Manşet

Ukrayna‐Qərb razılaşmaları Rusiyanı çətin seçim qarşısında qoyur: Moskva sülhə razı olacaq, yoxsa riskləri artıracaq?

7 Yanvar, 2026
196

Foto: sosial media

Yanvarın 6‐da Fransanın paytaxtı Parisdə Ukrayna üçün təhlükəsizlik təminatları verilməsi, o cümlədən müharibədən sonra ölkə ərazisində çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı Bəyannamə imzalanıb.

Fransa, Böyük Britaniya və Almaniya başda olmaqla, “İstəklilər koalisiyası” adlandırılan ölkələrin liderləri və digər təmsilçilərinin imzaladığı Paris Bəyannaməsinin əsas komponentləri aşağıdakılardır:

‐ Atəşkəsin fasiləsiz monitorinqini həyata keçirəcək texniki nəzarət sisteminin qurulması və atəşkəs pozuntularına reaksiyanın müəyyənləşdirilməsi üçün xüsusi komissiyanın yaradılması;

‐ Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli hərbi və maliyyə dəstəyi, texniki yardım göstərilməsi;

‐ Quru, hava və dənizdə təlükəsizliyə nəzarət, Ukrayna ordusunun təlimi və işğalçını çəkindirmək məqsədilə çoxmillətli qüvvələrin formalaşdırılması;

‐ Gələcəkdə Rusiyanın mövbəti hücumunun baş verəcəyi təqdirdə Ukraynaya hərbi, kəşfiyyat və logistik dəstək verilməsi, təcavüzkara qarşı sanksiyaların tətbiqi barədə öhdəliklər.

Bu tədbirlərin həyata keçirilməsi üçün Ukrayna, Avropa və ABŞ‐nin iştirakı ilə koordinasiya qrupunun yaradılması qərara alınıb. ABŞ çoxmillətli qüvvələrin tərkibində təmsil olunmayacaq, sadəcə olaraq, atəşkəsin monitorinqinə texniki dəstək verəcək. Eyni zamanda, Vaşinqton Ukraynada Avropa hərbi qüvvələrinin yerləşdirilməsini də dəstəkləyir.

Qeyd olunan məqamlar, xüsusən Ukrayna ərazisində Avropa ölkələrinin hərbi kontingentinin

yerləşdirilməsi barədə razılaşma şübhəsiz ki, çox əhəmiyyətlidir. Lakin bu, o demək deyil ki, Rusiya gələcəkdə yenidən Ukraynaya hücum edərsə, avropalılar ukraynalılarla çiyin‐çiyinə döyüşəcək. Onlar öz üzərlərinə belə bir öhdəlik götürmürlər. İşğalçının qarşısına yenə Ukrayna ordusu çıxacaq. Fransa prezidenti Emmanuel Makronun da dediyi kimi, birinci müdafiə xəttində Ukrayna Silahlı Qüvvələri dayanacaq. Onların sayı 800 min nəfərdən ibarət olacaq.

Bu və digər detalların qabaqcadan konkret müəyyənləşdirilməsi o baxımdan müsbətdir ki, ukraynalılarda hər hansı illüziya olmasın. Müharibədən sonrakı dövrdə düşmən bir daha qayıtsa, onunla yenə Ukrayna xalqı özü döyüşəcək və qurbanlar verəcək. Amma 2014‐cü və 2022‐ci illərlə müqayisədə əsas fərq odur ki, bu dəfə arxasında Qərbin real, güclü dəstəyi olacaq. 1994‐cü il tarixli Budapeşt Memorandumunun acı təcrübəsindən dərs çıxaran Ukrayna rəhbərliyi bu dəfə eyni səhvi təkrarlamaq istəmir.

Qarşıdakı həftələrdə Ukrayna ilə ABŞ arasında da təhlükəsizlik təminatları haqqında sənəd imzalanacağı gözlənilir. Bu sənəd Konqresdə ratifikasiya edilərək hüquqi öhdəlik statusuna malik olacaq.

Amma unutmaq olmaz ki, bütün bu razılaşmalar, vədlər, təminatlar müharibədən sonrakı dövr üçün nəzərdə tutulub. Bunların qüvvəyə minməsi üçün hərbi əməliyyatlar sona çatmalıdır. Rusiyanın qərarı həlledicidir: o, sülhə razı olmalıdır ki, müharibə dayansın. Məsələ də elə bu nöqtədə düyünlənir. Putin rejimi hadisələrin bu cür inkişafından məmnun qala bilməz. 

Rusiya Ukrayna ərazisinin 20 faizə yaxınını işğal etsə də, qarşısına qoyduğu siyasi məqsədlərə hələ ki nail ola bilməyib. Müharibəyə başlamaqla Rusiyanın əsas məqsədi o idi ki, Ukraynanı yenidən öz təsir sferasına qaytarsın, Kiyevdə zəif və Moskvadan asılı olacaq marionet rejim formalaşdırsın.

“Denasifikasiya və demilitarizasiya” şəklində ümumiləşdirilmiş hədəflərin sadə dildə izahı budur. Ukrayna və Qərb arasındakı razılaşmalar isə bu məqsədlərin istər indi, istərsə də gələcəkdə həyata keçirilməsinin önünə sədd çəkir. Çoxmillətli qüvvələr faktiki olaraq, Ukrayna ərazisində NATO ölkələrinin hərbi bazalarının yaradılması deməkdir. Ukraynaya həm təhlükəsizlik zəmanətləri verilir, həm də onun bərpasına ciddi maliyyə dəstəyi vəd olunur. 2030‐cu ilə qədər Ukraynanın Avropa İttifaqına qəbulu nəzərdə tutulur. Bütün bunlar son nəticədə güclü və inkişaf etmiş Ukrayna dövlətinin formalaşması ilə nəticələnə bilər ki, bu, Rusiya üçün qəbulolunmazdır.

Ona görə də Moskva hazırda masada olan anlaşmalara razılıq vermək istəmir və danışıqları uzadır. Putinin iqamətgahına Ukrayna dronlarının hücumu barədə iddia ilə çıxış etmək prosesi pozmağa hesablanmışdı. Lakin ABŞ buna inanmadı. Rusiya sülhdən qəti olaraq imtina edərsə, Trampın güclü təzyiqləri ilə üzləşə bilər. Bu səbəbdən də Putin çətin seçim qarşısında qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo