Məhkəmə

İlkin Əmrahovun son sözündən: “Görünən odur ki, faydalı işlər görmək ökəmizdə terrorizmə bərabər tutulur”

6 Avqust, 2026
50

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahovun məhkəmədəki son sözünü təqdim edirik.

“15 aydır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi deyil, daha çox müşahidəçi kimi iştirak etmişəm. Çünki əvvəldən məhkəmənin ədalətli mühakimə aparacağına dair gözləntim olmayıb. Müşahidələrimə görə, Cinayət Prosessual Məcəlləsində (CPM) nəzərdə tutulan qanunların və hüquqların əksəriyyətinə praktikada əməl olunmur. Həbsdə olduğum 2 ildən çox müddətdə onlarla təqsirləndirilən şəxsin cinayət işi ilə tanış olmuşam. Nəticə olaraq deyə bilərəm ki, cinayət işinin ağırlıq dərəcəsindən və motivindən asılı olmayaraq, şəxs həbs olunursa, kifayət qədər pulu və ya "yuxarılarda" tanışı yoxdursa, potensial məhkum sayılır. Çox böyük ehtimalla azadlıqdan məhrum ediləcək. Hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən vətəndaşların AR Konstitusiyası ilə qorunan hüquq və azadlıqları total surətdə və kobud şəkildə pozulur.

İttiham olunduğum cinayət işi üzrə keçirilən məhkəmə də ibtidai istintaqdan fərqlənmədi. İstintaq orqanının - Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat və müstəntiq qruplarının, eləcə də rəhbərliyinin qanunsuz hərəkətlərinə (saxtakarlıq, təqsirləndirilən (şübhəli) şəxslərə və şahidlərə qarşı təhdid, psixi və fiziki işgəncə, hədə-qorxu, qondarma sübutların hazırlanması) məhkəmə tərəfindən baxılmadı, hüquqi qiymət verilmədi, ört-basdır edildi.

Mən məhkəmənin ilk baxış iclasında ittihamın mahiyyətinin aydın olmadığını demişdim. Məhkəmə istintaqı yekunlaşdı, amma hələ də mahiyyət bəlli deyil. Bəlli olan odur ki, ittiham tərəfi istintaqın düzüb-qoşduğu cinayət işi üzrə heç bir əsaslı, məntiqə uyğun sübut ortaya qoya bilmədi. Məhkəmə heyəti indiyədək ittiham tərəfinin mövqeyindən çıxış edərək daha çox ittihamçı kimi davrandı, verdiyimiz vəsatətlərin əksəriyyətini rədd etdi. Bəzi texniki məsələlər üzrə azsaylı vəsatətlər təmin olundu. Məsələn, polisin yaşadığımız mənzillərə və ofisə yerləşdirdiyi pullar məhkəməyə gətirildi. Lakin həqiqəti ortaya çıxarmaq üçün həmin pullar tədqiq olunmadı, ekspertizaya göndərilmədi. Məhkəmə bir növ "hüququn gözündən də pərdə asdı". Əslində bu vəziyyət dövlətin ali institutu olan məhkəmənin səlahiyyətlərindən məhrum edilərək birbaşa icra hakimiyyətinə, prezidentə, onun administrasiyasına və prokurorluq orqanlarına aciz şəkildə tabe olduğunu, onların sifarişini qeyd-şərtsiz həyata keçirdiyini bir daha sübut etdi.

Müdafiə tərəfi olaraq məhkəməyə təqdim etdiyimiz sübutlar, çıxışlarımız və vəsatətlərimiz barəmizdə açılan cinayət işinin cinayət hadisəsi ilə əlaqəli olmadığını, birbaşa siyasi sifarişlə fəaliyyətimizə görə həbs olunduğumuzu açıq-aşkar göstərir.

Hələ biz həbs olunmamışdan əvvəl hökumət mediasında əleyhimizə qara propaqanda aparılırdı. Məhkəmə dövründə də bu kampaniya davam edirdi. Həmin əlaltı media qurumları (Real TV, Baku TV və s.) bizim fikirlərimizə yer vermədən, ittihamlara qarşı reaksiyalarımızı öyrənmədən, birtərəfli qaydada sahiblərindən aldıqları yalan məlumatları aylarla tirajladılar.

Məhkəmədə iştirak edib bizim mövqeyimizi işıqlandırmağa cəsarətləri çatmadı. Niyə? Ona görə ki, məhkəmə prosesində Rauf Malışovun təmsil etdiyi ittiham tərəfi və bu işin arxasında dayanan YAP hökuməti ifşa olundu. Prokurorun dilindən bizə 13 ildən 16 ilə qədər cəza istənilməsinin səbəbi də məğlubiyyət hissindən doğan emosional qisas hissinin təzahürü idi.

Bu günə qədər baş verənlərə baxmayaraq, məhkəmə heyətinin əlində tarixi fürsət var. Belə ki, yekun qərarda hüququ və daxili vicdan hissini rəhbər tutaraq barəmizdə bəraət hökmü çıxarmaqla qanunun aliliyinə inamını itirmiş Azərbaycan xalqına ümid verə bilərsiniz. Buna görə də mövcud qondarma cinayət işində indiyədək görməzdən gəldiyiniz bir neçə fakta diqqət çəkmək istəyirəm.

Həbs olunduğum gün, yəni 6 mart 2024-cü il tarixində BŞBPİ-nin əməkdaşları tərəfindən yaşadığım mənzildə qaz peçinin arxasında döşəməyə atılan 2700 avrodan danışmaq istəyirəm. Bu məsələ ilə bağlı sadə bir müqayisə aparacağam. Təsəvvür edin ki, mənim yaşadığım yerin həyətyanı sahəsində qətlə yetirilmiş insan meyidi tapılıb. Bu halda polis, istintaq orqanı nə etməlidir? Təbii ki, cinayət işi açılmalı və istintaq başlamalıdır. Bu adamı kim öldürüb? Nə vaxt öldürüb? Harada öldürüb? Niyə öldürüb? Hansı məqsədlə öldürüb? və s. Bu suallara cavab tapmalıdır. İstintaq isə heç bir araşdırma aparmadan meyidin mənim yaşadığım yerin yaxınlığında olmasını əsas götürərək məni təqsirləndirir və həbs edir. Halbuki mən ölən adamı tanımıram, onu heç vaxt görməmişəm, yaxından-uzaqdan əlaqəm yoxdur, ölümü barədə də heç bir fikrim yoxdur.

Eyni ilə hazırda ittiham tərəfindən maddi sübut kimi göstərilən və guya cinayət nəticəsində əldə olunan 2700 avronun həmin ölü adamla heç bir fərqi yoxdur. Mən ibtidai istintaq zamanı da, məhkəmədə də 2700 avronun mənə məxsus olmadığını demişəm. Mənim heç vaxt avro valyutasında pulum olmayıb. Cinayət işi materiallarının içərisində bank hesablarının vəziyyəti, maliyyə əməliyyatları və valyuta mübadiləsinə dair məlumatlar var. Müvafiq sənədlər təsdiq edir ki, mən avro valyutası ilə heç bir maliyyə əməliyyatı aparmamışam, avro valyutasında pulum olmayıb. Avronu canlı şəkildə ilk dəfə 6 mart 2024-cü il tarixində evdə aparılan axtarış zamanı görmüşəm və ilk dəfə fiziki olaraq ona toxunmuşam.

İndi isə fərz edək ki, 2700 avro mənim olub. İttiham tərəfi həmin pulun cinayət yolu ilə əldə olunması qənaətinə necə gəlib? Bu, hansı mötəbər sübutlarla, bir-biri ilə əlaqəli faktlarla təsdiq olunub?

İttiham aktında 2700 avro cinayətin nəticəsi kimi təqdim olunur. Bəs bu cinayət necə baş verib, bu nəticəyə gələnə qədər hadisələr necə cərəyan edib? 2700 avro mənim yaşadığım evdə peçin arxasına, döşəməyə necə gəlib çıxıb? Mən o pulu necə əldə etmişəm? Kim verib? Harada verib? Nə vaxt verib? Niyə verib? Nağd verib, yoxsa başqa formada? 250 səhifəlik ittiham aktında bu sualların cavabı yoxdur. Əgər prokurorun bununla bağlı məlumatı varsa, məhkəmə istintaqı yenilənsin, o desin, biz də agah olaq. Amma təəssüf ki, bu mümkün deyil. Prokuror özü də yaxşı bilir ki, həmin 2700 avronu polis əməkdaşları yaşadığım evə qoyub. Sadəcə bunu etiraf etməyə cəsarəti çatmır.

Ümumiyyətlə, BŞBPİ-nin müstəntiqləri qondarma ittiham aktında cinayətin törədilmə yerini, vaxtını, üsullarını, motivlərini, nəticələrini və konkret cinayət əməlini, eləcə də “mütəşəkkil dəstə” üzvlərinin “cinayətdəki” rollarını göstərə bilməyiblər. Çünki şər-böhtan bir yerə qədər işləyir. Saxtakarlıqla yalanı həqiqət kimi göstərməyə cəhd ediblər, ona don geyindirməyə çalışıblar, amma alınmayıb. Bu böhtanların, yalanların heç biri bizə nə yaraşır, nə də yapışır.

Qaçaqmalçılıqla bağlı bir daha qeyd edim ki, mən heç vaxt ölkə ərazisini tərk etməmişəm, xarici pasportum da yoxdur. AR-nin sərhəd-gömrük zonalarına da daxil olmamışam. Müvafiq dövlət qurumlarının dediklərimi təsdiqləyən sənədləri məhkəməyə təqdim olunub. İbtidai istintaq zamanı, yəni təqribən 13 ay ərzində istintaq orqanı iddia edirdi ki, mən dəfələrlə xarici ölkələrə səfər edib, guya ölkəyə qaçaq yolla xarici valyuta gətirmişəm. Cinayət işi məhkəməyə göndəriləndə ittiham aktında “düzəliş” oldu. Sonradan qeyd olundu ki, guya mən gətirilən pulları bölmüşəm, paylamışam. Məhkəmədə 45-ə yaxın şahid ifadə verdi. Onlardan heç biri mənim kiməsə pul verdiyimi demədi. Əksinə, bunu təkzib etdi. İttiham aktında da pulları kimin və ya kimlərin arasında böldüyüm göstərilmir. Çünki elə adam yoxdur.

Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması - Mən cinayət yolu ilə hansı əmlakı əldə etmişəm? İkincisi, nəyi leqallaşdırmışam, o da məlum deyil. Mənim, Ramilin, Fəridin, Elmirin ümumiyyətlə əmlakı yoxdur. Əmlakı olanlar da öz qanuni gəlirlərinə dair sübutları məhkəməyə təqdim edib əsaslandırıblar. Mənim, Ramilin və Fəridin əmlakı üçümüzün birlikdə 7 universitetdə təhsil alması ola bilər. Mənim Azərbaycan Dillər Universitetindəki magistr təhsilim, Ramilin isə Elmlər Akademiyasındakı doktorantura təhsili qanunsuz həbs olunduğumuza görə natamam qalıb.

Mövcud cinayət işi üzrə CM-nin müvafiq 6 maddəsi ilə bizi ittiham etmək üçün qarşı tərəfin insani keyfiyyətlərini və əxlaq səviyyəsini cəmiyyət özü müəyyənləşdirsin. Tarix hər kəsin layiq olduğu yeri göstərəcək.

İttihamların həqiqətə uyğun olmadığını görmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. İttiham aktının hər səhifəsində ziddiyyətlərə, əsassız mülahizələrə rast gəlmək olur. Buna görə də cinayət işinin saxta əsaslarını kənara qoyub işin əsl mahiyyətindən danışmaq istəyirəm.

Bizim həbsimiz siyasi repressiyanın bir hissəsi olub və Azərbaycanda tənqidi səslərin susdurulmasına, müstəqil vətəndaş cəmiyyətinin və azad medianın tamamilə sıradan çıxarılmasına xidmət edir. Əgər yaxın keçmişdə hakimiyyət vətəndaş cəmiyyətinə nəzarət etməyə və müstəqil fəaliyyət və təşəbbüsləri məhdudlaşdırmağa çalışırdısa, indi vətəndaş cəmiyyətini tamamilə məhv etmək istəyir. Bununla əlaqədar Frensis Fukuyamanın “Tarixin sonu və sonuncu insan” əsərindən sitat gətirmək istəyirəm.

“Totalitarizm II Dünya müharibəsindən sonra Qərbdə XIX yüzilliyin ənənəvi avtoritarizmindən büsbütün fərqlənən, SSRİ və nasist Almaniyasında qərarlaşmış tiranlığı təsvir etmək üçün yaradılan konsepsiyadır. Hitler və Stalin özlərinin siyasi və ictimai fəaliyyətindəki amansız addımlarla güclü dövlət anlayışına yeni məna qazandırdılar. Frankoçu İspaniyada özünü göstərən despotizm, yaxud Latın Amerikasında müxtəlif formalarda üzə çıxan hərbi diktaturalar heç vaxt “vətəndaş cəmiyyətini” əzməyə çalışmamış, yalnız ona nəzarət etmək məqsədi güdmüşdü. Onlar sistemli ideya yarada bilməmişdilər, yalnız cəmiyyətdəki dəyərləri və xalqın zehniyyətini dəyişməyə çalışırdılar.”

Ancaq totalitar dövlətlər aydın şəkildə ifadə edilən və insan həyatına universal nöqteyi-nəzər vermək iddiasında olan ideologiya əsasında qurulur. Totalitarizm vətəndaş cəmiyyətini məhv etməyə və öz vətəndaşlarının həyatı üzərində “total” nəzarət yaratmağa çalışır. Bolşeviklər 1917-ci ildə hakimiyyəti ələ keçirən andan başlayaraq, Sovet dövləti rus cəmiyyətindəki rəqabət qabiliyyətinə malik bütün legitimlik mənbələrini sistemli şəkildə təqib etməyə başladı. O cümlədən siyasi partiyalar, mətbuat, həmkarlar ittifaqları, xüsusi mülkiyyətə əsaslanan müəssisələr və kilsə də bu cür amansız təqib və repressiyaya məruz qaldı. Bunun nəticəsində üzvləri heç bir təsisat və təşkilatla bir-birinə bağlanmayan, yalnız hakimi-mütləq olan dövlətin təsir dairəsində qalan “atomlar” səviyyəsinə endirilmiş fərdlərdən təşkil olunmuş cəmiyyət quruldu.

Bu gün, təəssüf ki, ölkəmiz avtoritar rejimdən modern totalitar sistemə keçid edir. Azərbaycan vətəndaşları müstəqil formada birləşmək, təşkilatlanmaq, ifadə azadlığı, ədalətli mühakimə hüququ, siyasi proseslərdə iştirak hüququ, sərbəst toplaşmaq və digər əhəmiyyətli hüquq və azadlıqlardan məhrum edilib. XXI əsrdə inkişaf etmiş dövlətlər artıq virtual aləmdə hüquqların qorunmasını, süni intellektin insan hüquqlarına təsirini və rolunu müzakirə edirlər. AR-nin hüquq-mühafizə orqanları isə saxta sübut yaratmaqla, yəni el dilində desək, “yükləmə” ilə məşğuldurlar. Bu gedişlə CPM-ə dəyişiklik olunsa, sübutlarla bağlı fəsildə istintaq orqanına sübut yaratmaq “hüququ” verilsə, heç də təəccüblü olmaz.

Bütün bu proseslər mövcud siyasi hakimiyyətin real idarəetmə rejimini özündə əks etdirir. Xalqımız siyasi elitanı təşkil edən bir qrup şəxsin girovuna çevrilib. Lakin tarixə nəzər salsaq, görərik ki, avtoritar-totalitar rejimlərin başlıca məğlubiyyəti düşüncələrə hakim ola bilməməsi və onları idarə etməyi bacarmaması olub. Çox güclü təbliğat maşını bütün gücü ilə işləməsinə baxmayaraq, çoxları hakimiyyətin onları aldatdığını anlayırdı. Necə ki, biz bu gün fəaliyyətimizə və mövqeyimizə görə həbs olunmuşuq, mühakimə olunuruq. Əminəm ki, bu mübarizə davamlı olacaq. İlkin, Ramil, Fərid həbs olunsalar da, başqaları eyni prosesi davam etdirəcəklər. Həll yolu həbs etmək deyil, qanunun aliliyini, hüquq və azadlıqları təmin etməkdir.

Xüsusilə öz həbsimlə bağlı bir məqamı da vurğulayım ki, bəzi insanlarda, tanışlarda belə bir fikir formalaşıb ki, mən təsadüfən həbs olunmuşam və yaxud kiməsə görə həbs olunmuşam və s. Mən dəqiq bilmirəm, bu fikirlər nəyə əsasən yaranıb. Ona görə də bu məsələ barədə qısa bir açıqlama vermək istəyirəm.

Həbs olunanda 22 yaşım var idi. Siyasi-ictimai proseslərə hələ yeni qoşulmuşdum. Demokratik Təşəbbüslər İnstitutuna (İDİ) da şüurlu şəkildə, fəaliyyətimin mümkün nəticəsini dərk edərək qoşulmuşam. Ali təhsilimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində almışam. Yəni ixtisasım da mənə imkan yaradıb ki, ölkədəki siyasi prosesləri təhlil edə bilim və daha yaxşı anlayım. Demokratiya insan övladının indiyədək yaratdığı ən yaxşı idarəetmə sistemidir, siyasi rejimdir. İdeal olmasa da, elmi araşdırmalar təsdiq edir ki, vətəndaşa ən az ziyan vuran rejim demokratiyadır. Təhsil aldığım akademiyada da mənə bunu öyrədiblər. Daha çox nəzəri biliklərə sahib olsam da, İDİ-dəki fəaliyyətim zamanı və həbs müddətində təcrübəm də artdı.

Nəhayət demək istəyirəm ki, avtoritar sistemlə idarə olunan ölkədə demokratik təşəbbüslərlə çıxış edəndə mənə mükafat verməyəcəklərini bilirdim. Ehtimal çox idi ki, məhrumiyyətlərlə üzləşəcəyəm. Mən də ən ağır məhrumiyyətlə üzləşdim. Artıq 28 aya yaxındır ki, azadlıqdan məhrum edilmişəm və mənə 14 il həbs cəzası istənilib. 14 il mənim üçün də gözlənilməz oldu. Görünən odur ki, İDİ-dəki təqribən 5 aylıq fəaliyyətim - gənclərlə işləmək, layihələrin idarə olunmasını öyrənmək, yeni nəsil müstəqil vətəndaş cəmiyyətinə töhfə vermək, insanlar üçün faydalı işlər görmək, yaltaqlıqdan və riyakarlıqdan uzaq olmaq ölkəmizdə terrorizmə bərabər tutulur. Əks halda prokuror mənə niyə 14 il həbs cəzası istəsin?

Həbs olunandan sonra az da olsa peşmançılıq hissi duymamışam. Çünki ədalətin, həqiqətin tərəfində olmuşam, demokratiyadan yana olmuşam. Düşünürəm ki, gənc olsam da, həbs dövründə adekvat davranmışam. Bu fakt özü də həbs olunmağımla bağlı yanlış təsəvvürləri olan insanlara cavabdır.

Həbsimin ağırlığını, əziyyətini məndən çox ailəm çəkir. Bu çətin və dözülməz aylara, illərə görə ümid edirəm ki, ailəm - atam, anam, qardaşım, sevdiklərim və dostlarım məni bağışlayar. Çünki onlar da bilirlər ki, mən cinayət törətməmişəm. Əksinə, cinayətkarlarla sivil yolla mübarizə aparan komandanın üzvü olmuşam. Mən bizə dəstək olan, əməyi keçən hər kəsə, başda anam olmaqla bütün dostlara təşəkkür edirəm.

Yekun olaraq bildirim ki, CPM-nin 349.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü AR-nin adından çıxarılır. Verəcəyiniz qərar təkcə sizin məsuliyyətiniz deyil, həm də AR-nin adına və tarixinə həkk olunur. Mən sizi vəzifələrinizi doğru şəkildə yerinə yetirməyə, ədalətli olmağa, öz daxili vicdan hissinizi rəhbər tutaraq barəmizdə açılmış cinayət işinə bəraətverici əsaslarla xitam verməyə çağırıram”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Rüfət Səfərov məhkəmədə: "İkinci dəfədir repressiya olunuram, məndən əl çəkmirlər"

6 Avqust 2026

Açıq mənbə

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində "Müdafiə Xətti" insan hüquqları təşkilatının həbsdə olan həmtəsisçisi Rüfət Səfərovun şikayəti üzrə məhkəmə prosesi başlayıb. Hüquq müafiəçisi Zəfər Əhmədovun “Toplum TV”-yə verdiyi məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  Daha sonra R.Səfərovun vəkilləri hüquq müdafiəçisinin ev dustaqlığına buraxılması, eləcə də prosesin qismən istintaqla aparılması üçün vəsatət veriblər. Vəsatətlər təmin edilməyib.  Müdafiə tərəfi həm də R.Səfərovun ona xəsarət yetirdiyini iddia edən Natiq İmanquliyevin hadisə gününə aid telefon anten məlumatlarının əldə olunması üçün vəsatət verib. Bu vəsatət də təmin olunmayıb.  R.Səfərov çıxış edərək məhkəmədə "hüquqdan əsər-əlamət olmadığına görə" işin...
Məhkəmə

Dəyanət Çələbi: "Zərərçəkmiş kimi təqdim olunan şəxslə heç bir insidentim olmayıb"

6 Avqust 2026

Toplum TV

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən proses Dəyanət Çələbinin sərbəst ifadəsi ilə davam edib. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, Dəyanət Çələbi ötən ilin dekabrında Mirsahib Xudaverdizadə adlı şəxsi bıçaqlayıb. Dəyanət Çələbi isə məhkəmədə özünü qətiyyən təqsirli bilmədiyini və zərərçəkmiş kimi təqdim olunan şəxslə heç bir insidentinin olmadığını deyib. "Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir". Növbəti məhkəmə prosesi sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo