Manşet

Gürcüstan məhkəməsi Əfqan Sadıqovu "yolu bağladığına" görə 14 günlük həbs edib 

23 Oktyabr, 2025
178

Foto: VOA

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov 14 günlük inzibati qaydada həbs olunub. 

"Azadlıq Radiosu"nun gürcü xidməti xəbər verir ki, bu qərar oktyabrın 23-də Tbilisi Şəhər Məhkəməsində verilib. 

Məhkəmədə çıxış edən Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis tərəfindən onun və digər iştirakçıların yolu boşaltması əmr olunsa da, onlar əmrə riayət etməyib. 

Prosesdə iştirak edən Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib:

“Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. Mən hər zaman gürcülər arasında diktatura çağırışları edən İvanişviliyə qarşı çıxacağam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı.”

O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib:

“Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm. Siyasi sifarişlərin və diktaturanın tərəfdarı olmayın...”

Proses zamanı "İvanişli qatildir! İvanişvili diktatordur!" şüarlarını səsləndirən jurnalist məhkəmə zalından çıxarılıb. 

Ə.Sadıqov oktyabrın 22-i axşam saatlarında etiraz aksiyasına gedərkən saxlanılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son dörd gündə 80-ə yaxın şəxs "yolu bağlamaq" ittihamı ilə həbs olunub. 

Bundan əlavə, son bir ildə yüzlərlə aksiya iştirakçısı eyni ittihamla cərimə olunublar. Polis hətta Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  (ATƏT) sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtoneni də “yolu bağlamaqda” günahlandıraraq cərimələyib. Valtonen oktyabrın 14-də etiraz aksiyasında iştirak edib.

Etirazlar hələ 2024-cü ilin noyabr ayında hakim “Gürcü Arzusu” partiyasının ölkənin Avropa İttifaqına üzvlük müraciətini dayandırmasına cavab olaraq başlayıb. 

"Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il də avqustun 3-də Tbilisidə həbs edilib. 

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi. 

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. 

Lakin fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. 

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist aprelin 16-da azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo