Foto: APA
Yanvarın 14-də Azərbaycanda həbs cəzası çəkən dörd erməni məhbus azad olunaraq Ermənistana qaytarıldı.
Azərbaycan ictimaiyyəti xəbəri Ermənistan baş naziri Nikol Paşinyandan öyrəndi və müharibə cinayətlərində təqsirli bilinmiş şəxslərin qaytarılması ilə bağlı rəsmi izahat verilmədi.
Növbəti gündən mətbuatda çıxış edən deputatlar isə burada “humanizm prinsipinin rəhbər tutulduğuna” diqqət çəkdilər.
"Toplum TV"-yə danışan vəkil Fariz Namazlı deyir ki, məhkumların qaytarılması hökumət tərəfindən izah edilmədiyindən məsələnin hüquqi tərəfi barədə konkret fikir bildirmək çətindir.

"Çünki hazırda dünya siyasəti elə həyata keçirilir ki, bəzən beynəlxalq hüquq normaları belə tapdalanır, onlara əməl edilmir, onlardan kənar addımlarla işlər görülür. Amma ümumi beynəlxalq təcrübəni, beynəlxalq hüquq qaydalarını əsas götürsək, iki ölkə arasında məhkumların qaytarılmasına dair müqavilə olmalıdır", - o qeyd edib.
F.Namazlı xatırladır ki, məhkumların cəzasının qalan hissəsini vətəndaşı olduqları ölkədə çəkməsi üçün həmin ölkəyə verilməsi ilə bağlı 2 konvensiya mövcuddur. Bunlar "Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında", 6 mart 1998‑ci il tarixli Moskva Konvensiyası və "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 21 mart 1983‑cü il tarixli Avropa Konvensiyasıdır. Azərbaycan və Ermənistan hər iki konvensiyanı ratifikasiya edib.
Hər iki konvensiyanın müddəalarına görə, dövlətlər məhkum edilmiş şəxslərin köçürülməsi sahəsində əməkdaşlığın hərtərəfli inkişafına dair öhdəlik götürürlər. Onlardan birinin ərazisində məhkum edilmiş şəxs barəsindəki hökmün icrası üçün razılığa gələn digər ölkəyə köçürülə bilər.
Vəkilin sözlərinə görə, məhkumu təhvil alan dövlət məhkum barəsində əfv və amnistiya aktlarını tətbiq etmək, habelə qanunvericiliyində nəzərdə tutulmuş hallarda ağır sağalmaz xəstəlik səbəbindən məhkumu cəzanın çəkilməsindən azad etmək hüququna malikdir. "Lakin bu halda hökmü qəbul edən tərəfə məlumat göndərməlidir.
İndiki halda Azərbaycan və Ermənistan bu Konvensiyalara görə qarşılıqlı əməkdaşlıq edə bilər", - o deyib.
"Əvvəlki illərdə Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud olmayıb. Bunun hüquqi məsələlərə təzahürünə dair əyani sübut olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci ildə qəbul etdiyi "Petrosyan Azərbaycana qarşı" qərarını göstərə bilərəm. Həmin qərarda işin hallarından müəyyən olunur ki, Ermənistan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğuna göndərdiyi müraciət iki dövlət arasında diplomatik münasibətlərin olmaması səbəbilə baxılmadan geri qaytarılmışdır. İndiki halda müharibənin bitməsi və gələcəkdə sülh müqaviləsinin bağlanmasına dair razılaşmanın olması iki ölkə arasında yuxarıda qeyd edilən Konvensiyalara uyğun əməkdaşlığı mümkün edir", - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"