Manşet

Gültəkin Hacıbəyli: “Ramiz Mehdiyevi axırıncı dəfə 2009-ci ildə görmüşəm”

30 Oktyabr, 2025
429

Foto/kollaj: Toplum TV

Demokratik Qüvvələrin Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəyli hökumətyönlü mediada haqqında gedən iddialara cavab verib. 

Oktyabrın 29-da "Teleqraf.az" saytı Prezident Administrasiyasının sabiq rəhbəri, haqqında cinayət işi açıldığı bildirilən Ramiz Mehdiyevin yaratmaq istədiyi iddia edilən "Dövlət Şurası" üzvləri siyahısında G.Hacıbəylinin adının yer aldığı xəbərini yayıb. 

Oktyabrın 30-da isə "Oxu24.az" saytı sabiq deputatın ölkəni tərk etdiyi iddiasını tirajlayıb. 

"Toplum TV"-yə danışan G.Hacıbəyli bildirib ki, sentyabrın 25-dən oğlunun təhsili ilə əlaqədar Türkiyədədir, lakin yaxın zamanda Azərbaycana qayıdacaq. 

O, haqqında xəbərlər yayan saytların vaxtilə məhz R.Mehdiyev tərəfindən yaradıldığını deyib. 

"Bu ölkədə hər kəs bilir ki, R.Mehdiyev o "Teleqraf" agentliyini məhz Aynur Camalqızı üçün yaradıb və Kəmaləddin Heydərova tapşırıb ki, maliyyələşdirsin. R.Mehdiyevin mənə qarşı bütün çirkli kampaniyasını A.Camalqızı aparıb. 2013-cü ildə R.Mehdiyev insanları mənə qarşı qoyanda, məhkəmələrə verəndə bütün bunları A.Camalqızının saytları yayımlayırdı. Mən bu işlərlə bağlı Avropa Məhkəməsinə şikayət edəndə, ərizəmdə məhz A.Camalqızının saytlarına istinad edirdim, çünki bütün təhqirlər, aşağılayıcı ifadələr ən geniş şəkildə məhz orada gedirdi. İndi də R.Mehdiyevə xidmət etmiş adamların canına qorxu düşüb, məsuliyyətə cəlb olunacaqlarını bilirlər və buna görə öz xidmətlərini qabartmaq və hakimiyyət qarşısında özlərini təmizə çıxarmaq istəyirlər. Bütün bunlar özlərini sığortalamaq cəhdindən başqa bir şey deyil", - G.Hacıbəyli bildirib. 

Hacıbəyli əlavə edib ki, onu R.Mehdiyevə "bağlamaq üçün insan gərək şüurunu itirsin". 

"Çünki R.Mehdiyev mənə qarşı elədiklərini bəlkə başqa heç kimə qarşı eləməyib. O, məni şəxsi düşməni olaraq müəyyən edib və mənə qarşı illərlə etdikləri göz önündədir. Mən Goranboyda millət vəkili olanda rayonun icra başçısı Nizaməddin Quliyevə mənə qarşı kampaniya aparmaq üçün tapşırıqlar verib, 9 yaşlı oğlumu əlimdən almaq üçün hədə-qorxu gəlib, illərlə məhkəmələrə gedib-gəlmişəm. Məhkəmədə üzümə duran adamı prokurorluqda vəzifəyə təyin ediblər. Bütün bunların arxasında R.Mehdiyev durmuşdu və bu təbliğatı da "Publika.az", "Teleqraf.az" saytları aparırdı", - o qeyd edib. 

G.Hacıbəyli xaricə getdiyi iddialarına cavab olaraq həm də deyib ki, o, "vətənində həbsxanada olmağı xaricə getməkdən üstün tutur". 

R.Mehdiyevlə hər hansı əlaqəsi iddialarına qarşı isə o bildirib ki, o, sabiq PA rəhbərini sonuncu dəfə 2009-cu ildə görüb. 

"Amma o vaxtdan bəri Aynur Camalqızı R.Mehdiyevin verdiyi imkanlar hesabına ölkənin ən zəngin insanlarından birinə çevrilib. Milyonlar qazanıb, özünə villalar, mülklər tikdirib. İndi R.Mehdiyevin adamı o olur, yoxsa 16 ildir R.Mehdiyev tərəfindən amansız təqiblərə məruz qalan mən?", - deyə G.Hacıbəyli sual edib. 

Qeyd: “Toplum TV” Gültəkin Hacıbəylinin iddiaları ilə bağlı Aynur Camalqızının cavabını dərc etməyə hazırdır.

Oktyabrın 14-də hökumətyönlü media Səbail Rayon Məhkəməsinin Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçdiyi xəbərini yayıb. 

Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. 

Daha sonra isə media R.Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya məktub ünvanlandığını və 50 nəfərdən ibarət "Dövlət Şurası" yaratmaq istədiyi xəbərini yayımlayıb. 

Rəsmi qurumlar bu xəbərləri nə təsdiqləyib, nə də inkar edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo