən dəyişiklik qanunsuz sahibkarlıq əməlinin tərifində yer alan “dövlət qeydiyyatı” ifadəsinin mənasını dəqiqləşdirərək onu yalnız vergi uçotu ilə məhdudlaşdırıb. O qeyd edib ki, buna görə də, vergi ödəyicisi kimi lazımi qaydada qeydiyyatdan keçdiyindən, dövlət qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti göstərdiyinə görə məsuliyyətə cəlb edilə bilməzdi. 

AİHM qərarında göstərib ki, ərizəçinin 192-ci maddə üzrə təqsirli bilinməsi Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsi (qanunsuz cəzalandırılmamaq) baxımından problemli olub. Belə ki, 192-ci maddədə nəzərdə tutulan “dövlət qeydiyyatı” anlayışının geniş əhatə dairəsinə dair nə yerli məhkəmələr, nə də hökumət tərəfindən aydın tərif verilməyib.

Buna görə də, məhkəmə konvensiyanın 7-ci maddəsinin pozuntusunu tanıyıb. Bu, Azərbaycana qarşı AİHM-də qaldırılan işlərdə bu maddə üzrə pozuntunun ilk tanınması halı olub. 

Məhkəmə daha sonra qərarında göstərib ki, ərizəçi yerli məhkəmələr qarşısında ona aid əməllərin qanunsuz sahibkarlıq üzrə cinayət tərkibi təşkil etmədiyinə dair "güclü, aidiyyəti üzrə və əsaslı etirazlar irəli sürüb". Həmin etirazların lazımi qaydada araşdırılması isə işin nəticəsi üçün həlledici ola bilərdi və buna görə də yerli məhkəmələrdən konkret və açıq cavab tələb edirdi. Lakin yerli məhkəmələr qərarlarında ərizəçinin arqumentlərinə adekvat cavab verməyib, əvəzində son dərəcə qısa və açıq-aşkar ixtiyari əsaslandırmaya istinad ediblər. 

Beləliklə, AİHM konvensiyanın 6.1-ci maddəsi üzrə də pozuntunu tanıyıb. Bu maddədə göstərilir ki, hər kəs müstəqil və qərəzsiz, qanunla yaradılmış məhkəmə tərəfindən ağlabatan müddət ərzində ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Məhkəmə qərarında həm də müəyyən edib ki, jurnalistin qanunsuz sahibkarlıq əməli üzrə məhkumluğu onun xarici media qurumu üçün akkreditasiya olmadan jurnalist fəaliyyəti göstərməsi ilə əsaslandırılıb. Lakin ərizəçi Azərbaycan vətəndaşı və ölkə daxilində fəaliyyət göstərən jurnalist olub və akkreditasiya tələbləri jurnalist fəaliyyətinə çıxışı və ya icrasını tənzimləyən “formal şərtlər” kimi qəbul edilir. Ona görə də, məhkəmə belə tələblərə əməl etmədiyinə görə jurnalistə tətbiq olunan məhkumluğu onun ifadə azadlığına birbaşa müdaxilə hesab edib.

Məhkəmə, həmçinin, əlavə edib ki, Azərbaycanla bağlı bir sıra işlərdə hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçiləri barədə qərəzli həbs və digər tədbirlər müşahidə olunub. X.İsmayılın işi də həmin geniş praktikanın bir hissəsi kimi qiymətləndirilib. Buna görə, ərizəçinin qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları üzrə cinayət təqibi və məhkumluğu da onun ifadə azadlığına müdaxilə olaraq hesab edilib. 

AİHM qərarında son olaraq qeyd edib ki, hakimiyyət orqanlarının ərizəçiyə qarşı apardığı cinayət işlərinin, onun ifadə azadlığına müdaxilə etməsinin əsas məqsədi onun jurnalist fəaliyyətini susdurmaq və cəzalandırmaq olub. Bununla da, konvensiyanın 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə də pozuntular tanınıb. 

Məhkəmə yekunda mənəvi zərərə görə 12,000 avro, hüquqi xərclərə görə 4,000 avro təzminat müəyyən edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo