Manşet

İqbal Əbilov: “İnsan özünə azad düşünməyə icazə verdiyi vaxta qədər azaddır”

10 Noyabr, 2025
587

Foto: sosial media

Həbsdə olan elmi tədqiqatçı İqbal Əbilov həbsxanadan ictimaiyyətə məktub göndərib. Məktub İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi tərəfindən ictimailəşdirilib.

 “Toplum TV” məktubu olduğu kimi təqdim edir.

“Mən Azərbaycandan gedəndə hələ 8 yaşım tamam olmamışdı. Keçən ilin yayına qədər Azərbaycana gəlişlərimin hamısını üst-üstə qoysaq, bir il belə olmaz. İndi o vaxtdan bu yana ilk dəfədir ki, mən bir ildən çoxdur Azərbaycandayam. Zindanda.

Amma mən özümü azad hiss edirəm - hər sabah oyananda, hər gecə yuxuya gedəndə, hər dəfə müstəntiqlərin, prokurorların, hakimlərin qarşısına çıxanda. Çünki insan özünə azad düşünməyə icazə verdiyi vaxta qədər azaddır. Öz ürəyində, evdə, universitetdə, zindanda, küçədə insan öz azadlığını öz vicdanı qarşısında təsdiq edir.

Kimsə düşünə bilər ki, mövcud şəraitdə mənim bu fikrim zindana aparan yol idi. Amma mənim üçün o, həmişə azadlıq yolu olub. Azadlığın və elmi obyektivliyin yeganə mümkün olan yolu.

Həbs olunduqdan sonra gözlərimlə gördüm ki, Canni Rodarinin qəhrəmanı Çipollinonun atası Çipollone düz deyirmiş: zindanlarda neçə-neçə qeyrətli insanlar oturur! Məndən 30 gün sonra pasifist fikirlərinə görə Bəhruz Səmədov tutuldu. Sonra öz hüquq müdafiəsi fəaliyyətinə görə Rüfət Səfərov həbs edildi.

Bir az sonra öz və digər siyasi dustaqların məhkəmə iclaslarında gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayevanın həbs olunduqlarının xəbərini eşitdim. Ötən bir il ərzində onların müstəqil mediadakı həmkarları zindana salındılar: Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də tutuldu.

Öz uzunmüddətli ictimai, siyasi və jurnalist fəaliyyətlərinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və “Abzas Media”dakı həmkarları bu gün həbsxanalardadır.

Ellias Kanettinin sözlərini bir qədər fərqli ifadə etsək - zindan bir təhdid olaraq iqtidarın xırda puludur. Siyasi məhbusların hamısı bu qanunsuzluğun “corpus delicti”sidir.

Buradan onların hər birinə, onların yaxınlarına öz dəstəyimi göndərirəm. Onlara və mənə dəstək olan hər kəsə, bütün fəallara, ölkədaxili və beynəlxalq təşkilatların hamısına bir-bir minnətdarlığımı bildirirəm. Xüsusi təşəkkürümü ailəmə, dostlarıma, yaxınlarıma, vəkillərim Rövşanə Rəhimova və Fariz Namazlıya, həmçinin hüquqlarımı müdafiə edən komitənin sədri Hilal Məmmədova və bütün üzvlərinə çatdırıram.

Siyasi məhbusların düşüncələri bir-birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin öz fikrini azad ifadə etmək haqqı var. Çünki azadlıq bir-birinə nifrətlə deyil, sadəcə öz haqlarını düşünməklə deyil, qətiyyətlə bir-birinin haqlarını dəstəkləməklə gəlir.”

Başqa bir məlumatda bildirilir ki, Talış Milli Akademiyası İqbal Əbilovun redaktorluğu ilə talışşünaslığa həsr olunmuş “Acta Talyshica” adlı elmi topluya məqalələr qəbul edir.

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

İttihama görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır. Əbilova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT məruzəçiləri, İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo