Foto: primeminister.am
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında sülhün artıq bərqərar olduğunu deyib.
O, bunu avqustun 18-də Ermənistan xalqına etdiyi müraciətdə səsləndirib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan razılaşmalara istinad edən Paşinyan bölgədə yeni reallıqlar olduğunu bildirib.
“Avqustun 8-dən sonra biz tamamilə fərqli, tamamilə yeni bir Cənubi Qafqazda, yeni bir Ermənistanda yaşayırıq və bu fakt dərk olunmalıdır. Mən bunu ona görə deyirəm ki, bunu dərk etmək asan deyil, çünki bu, bizim üçün tanış olmayan bir vəziyyət və reallıqdır”, - baş nazir qeyd edib.
“Biz sülhün nə olduğunu bilmirik, sülh içində yaşamağın, işləməyin nə demək olduğunu bilmirik. Bu, bizim üçün tanış olmayan bir hissdir, çünki müstəqilliyimizin ilk günündən münaqişə atmosferində, müharibə vəziyyətində və ya “nə müharibə, nə də sülh” şəraitində yaşamışıq. İnsanlar, əlbəttə, sülh arzulayıblar, amma digər tərəfdən, “sülh” sözünü işlədənlər çox vaxt həmin sözə görə mühakimə olunub və tənqid ediliblər”, - o əlavə edib.
Paşinyan Vaşinqton anlaşmaları nəticəsində ölkəsinin artıq “30 illik blokadadan” çıxdığını bildirib.
Azərbaycanı Naxçıvana birləşdirəcək “Tramp marşrutu"na toxunan baş nazir Ermənistanın sərhəd-keçid prosesini sadələşdirəcəyini, lakin bunun detallarının gələcəkdəki danışıqlar əsasında müəyyən olunacağını deyib.
“Bəs bu, bizim üçün yeni narahatlıqların qapısını açmırmı? Qətiyyən yox, çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndi qarşılıqlılıq prinsipini də təsbit edir və bu da Azərbaycanla balanslı və qarşılıqlı qəbul edilən həll yollarını tapacağımıza təminat verir. Bu razılaşmalar qlobal səviyyədə, qeyd etdiyim kimi, Vaşinqton Bəyannaməsində əks olunub”, - o vurğulayıb.
Paşinyan daha sonra Azərbaycanda həbsdə olan ermənilərin məsələsinə münasibət bildirib. O deyib ki, Ermənistan 2022-ci ilin yazında sülh sazişinin mətni üzrə danışıqlar başlayandan bu məsələnin də sazişə əlavə edilməsinə çalışıb.
“Lakin danışıqlar uzandıqca biz başa düşdük ki, Azərbaycanın ərazisində əsirlikdə saxlanılan həmvətənlərimizin məsələsinin müqavilənin mətni daxilində qeyd olunması onların qaytarılmasının müqavilənin imzalanması və ratifikasiyası ilə şərtləndiyi kimi yozula bilər və biz bu fərziyyə ilə nə o vaxt, nə də indi hərəkət etmirik”, - o izah edib.
Baş nazir əlavə edib ki, buna baxmayaraq, Ermənistan məsələnin mümkün qədər tez həll olunması üçün “möhtəşəm diplomatik işlər görür”.
Qarabağ məsələsinin də sülh sazişi mətnində olmamasına aydınlıq gətirən Paşinyan bu mövzunun, ümumiyyətlə, sülh üçün təhlükəli olduğunu bildirib.
“Qarabağ məsələsi bağlanmadan sülh mümkün deyil, çünki Qarabağ məsələsi əslində bəzi qüvvələr tərəfindən sadəcə Ermənistanın müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin qurulması və inkişafının qarşısını almaq üçün bir alət kimi istifadə olunmuşdur”, - o deyib.
Ardınca üzünü qarabağlı ermənilərə tutan baş nazir onların yurdlarına qayıdış ideyasını dəstəkləmədiyini söyləyib.
“Ümumiyyətlə, münaqişə başladıqdan sonra qaçqın vəziyyətinə düşmüş şəxslərin geri qayıdışı mövzusunun həm Ermənistanda, həm də Azərbaycanda müzakirəsini sülhə zərər vuran təhlükəli amil hesab edirəm. Bu mövzuların ikitərəfli müzakirəsi qaçqınların özlərinə fayda verməyəcək, əksinə dövlətlər arasında yeni gərginlik mənbəyinə çevriləcək. Mən bu yanaşmanı rəsmi Bakı ilə də bölüşmüşəm. Qeyd edirəm ki, bəli, bu, yeni doğulmuş sülh üçün təhlükəli və zərərli mövzudur”, - o əlavə edib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: od.dsns.gov.ua
Foto/kollaj: Toplum TV
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"