Məhkəmə

“Toplum TV işi”: Qarşımızda qanunun aliliyini əsas tutan məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur

22 Sentyabr, 2025
398

Foto: Toplum TV

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli ötən iclasda yarımçıq qalmış çıxışına davam edib. 

O, 2024-cü ilin martında həbs olunandan sonra evindən tapıldığı iddia olunan pulların məhz polis tərəfindən yerləşdirildiyini deyib. 

“6 mart 2024-cü ildə saxlanılıram və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya suallar çıxır: Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?", - siyasətçi sual edib. 

R.İzzətli qeyd edib ki, haqqında məhkəmə qərarı olmadan rəsmilər və hakimiyyətyönlü media orqanları onun barəsində qaçaqmalçı ittihamı yayaraq təqsirsizlik prezumpsiyasını pozublar. Siyasətçi bunu Stalin dönəmi ilə müqayisə edib.

“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, onlar etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə həmin metodla yanaşır”, - o deyib. 

R.İzzətli məhz “Toplum TV işi” üzrə həbs olunması ilə bağlı deyib ki, o internet televiziyasına yalnız könüllü dəstək olub. 

"Dostlarımın çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarımı burada çalışan könüllü gənclərlə bölüşmüşəm", - o bildirib. 

Daha sonra Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal çıxış edib həbsini əsassız adlandırıb.

"Nə yaxşı ki, bu dəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda, bu mənim üçün çox çətin olardı. Bəzi çətinliklər var ki, bizim kimi insanlar üçün, yəni əqidəli, ləyaqətli, mənəviyyatlı insanlar üçün azadlıqdan daha rahatdır. Məsələn, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova kimi dostum olan əyilməz həmkarlarım, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbarov, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi cinayət törətməmiş “cinayətkar” dostlarım, “podelnik”lərim həbsdə ola-ola azadlıqda qalmaq mənim üçün türmənin “karser”ində olmaqdan belə mənəvi cəhətdən daha çətin və ağrılı olardı", - o qeyd edib. 

Ardınca çıxış edən Toplum TV həmtəsisçisi Ələsgər Məmmədli uzunmüddətli ictimai və fəaliyyətindən danışıb. O, media hüququ mövzusunda maarifləndirmə ilə məşğul olduğunu, kitablar yazdığını, təlimlər keçdiyini və konsultasiyalar verdiyini bildirib. 

"Cəmiyyətdə faydalı olmaq, bilgi və birikimini gənclərə ötürmək üçün hökmən pula, vəsaitə ehtiyac yoxdur. Önəmli olan könüllü olmaq, zaman ayıra bilmək və insanlara necə kömək edəcəyini bilməkdir. Günümüzdə kommunikasiya vasitələri, sosial şəbəkə imkanları əlindəki bir telefonla, bir komputerlə minlərlə insana, evə, auditoriyaya çıxış imkanı verir. Bunun üçün əslində bəzən nə təşkilatcıya nə də məkana ehtiyac qalmır. Yetər ki, istəkli olasan, cəmiyyətin inkişafını, insanların maariflənməsini bir amala çevirəsən", - Məmmədli qeyd edib. 

"Toplum TV məhz bu amalın, bu istəyin meyvəsidir. Heç bir dəstək olmadan, heç bir təşkilat, qurum, müəssisə olmadan könüllü insanların əməyinin, çabalarının, zamanının bir araya gəlməsi və yüz minlərə ötürülməsinə vəsilə olmasıdır. Toplum TV-nin fəaliyyətinin hüquq müstəvisinə daşınmasının səbəbi onun müstəqil peşəkar media platforması olması, bu nümunənin ölkədə yaradılmasının mümkünlüyünü cəmiyyətə göstərməkdir. Bu media azadlığına dözümsüzlüyü ilə hökuməti narahat etdiyinə görə biz həbs olunmuşuq, saxta ittiham aktı ilə təqsirləndirilirik", - o əlavə edib. 

Ə.Məmmədli ardınca Toplum TV-nin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı məhkəmə qərarı olub-olmadığı haqda vəsatət verib. 
Məhkəmə vəsatəti təmin edib. 
"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Qraffitiyə görə həbs olunan gəncin həbs müddəti 2 ay uzadılıb

1 Avqust 2026

sosial media

"Nizami" kinoteatrının divarındakı qraffitilərə görə həbs olunmuş Ardeşir Seypfur Saad Abadinin işi üzrə məhkəmə prosesi keçirilib.  Yaxınlarının yaydığı məlumata görə, iyulun 31-də Nəsimi Rayon Məhkəməsində baş tutan prosesdə istintaq orqanının təqdimatına baxılıb.  İstintaq orqanı Abadinin barəsindəki həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib.  Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün vəsatət versə də, məhkəmə bunu təmin etməyib.  "Məhkəmənin qərarına hörmətlə yanaşmağımız qərarın həqiqətən zəruri, mütənasib və ədalətli olub-olmadığını soruşmağımıza mane olur", - yaxınları sosial mediada qeyd edib. Belarus vətəndaşı olan 20 yaşlı Abadi aprelin əvvəlində həbs olunub. Onun "Nizami" kinoteatrının...
Məhkəmə

Əli Kərimlinin mühafizəçisi 9 il azadlıqdan məhrum edilib

30 İyul 2026

açıq mənbə

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə sonuncu məhkəmə prosesi baş tutub. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə partiya üzvünə hökm oxunub. Hökmə əsasən, Kənan Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı ona 10 il cəza istəmişdi və iddia etmişdi ki, AXCP fəalına qarşı Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə irəli sürülən ittiham məhkəmədə təsdiqini tapıb. Hüquq müdafiəçisi Zəfər Əhmədov “Toplum TV”-yə deyib ki, K.Zeynalov hökmdən əvvəl son sözündə ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və...

Seçilmiş Videolar

Toplum TV loqo