Manşet

“Zəngəzur dəhlizi” və ya “Tramp marşrutu”: İran və Rusiya mane olacaqmı?

13 Avqust, 2025
95

Foto/kollaj: Toplum TV

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub. 

Azərbaycandan Naxçıvana maneəsiz nəqliyyat yolunun açılması barədə öhdəlik hələ 2020-ci ilin noyabrın 10-da İkinci Qarabağ Müharibəsini sonlandıran, Rusiya prezidentinin iştirakı ilə imzalanan bəyanatda öz əksini tapmışdı. 

Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər o vaxtdan bəri bu yolu “Zəngəzur dəhlizi” adlandırırdı. Hətta Əliyev 2021-ci ilin aprelində AzTV-yə müsahibəsində deyib ki, Ermənistan istəsə də, istəməsə də, “Zəngəzur dəhlizi” icra olunacaq. “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”, - o qeyd edib. 

Vaşinqtonda azərbaycanlı jurnalistlərə müsahibə verən Əliyev “Zəngəzur dəhlizi” terminindən istifadə etməyib, əvəzində yolu bəyannamədə qeyd olunduğu kimi “TRIPP” adlandırıb. O, marşrutun dəmiryolu nəqliyyatından ibarət olacağına eyham vurub və bildirib ki, bunun üçün işlər davam etdirilir. 

““TRIPP” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”, - Əliyev vurğulayıb. 

Onun sözlərinə görə, Azərbaycan tərəfdən dəmir yolunun Ermənistan sərhədinə çatdırılması üçün bir ildən az vaxt lazımdır və eyni zamanda Naxçıvanda da dəmir yolunun bərpasına başlanılacaq. 

ABŞ-nin iştirak edəcəyi nəqliyyat xətti ideyası İran və Rusiya tərəfindən birmənalı qarşılanmayıb. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur. 

“Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki tərəflərdən heç biri onlardan rəsmi olaraq geri çəkilməyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanında iştirakını, xüsusilə də respublika ərazisindən keçən tranzit əməliyyatlarının tənzimlənməsi baxımından, nəzərə almaq vacibdir”, - o qeyd edib. 

İran prezidenti Məsud Pezeşkian “TRIPP”-lə bağlı ölkəsinin “yeganə narahatlığının” yolun ABŞ şirkəti tərəfindən tikilməsi olduğunu desə də, İran ali lideri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu mövzuda daha sərt çıxış edib. O bildirib ki, İran marşruta qarşı çıxacaq. 

“İran Rusiyanın qoşulub-qoşulmayacağından asılı olmayaraq Cənubi Qafqazın təhlükəsizliyi üçün uyğun şəkildə hərəkət edəcək. Hesab edirik ki, Rusiya da strateji baxımdan həmin dəhlizə qarşıdır”, –  Vilayəti bildirib.

O, “TRIPP”-in sadəcə ticarət marşrutu deyil, İran və digər qonşu ölkələrə qarşı siyasi bir plan olduğu haqda xəbərdarlıq edib. 

“NATO üzvü olan Türkiyədən başqa digər NATO ölkələri də bu bölgədə mövcud olmaq istəyir. NATO ilan kimi İranla Rusiya arasına girmək istəyir, lakin İran buna icazə verməyəcək”, - İran rəsmisi deyib. 

Vilayəti əlavə edib ki, bu keçid “Trampın muzdlu döyüşçüləri üçün qapıya deyil, qəbiristanlığa çevriləcək”. O, planı Ermənistanın ərazi bütövlüyünü zəiflətməyi hədəfləyən “siyasi xəyanət” kimi xarakterizə edib.

Konfliktoloq Arif Yunus Toplum TV-yə müsahibəsində bildirib ki, İranla müqayisədə Rusiyanın proseslərə mane olma imkanları daha böyükdür. O düşünür ki, Rusiya Ermənistanda müxalifətin əli ilə prosesi pozmaq üçün cəhdlər edəcək. 

“Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda baş tutacaq. Orada iqtidar administrativ resurslara nəzarət etsə də, müxalifətin maddi resursları hakimiyyətdən daha çoxdur. Hazırda həbsdə olan Samvel Karapetyan da daxil olmaqla bir sıra milyarderlər və müxalifət liderləri Rusiyaya yaxınlığı olan adamlardır. Şübhəsiz ki, Rusiya 2027-ci ilə qədər ölkədə etiraz aksiyaları və başqa yollarla Paşinyana mane olmağa çalışacaq”, - o deyib. 

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov da düşünür ki, İranın “TRIPP” üzərində təsir imkanları məhduddur. 

“Sual budur ki, İran bu ritorikanı real addımlarla dəstəkləyə biləcəkmi? Vilayəti İranın “Rusiya ilə, yaxud Rusiyasız” hərəkət edəcəyini desə də, Tehranın dəhlizi bloklamaq üçün hansı sərt gücə sahib olduğu hələ bəlli deyil. Ermənistanın son anda dəhlizin icrasına qarşı müqaviməti Tehrana kömək edə bilər, amma 2020 və 2023-cü illərdəki hərbi məğlubiyyətlərdən sonra təhlükəsizlik təminatına ümidsiz şəkildə ehtiyacı olan Ermənistan ABŞ-yə qarşı çıxmayacaq. Ermənistan rəsmiləri Tehranla danışmağa davam edir, amma bu “müzakirələr” Ermənistanın xarici siyasətinə dair fundamental deyil, yalnız sakitləşdirici xarakter daşıyır”, - Eldar Mamedov qeyd edib. 

Yenicə normallaşan İran–Azərbaycan münasibətlərinə toxunan Mamedov bu yaxınlaşmanın da risk altında olduğunu deyir. 

“Bakı Tehranı qıcıqlandırmamaq üçün gərginliyi azaltmağa çalışacaq. Lakin “TRIPP”-in ABŞ tərəfindən icarəyə götürülməsi İranın “qırmızı xətlərini” pozur. Uzunmüddətli perspektivdə İran–Azərbaycan münasibətlərində aşınma baş verəcək. Türkiyə və İsraillə yaxın olan Azərbaycanın  indi isə ABŞ ilə yaxınlaşması İranı Cənubi Qafqazda tədricən kənarlaşdıracaq. Dəhliz icra olunarsa, İranın Ermənistana quru yolu fiziki olaraq kəsiləcək və onun regional rolu zəifləyəcək”, - o əlavə edib. 

Avqustun 13-də brifinqdə Dövlət Departamenti sözçüsü Temmi Brus jurnalistin İran və ya Rusiyanın “TRIPP”-ə mane olmağa çalışacağı halda ABŞ-nin hansı addımı atacağı sualını cavablayıb. 

“Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr yürütməyəcəyəm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir”, - o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Putinin iqamətgahı ətrafında hava hücumundan müdafiə mövqeləri qurulub

13 Avqust 2025

Foto: AP

Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 hava hücumundan müdafiə (HHM) mövqeyi qurulub. Bu barədə “Yandeks”dən yeni peyk şəkilləri və “Yandeks.Zerkala" xidmətinin fotoşəkillərini tədqiq edən “Azadlıq Radiosu”-nun Rusiya xidməti məlumat yayıb . Qeyd olunur ki, bu mövqelər əsasən "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub və Putinin həyat yoldaşı olduğu iddia edilən Alina Kabayeva və uşaqları tez-tez Valdayda vaxt keçirirlər. "Proyekt" 2023-cü ildə yazırdı ki, Kabayeva və uşaqları üçün orada yeni ev tikilb və köməkçiləri  iqamətgah yaxınlığında mənzillər alıblar. Bununla belə, jurnalistlər Moskva şəhərində və əhalisi 20 milyondan çox olan Moskva vilayətində yalnız 60 hava hücumundan müdafiə mövqeyi müəyyən ediblər.
Manşet

Madonna Roma Papasından Qəzzaya getməsini istəyir 

12 Avqust 2025

Foto: açıq mənbə

Amerikalı müğənni Madonna Roma Papası Leodan Qəzza zolağına səfər etməsini istəyib.  Avqustun 11-də “Instagram” səhifəsində müraciət edən müğənni, papadan aclıqla mübarizə aparan uşaqlara kömək etməsini istəyib.  “Ən Müqəddəs Ata, xahiş edirəm Qəzzaya gedin və işığınızı uşaqlara gətirin, gec olmadan. Bir ana kimi onların əzabına baxmağa dözə bilmirəm. Dünyanın uşaqları hamımıza məxsusdur. Siz bizim aramızda yeganə insansınız ki, sizə giriş qadağan oluna bilməz”, - o qeyd edib.  Madonna oğlu Rokkonun doğum günündə paylaşdığı postda əlavə edib ki, ona verə biləcəyi ən yaxşı hədiyyə “hər kəsdən atəşin ortasında qalan günahsız uşaqları xilas etmək üçün bacardıqlarını etməyi xahiş etməkdir”.  Madonna siyasi olaraq tərəf...

Seçilmiş Videolar

Toplum TV loqo