Foto/kollaj: Toplum TV
Hökumət nə qədər Azərbaycanı iqtisadi baxımdan Cənubi Qafqaz regionunun lider dövləti kimi təqdim etsə də, əhalinin rifah göstəriciləri bu iddianın tam əsaslı olmadığını göstərir. Məsələ təkcə qonşu ölkədə orta aylıq əməkhaqqının Azərbaycandan dollar ifadəsində 35% yüksək olaraq 860 dollara çatmasında deyil.
Gürcüstanın rəsmi statistika qurumunun ev təsərrüfatlarının istehlak xərclərinə dair aylıq sorğusunun nəticələrinə əsasən, 2025-ci ilin noyabrında bu xərclərin orta aylıq həcmi 3125 lari təşkil edib ki, bu da mövcud məzənnə ilə təxminən 2000 manata bərabərdir. Azərbaycanda isə ev təsərrüfatlarının büdcə müayinəsinin 2024-cü il üzrə nəticələri və 2025-ci ilin ötən dövrü üçün rəsmi inflyasiya göstəriciləri nəzərə alındıqda, analoji məbləğin 1600 manata yaxın olduğu görünür. Bu isə Gürcüstanla müqayisədə təxminən 20% azdır.
Azərbaycanın rəsmi statistikası ölkədə yoxsulluq səviyyəsinin 5% olduğunu açıqlayır. Gürcüstan hökuməti isə bu göstəricinin 10%-ə yaxın olduğunu bildirir - yəni Azərbaycandan təxminən iki dəfə yüksək. Lakin ev təsərrüfatlarının xərclərinin strukturu bu mənzərənin əksini göstərir.
“Engel qanunu” kimi tanınan iqtisadi yanaşmaya görə, əhalinin ümumi xərclərində qida xərclərinin payı nə qədər yüksəkdirsə, yoxsulluq səviyyəsi də bir o qədər yüksək olur. Gürcüstan statistika qurumunun 2025-ci ilin noyabr ayı üzrə məlumatlarına əsasən, ev təsərrüfatlarının istehlak xərclərində ərzağın payı 34,5% təşkil edib. Azərbaycanda isə bu göstərici təxminən 43%-dir. Bu fakt “Engel qanunu” prizmasından yanaşdıqda, Azərbaycanda yoxsulluq səviyyəsinin Gürcüstanla müqayisədə aşağı olmadığına işarə edir.
Azərbaycan üzrə ev təsərrüfatları tədqiqatının nəticələrinə görə, ailələr ümumi xərclərinin cəmi 1,7%-ni təhsilə, 5,2%-ni isə səhiyyəyə yönəldir. Gürcüstanda isə təhsilə ayrılan xərclərin payı üç dəfə yüksəkdir və ümumi xərclərin 5,1%-ni təşkil edir. Səhiyyə xərclərinin payı da Azərbaycandan xeyli çoxdur - 8,2%.
Rəsmi statistikaya əsasən, Azərbaycanda ev təsərrüfatlarının aylıq istehlak xərclərinin 11%-i istirahətə, mədəni xidmətlərə, mehmanxana və ictimai iaşə xidmətlərinə sərf olunur. Gürcüstanda bu göstərici təxminən 7% səviyyəsindədir. Kommunal xidmətlərin payı isə Azərbaycanda 8%, Gürcüstanda isə 9,8% təşkil edir.
Qeyd etməyə dəyər ki, Gürcüstanın statistika qurumu ev təsərrüfatlarının aylıq istehlakına dair onlayn sorğu portalında “fərdi inflyasiya kalkulyatoru” da yaradıb. Bu alətdə inflyasiyanın hesablanması üçün zəruri olan mal və xidmətlərin orta statistik çəkiləri təqdim olunur. İstifadəçi istehlak etdiyi məhsul və xidmətlərin qiymətlərini daxil etdikdə, sistem həmin çəkiləri avtomatik tətbiq etməklə fərdi inflyasiya səviyyəsini hesablayır.
Bu mexanizm vətəndaşların rəsmi qaydada hesablanan inflyasiya göstəricilərinə etimadının formalaşması baxımından mühüm alət hesab olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Akif Qurbanov: "Hakimiyyətin propaqanda maşınının təqdim etdiyi sübutu təkcə mənim 2 sənədim darmadağın edir"
Foto: VOA
Foto: açıq mənbə