Manşet

"Sovet dövründə Azərbaycan dilində kitab tərcümələri indikindən yüksək idi"

15 Dekabr, 2025
184

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev ötən ay Milli Elmlər Akademiyasında çıxışı zamanı ana dili məsələsinə də toxunaraq, dilə alınma sözlərin daxil olmasından narahatlığını ifadə edib.

“Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram… Azərbaycan dili 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, – deyə o qeyd edib.

Ölkə başçısı daha sonra bildirib ki, ana dili qorunmasa, “milli kimliyimiz sarsıla bilər” və dilçilərə, yazıçılara, jurnalistlərə, eləcə də dili ictimai şəkildə istifadə edən digər şəxslərə müraciət edərək bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb.

İlham Əliyevin mövzunu gündəmə gətirməsi Milli Məclisdə, mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Dekabrın 8-də parlamentdə Milli Məclis üzvlərinin, elm və təhsil nazirinin və ictimai fiqurların iştirakı ilə mövzuya həsr olunmuş konfrans keçirilib. Konfransın açılışında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, prezidentin çağırışı dil məsələsinin “bütün cəmiyyətin üzərinə düşən milli məsuliyyət olduğunu göstərir”.

Digər çıxışçılar da prezidentin narahatlığını bölüşərək Azərbaycan dilinə alınma sözlərin gətirilməsindən, eləcə də kütləvi informasiya vasitələrində Azərbaycan dilində olmayan sözlərin işlədilməsindən gileyləniblər.

Yazıçılar Birliyinin sədri Anar Rzayev isə bildirib ki, “ingilis dilindən hər sözü lüğətimizə daxil edə bilmərik”. “Azərbaycanda bütün dükanlar niyə “market” adlandırılmalıdır? Məgər turist bunu ayırd edə bilmir? Turist bu qədərmi kütdür ki, qarpız-yemişi digər satış məntəqələrindən ayıra bilməsin? Niyə mütləq “market” olmalıdır? Bu kimi sözlər televiziya və radio vasitəsilə dilimizə daxil olur. Rus dilindən biz cəmi 6-7 söz – kolxoz, komsomol və s. almışdıq”, - deyə o qeyd edib.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə bildirib ki, rəhbərlik etdiyi qurum iki həftə ərzində televiziya verilişlərində 3 minə yaxın əcnəbi sözün işləndiyini müşahidə edib. Onun sözlərinə görə, bununla bağlı telekanallara yanvar ayından etibarən xəbərdarlıqlar göndəriləcək.

“Toplum TV”- yə danışan və təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən ekspert hesab edir ki, Əliyevin ana dilinin qorunması ilə bağlı dediklərində “həqiqət payı var, lakin dilə alınma sözlərin daxil olması tamamilə təbii bir prosesdir”.

Ekspertin sözlərinə görə, xarici mənşəli sözlərin gündəlik danışıqda geniş yayılmasını iki əsas faktorla izah etmək olar. “Birinci faktor qloballaşmadır ki, ingilis və digər beynəlxalq dillərin təsiri orta hesabla bütün dünya dilləri üzərində eynidir və qarşısıalınmaz bir prosesdir. İkinci faktor isə Azərbaycan dilinə dövlət qayğısının az olması ilə əlaqəlidir. Misal üçün, nə qədər paradoksal görünsə də, sovet dövründə Azərbaycan dilində kitab tərcümələri indikindən qat-qat yüksək idi. Hazırda Azərbaycan dilində nə kitab tərcümələrinə, nə də bilik istehsalına yetərli maddi vəsait ayrılır. Bu da dilin innovativliyini və istifadəyə yararlılığını aşağı salır”, - deyə o bildirib.

Müsahibimiz İlham Əliyevin ana dili ilə bağlı narahatlığında səmimi olmadığını düşünür. Onun fikrincə, “ölkə başçısı tərəfindən ara-sıra bu cür populist və millətçi tənqidlərin səsləndirilməsi onun ölkədəki ictimai-siyasi diskursun gündəliyinə təsir etmək və onu istiqamətləndirmək istəyindən irəli gəlir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo