Manşet

Prezident "ana dili itə bilər" deyir, bəs Gürcüstanda Azərbaycan dili fakültəsi niyə açılmır?

11 Dekabr, 2025
196

Foto/kollaj: Toplum TV

Azərbaycan prezidenti İlham Əliyev ötən ay Milli Elmlər Akademiyasında çıxışında xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dili məsələsinə də toxundu. Ölkə başçısı azərbaycanlılar arasında ana dilinin “itirilməsindən” narahatlığını ifadə etdi. 

“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”, - o qeyd edib. 

Bu günlərdə Gürcüstana səfər edən elm və təhsil naziri Emin Əmrullayev də mövzunu gündəmə gətirib. O, “Azərtac”a müsahibəsində deyib ki, bu ölkədə yaşayan azərbaycanlıların ana dilində ali təhsil almaq imkanları “məhdud olmamalıdır”, lakin o, bunun üçün onlara Azərbaycanda təhsil almağı təklif edib. 

“Soydaşlarımıza bu istiqamətdə istər müəllimlik, istərsə də digər ixtisaslar üzrə xüsusi yanaşma olub. Amma biz istərdik ki, onların içərisində Azərbaycan dilinə maraq göstərən daha çox olsun. Çünki Azərbaycan dili müəllimi hazırlığını yalnız ölkəmizdə keyfiyyətli etmək daha asandır. Təbii ki, Azərbaycan dilinin tədrisi ilə bağlı daha çox iş görə bilərik. Bu istiqamətdə işlərimiz yəqin ki, daha intensiv olacaq”, - o bildirib. 

Gürcüstan azərbaycanlısı, ictimai fəal Samirə Bayramova “Toplum TV”-yə deyib ki, 2019-cu ildə bu ölkədə etnik azlıqların ana dilində təhsili məsələsini gündəmə gətirmək üçün özü də daxil olmaqla azərbaycanlı və erməni azlıqların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. 

Onun sözlərinə görə, işçi qrup ölkədə Azərbaycan dilli və erməni dilli məktəblərin olduğunu əsas gətirərək həmin məktəblərdə ana dili fənnini tədris edəcək müəllimlərin məhz Gürcüstanda hazırlanması, buna görə də bu ölkənin dövlət universitetlərində Azərbaycan dili və erməni dili fakültələrinin yaradılması məsələsini qaldırıb. 

Bu barədə hesabat aiddiyatı qurumlara və beynəlxalq təşkilatlara, habelə Azərbaycan və Ermənistanın Gürcüstandakı səfirliklərinə göndərilib. 

“Bununla bağlı mən İlia Dövlət Universitetinə, Texniki Universitetə və başqa ali təhsil müəssisələrinə müraciət etdim. Onlar müsbət cavab verdilər. Hətta İlia Universitetində 2010-cu ilə qədər Azərbaycan dili fakültəsi olub, lakin fakültənin rəhbər şəxsləri vəfat edəndən sonra davam etdirməyiblər. Müəssisələr bildirdilər ki, bu prosesi başlatmağa hazırdırlar, lakin təbii ki, kadr problemi mövcuddur və bunun üçün Azərbaycan və Ermənistanın dəstəyi lazımdır”, - o xatırlayıb. 

S.Bayramova qeyd edir ki, həmin vaxt universitetlərin cavab məktubları ilə birlikdə Azərbaycan səfirliyinə müraciət edib və səfirlikdən də ona prosesə dəstək olunacağı barədə söz verilib. O, 2023-cü ildə Gürcüstana səfər edən elm və təhsil naziri E.Əmrullayevlə də görüşüb və problemi onun diqqətinə çatdırıb. 

Fəal bildirir ki, artıq təşəbbüsün üstündən bir neçə il keçsə də, Gürcüstanda Azərbaycan dili fakültələrinin açılması üçün Azərbaycan tərəfindən heç bir addım atılmayıb. 

“Bu, bir ictimai fəal olaraq mənim idarə edə biləcəyim proses deyildi, mən sadəcə təşəbbüs göstərdim. Amma hər iki ölkə məsələnin həll olunacağı barədə üzərinə məsuliyyət götürdü və deyildi ki, vacib məsələdir, iş görüləcək və s. Üzərindən neçə il keçib, ortada heç nə yoxdur. İndi Azərbaycanın təhsil naziri yenə gəlib, ordan-burdan danışıb, amma yenilik yoxdur”, - o deyib. 

S.Bayramova düşünür ki, Azərbaycan hakimiyyəti Gürcüstan azərbaycanlılarının Azərbaycanda ali təhsil almasında və qayıdıb Gürcüstan məktəblərində Azərbaycanın “daxili və xarici maraqlarını təbliğ etmələrində” maraqlıdır. 

“Axı biz Gürcüstana inteqrasiyadan danışırıq. Bu isə inteqrasiyaya tamamilə zidd bir məsələdir. Azərbaycanda təhsil alan pedaqoqlar gürcü dilini öyrənə bilmirlər, Gürcüstan məktəblərində tədrisə necə öyrəşəcəklər?”, - o sual edib. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo