Manşet

Xaricdə yaşayan azərbaycanlı vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentinə çağırış edib

12 Dekabr, 2025
147

Foto: president.az

Azərbaycandan kənarda yaşayan vətəndaş cəmiyyəti üzvləri və media nümayəndələri Avropa Parlamentinə müraciət ünvanlayıblar.

“Toplum TV” ilə paylaşılan müraciətdə onlar parlament üzvlərinin diqqətini Azərbaycanda “sürətlə pisləşən insan hüquqları vəziyyətinə” çəkmək və Avropa İttifaqının (Aİ) prinsipial mövqe ortaya qoymasında Avropa Parlamentinin aparıcı rol oynamasını istəyiblər.

Müraciətçilər bildiriblər ki, Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti, media, siyasi müxalifət və bütün tənqidi səsləri “aradan qaldırmaq məqsədilə sistem qurub”.

Onlar hazırda Azərbaycanda 400-dən çox siyasi məhbusun olduğunu, 2023-cü ilin noyabrından etibarən “Toplum TV” də daxil olmaqla müstəqil media orqanlarının fəaliyyətinə qadağa qoyulduğunu qeyd ediblər.

Müraciətçilər digər təqiblərə nümunə kimi AXCP sədri Əli Kərimlinin həbsi, ölkədən kənarda yaşayan tənqidçilərə qarşı cinayət işlərinin açılması, beynəlxalq media qurumlarının akkreditasiyalarının ləğv edilməsi və vəkil Zabil Qəhrəmanovun həbsini sadalayıblar.

Müraciətdə qeyd olunub ki, Aİ-nin Azərbaycandakı təqiblərə “səssizliyi razılıq əlaməti kimi başa düşülür”.

“Azərbaycanın əsas investoru və ən böyük ticarət tərəfdaşı olmasına baxmayaraq, Aİ bu repressiyanı dayandırmaq üçün öz təsir imkanlarını istifadə etməyib. Bakı səfərlərində yüksək səviyyəli görüşlərdə insan hüquqları mövzusu açıq müzakirə edilməyib və müstəqil fəallarla görüşlər keçirilməyib. 2025-ci ilin aprelində yüksək nümayəndə Kaya Kallas enerji sahəsində əməkdaşlığı tərifləyib, lakin insan hüquqlarını açıq şəkildə qeyd etməyib. Bu səssizlik Bakıda siyasi siqnal kimi başa düşülüb ki, daha çox repressiya da nəticəsiz qalacaq”, - deyə vurğulanıb.

Müraciətçilər Aİ-nin Azərbaycandakı təqiblərə münasibətinin Belarus və Gürcüstanla bağlı “prinsipial reaksiyası ilə kəskin ziddiyyət” təşkil etdiyini bildiriblər.

Bununla belə, onlar Avropa Parlamentinin Azərbaycandan olan nümayəndə heyətini etibarsız sayması barədə qərarını, həmçinin sanksiyalar və 2022-ci il enerji memorandumunun dayandırılması ilə bağlı çağırışları alqışladıqlarını qeyd ediblər.

“Lakin bu tövsiyələr Avropa Komissiyası və Aİ Xarici Əlaqələr Xidməti tərəfindən həyata keçirilməyib və bu da Azərbaycan vətəndaş cəmiyyətini təcrid edib və müdafiəsiz qoyub”, -  müraciətdə vurğulanıb.

Azərbaycanlı vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentindən Azərbaycan-Aİ münasibətlərinə dair “açıq insan hüquqları meyarlarını ehtiva edən aydın yol xəritəsini göstərən” qərar qəbul etməsini istəyiblər və digər tələblər irəli sürüblər.

“Artıq Azərbaycanda demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti təşkilatı və media qurumu fəaliyyət göstərmir. Mühacirətdə olan fəallar artan risklərlə üzləşirlər və ABŞ-dən gələn dəstək dayandırılıb.

İndi yalnız Avropa İttifaqı bu məsələyə təsir etmək və cavab vermək imkanına malikdir. Avropa Parlamentindən güclü mövqe, Azərbaycan hakimiyyətinə, vətəndaş cəmiyyətinə və regiona vacib mesaj verəcək: Aİ-nin insan hüquqlarına və qanun aliliyinə bağlılığı müzakirə olunmur”, - deyə onlar müraciəti sonlandırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo