Məhkəmə

“Toplum TV işi”: Qarşımızda qanunun aliliyini əsas tutan məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur

22 Sentyabr, 2025
122

Foto: Toplum TV

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli ötən iclasda yarımçıq qalmış çıxışına davam edib. 

O, 2024-cü ilin martında həbs olunandan sonra evindən tapıldığı iddia olunan pulların məhz polis tərəfindən yerləşdirildiyini deyib. 

“6 mart 2024-cü ildə saxlanılıram və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya suallar çıxır: Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?", - siyasətçi sual edib. 

R.İzzətli qeyd edib ki, haqqında məhkəmə qərarı olmadan rəsmilər və hakimiyyətyönlü media orqanları onun barəsində qaçaqmalçı ittihamı yayaraq təqsirsizlik prezumpsiyasını pozublar. Siyasətçi bunu Stalin dönəmi ilə müqayisə edib.

“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, onlar etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə həmin metodla yanaşır”, - o deyib. 

R.İzzətli məhz “Toplum TV işi” üzrə həbs olunması ilə bağlı deyib ki, o internet televiziyasına yalnız könüllü dəstək olub. 

"Dostlarımın çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarımı burada çalışan könüllü gənclərlə bölüşmüşəm", - o bildirib. 

Daha sonra Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal çıxış edib həbsini əsassız adlandırıb.

"Nə yaxşı ki, bu dəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda, bu mənim üçün çox çətin olardı. Bəzi çətinliklər var ki, bizim kimi insanlar üçün, yəni əqidəli, ləyaqətli, mənəviyyatlı insanlar üçün azadlıqdan daha rahatdır. Məsələn, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova kimi dostum olan əyilməz həmkarlarım, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbarov, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi cinayət törətməmiş “cinayətkar” dostlarım, “podelnik”lərim həbsdə ola-ola azadlıqda qalmaq mənim üçün türmənin “karser”ində olmaqdan belə mənəvi cəhətdən daha çətin və ağrılı olardı", - o qeyd edib. 

Ardınca çıxış edən Toplum TV həmtəsisçisi Ələsgər Məmmədli uzunmüddətli ictimai və fəaliyyətindən danışıb. O, media hüququ mövzusunda maarifləndirmə ilə məşğul olduğunu, kitablar yazdığını, təlimlər keçdiyini və konsultasiyalar verdiyini bildirib. 

"Cəmiyyətdə faydalı olmaq, bilgi və birikimini gənclərə ötürmək üçün hökmən pula, vəsaitə ehtiyac yoxdur. Önəmli olan könüllü olmaq, zaman ayıra bilmək və insanlara necə kömək edəcəyini bilməkdir. Günümüzdə kommunikasiya vasitələri, sosial şəbəkə imkanları əlindəki bir telefonla, bir komputerlə minlərlə insana, evə, auditoriyaya çıxış imkanı verir. Bunun üçün əslində bəzən nə təşkilatcıya nə də məkana ehtiyac qalmır. Yetər ki, istəkli olasan, cəmiyyətin inkişafını, insanların maariflənməsini bir amala çevirəsən", - Məmmədli qeyd edib. 

"Toplum TV məhz bu amalın, bu istəyin meyvəsidir. Heç bir dəstək olmadan, heç bir təşkilat, qurum, müəssisə olmadan könüllü insanların əməyinin, çabalarının, zamanının bir araya gəlməsi və yüz minlərə ötürülməsinə vəsilə olmasıdır. Toplum TV-nin fəaliyyətinin hüquq müstəvisinə daşınmasının səbəbi onun müstəqil peşəkar media platforması olması, bu nümunənin ölkədə yaradılmasının mümkünlüyünü cəmiyyətə göstərməkdir. Bu media azadlığına dözümsüzlüyü ilə hökuməti narahat etdiyinə görə biz həbs olunmuşuq, saxta ittiham aktı ilə təqsirləndirilirik", - o əlavə edib. 

Ə.Məmmədli ardınca Toplum TV-nin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı məhkəmə qərarı olub-olmadığı haqda vəsatət verib. 
Məhkəmə vəsatəti təmin edib. 
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əli Zeynal: Hakimiyyətdəkilər bilirlər ki, müstəqil məhkəmə birinci onları mühakimə edəcək

22 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə növbəti məhkəmə prosesi baş tutub. Bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınan Demokratik Təşəbbüslər İnstitunun əməkdaşı Əli Zeynal ifadə verib. Əli Zeynalın ifadəsini olduğu kimi təqdim edirik: İstəyərdim ki, çıxışım qanun və ədalət naminə edilmiş bir çıxış olsun. Amma qarşımda qanunun aliliyinin əsas tutan bir məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur deyə hüquqi müstəvidə müdafiə quraraq özümü aldatmayacağam.  Məhz bu səbəbdən bu çıxışı qanun naminə yox, tarixə qeyd düşmək naminə edirəm. Əvvəlcə bizi bura gətirən yoldakı fəaliyyətimi qısa şəkildə təsvir edim. Rəsmi olaraq ictimai-siyasi həyatıma 2014-cü ildə 18 yaşım tamam...
Məhkəmə

Adnan Əhmədzadə barəsində həbs qətimkan tədbiri seçilib

20 Sentyabr 2025

president.az

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadə həbs olunduğu deyilir. APA-nın xəbərinə görə, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Hökumətyönlü medianın yazdığına görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. “Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir”, - KİV yazır.

Seçilmiş Videolar

Toplum TV loqo