Manşet

Azərbaycanlılar niyə Rusiya üçün döyüşür? 

29 Dekabr, 2025
99

Foto: AP

Son vaxtlarda Ukraynada Rusiya ordusu üçün döyüşüb həlak olan Azərbaycan vətəndaşları barədə xəbərlər mətbuatda və sosial şəbəkələrdə geniş yayılır. 

Bu cür məlumatlarda, adətən, müharibəyə gedən şəxslərin motivləri göstərilmir. Rusiya ordusunun əcnəbiləri zorla sıralarına cəlb etməsi barədə xəbərlər dünya mediasında yer alsa da, yerli müşahidəçilər azərbaycanlıların sosial-iqtisadi səbəblərdən işğalçı orduya qoşulmasını da istisna etmirlər. 

Azərbaycanın Baş Prokurorluğu da dekabrın 29-da bəyanat yayaraq bu cür münaqişələrdə iştirak edən və ya etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib. 

“Xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir”, - açıqlamada deyilir. 

Baş Prokurorluq xatırladıb ki, Cinayət Məcəlləsində bu cür əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Qurum əlavə edib ki, artıq bir neçə bu cür şəxs barəsində yerli məhkəmə həbs cəzası verib, digərlərinin istintaqı isə davam edir. 

Bu ilin iyulunda Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə iki azərbaycanlının barəsində həbs qətimkan tədbiri seçildiyi xəbəri yayılıb. 

Bildirilib ki, həmin şəxslər Rusiyada cəza çəkdikləri vaxt “Vaqner” silahlı qruplaşmasının rəhbəri olmuş Yevgeni Priqojin tərəfindən “şəxsən seçilərək cəzalarının icrasından yayındırılıb və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər”. 

“Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak edib, digər Azərbaycan vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər”, - deyə qeyd olunub. 

Siyasi şərhçi Şahin Cəfərli sosial media hesabında azərbaycanlıların Rusiya ordusuna qoşulmasında sosial-iqtisadi səbəblərin olduğunu yazıb

“Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar. Yaxın gələcəkdə Azərbaycanda sosial‐‎iqtisadi böhranın aradan qaldırılması və əhalinin rifah səviyyəsinin yüksəlməsi ehtimalı nəinki yoxdur, əksinə, vəziyyətin ağırlaşacağı məlumdur. Bu isə insanların öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur və olacaq. Bu problemin məsuliyyəti təhlükəsizlik sisteminin deyil, siyasi rəhbərliyin üzərindədir”, - o qeyd edib. 

Ş.Cəfərli problemin yaranmasında hökumətyönlü mətbuatın da rolunu istisna etməyib.

“İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐‎ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində Rusiyayönümlü əhval‐‎ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır. Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐‎1500 əsgər itirdiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐‎parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”, - o əlavə edib. 

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin iyulunda imzaladığı sərəncamla bu ölkənin ordusu ilə müqavilə bağlayanlara veriləcək birdəfəlik müavinəti iki dəfə artıraraq 400 min rubla (təxminən 8,740 manat - red.) çatdırıb. Könüllülərə ödənilən maaş isə bu məbləğin təxminən yarısı qədərdir. Bu, Rusiyada ortalama əmək haqqının üç mislinə bərabərdir. 

Rusiyanın Ukraynada müharibəsi 2022-ci ilin fevralında başlayıb. Bu ilin yanvarında ABŞ-də hakimiyyətə gələn Donald Tramp Putinlə şəxsi münasibətlərinə arxalanaraq müharibəyə son qoymağa çalışsa da, bu cəhdlər hələ ki nəticə verməyib. 

“Toplum TV”-yə danışan Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov düşünür ki, müharibə yaxın zamanda sona çatmayacaq. 


“Rusiyanın nəzarət etdiyi Ukrayna ərazilərindən geri çəkiləcəyi inandırıcı görünmür. Ukrayna da bu əraziləri güzəştə getməyə hazır deyil. Ən yaxşı halda atəşkəs baş verə bilər ki, bu da aktiv döyüşləri yalnız qısa müddətliyə dondura bilər”, - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Akif Qurbanov: "Hakimiyyətin propaqanda maşınının təqdim etdiyi sübutu təkcə mənim 2 sənədim darmadağın edir" 

16 Yanvar 2026

Foto: VOA

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov gəlirlərini ictimaiyyətə açıqlayıb.  A.Qurbanov bildirib ki, istintaq orqanının iş üzrə təqsirləndirilən 9 nəfərin adına təqdim etdiyi gəlir 1,038,618 manat olsa da, onun əldə etdiyi rəsmi sənədlər bu iddianı alt-üst edir.  A.Qurbanov özünün və həyat yoldaşının əmək haqları barədə arayışları və bank çıxarışları ilə göstərib ki, onun həbs olunduğu 2024-cü il 6 mart tarixinə qədər gəliri 729,026 ABŞ dolları, milli valyuta ilə 1,239,344 manat təşkil edib.  "Yəni bu, hakimiyyətin 9 nəfərimiz adına göstərdiyindən də düz 200,726 azn artıqdır. Hələ mən digər dostların rəsmi gəlirlərini...
Manşet

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib

16 Yanvar 2026

Foto: açıq mənbə

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib. Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır. Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər. Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (8), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (45), milli azlıqların fəalları (5), müharibə əleyhinə...

Seçilmiş Videolar

Toplum TV loqo