Foto: açıq mənbə
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və Ermənistan arasında dekabrın 2-də Brüsseldə imzalanmış strateji tərəfdaşlıq sənədinin "ciddi narahatlıq" doğurduğunu bildirib.
Dekabrın 9-da bəyanat yayan XİN qeyd edib ki, Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı "hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir" və bu, Azərbaycan-Aİ münasibətlərinin perspektivlərinə "mənfi təsir edir".
"Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir", - deyə vurğulanıb.
XİN əlavə olaraq bildirib ki, sənəddə Beynəlxalq Ədalət Məhkəməsinin "bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur."
XİN xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişinin mətnində iki ölkə tərəfindən bu cür məhkəmə iddialarının geri çəkilməsinə dair müddəa yer alıb.
XİN Azərbaycanda həbsdə olan ermənilərin sözügedən sənəddə "əsir" kimi qeyd olunmasına da etiraz edib. "Onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir", - deyə əlavə olunub.
Bəyanatda etiraz edilən digər məsələ Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilən Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) sənəddə dəstəklənməsi olub.
"Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq", - deyə XİN sonda vurğulayıb.
Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
Tərəfdaşlığa təhlükəsizlik və müdafiə sahəsində daha güclü əməkdaşlıq, iqtisadi inkişafa, institutlarım gücləndirilməsinə dəstək daxildir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"