Əli Zeynal: Hakimiyyətdəkilər bilirlər ki, müstəqil məhkəmə birinci onları mühakimə edəcək
Foto: sosial media
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə növbəti məhkəmə prosesi baş tutub.
Bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınan Demokratik Təşəbbüslər İnstitunun əməkdaşı Əli Zeynal ifadə verib.
Əli Zeynalın ifadəsini olduğu kimi təqdim edirik:
İstəyərdim ki, çıxışım qanun və ədalət naminə edilmiş bir çıxış olsun. Amma qarşımda qanunun aliliyinin əsas tutan bir məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur deyə hüquqi müstəvidə müdafiə quraraq özümü aldatmayacağam.
Məhz bu səbəbdən bu çıxışı qanun naminə yox, tarixə qeyd düşmək naminə edirəm. Əvvəlcə bizi bura gətirən yoldakı fəaliyyətimi qısa şəkildə təsvir edim. Rəsmi olaraq ictimai-siyasi həyatıma 2014-cü ildə 18 yaşım tamam olan kimi NİDA Vətəndaş Hərəkətına üzv olaraq başlamışam. 18 yaşımdan əvvəl bir siyasi təşkilatın rəsmi üzvü olmağımı qanun istisna edirdi. Bununla belə, məktəbli yaşlarında NİDA VH və digər təşkilatların, xüsusilə də gənclərin təşkil etdiyi, rəhbərlik etdiyi bir çox etiraz aksiyalarında və mitinqlərində iştirak etmişdim. Etirazların səbəbləri Azərbaycanda insan hüquqlarının kobud sürətdə pozulması, ifadə azadlığının boğulması, ölkədəki monopoliya, korrupsiya kimi amillərin “siyasətlə məşğul olmayan” sadə insanların belə azadlıqlarını əllərindən alaraq onları yalnız hökumətin cızdığı çərçivələrdə yaşamağa məcbur etməsi, insanların formal olaraq azad sayılsalar da, faktiki olaraq qul kimi yaşamaları idi.
Digər səbəb, gənc əsgərlərin aktiv müharibədə olmayan Azərbaycanda yüksək vəzifəli və rütbəli məmurların tamahının və səriştəsizliyinin qurbanı kimi 18-19 yaşlarında düşmən güllələri ilə deyil, məmur özbaşnalığı ucbatından öldürülməsi idi. Bütün bunlardan əlavə, mənim şəxsi bir səbəbim var idi. Hökumətin gənc aktivistlərə qarşı repressiya dalğası başlamışdı. Azad ruhlu parlaq gənclər şərlənərək həbs olunurdular. Mənim həmin “əlavə”, şəxsi səbəbim məhz bu gənclərin yerlərinin boş qalmaması, növbəti həbs dalğasına özümü çatdıra bilmək istəyim idi. Günahsız yerə həbs olunan gənclərə görə hər bir Azərbaycan vətəndaşının müqəssir, bais olduğunu düşünürdüm.
Bu gənc siyasi məhbusların siyahısında siyasi məhbus olub az da olsa vicdanımı sakitləşdirmək, üzərimdə hiss etdiyim etik borcun ağırlığını az da olsa azaltmaq istəyirdim. Qismət o dövrdə yox, 10 il sonra növbəti repressiya dalğasında siyasi məhbus olmağım imiş. Nə yaxşı ki, bu dəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda, bu mənim üçün çox çətin olardı.
Bəzi çətinliklər var ki, bizim kimi insanlar üçün, yəni əqidəli, ləyaqətli, mənəviyyatlı insanlar üçün azadlıqdan daha rahatdır. Məsələn, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova kimi dostum olan əyilməz həmkarlarım, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbar, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi cinayət törətməmiş “cinayətkar” dostlarım, “podelnik”lərim həbsdə ola-ola azadlıqda qalmaq mənim üçün türmənin “karser”ində olmaqdan belə mənəvi cəhətdən daha çətin və ağrılı olardı.
Bayırda, açıq səmada “başı aşağı” gəzməyin dözülməzliyini Abzasçılar bizdən 3 ay öncə həbs olunanda yaşamışdım. Öz keçmişim, hərəkətlərim, seçimlərimlə bağlı “kaş”ları olan bir insan deyiləm, amma kaş əlimdə olardı, 2-3 ay daha tez şərlənib Sevinclə, Ülvi ilə eyni günlərdə həbsə düşərdim.
Siyasi fəaliyyətimin 2020-ci ildəki parlament seçkilərində namizədliyim kimi bir çox başqa istiqamətləri olub, amma indi o hissəni uzatmadan gəlirəm siyasi fəallıqdan jurnalistikaya keçidimə, yəni elə yolumun yanımdakı bu yoldaşlarla kəsişmə nöqtəsinə.
2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi jurnalistika təlimləri üçün qeydiyyatdan keçdim, müsahibəyə dəvət edildim, müsahibədə də yanımda gördüyünüz Ələsgər Məmmədli və Akif Qurbanovun yüksək qiymətləndirməsi ilə jurnalistika sahəsinə keçidim başladı. İlham Əliyev tərəfindən şərlənərək həbs olunmağımıza qədər keçən 8-9 ilin 2-3 ilində bu təşkilatlarla çalışmışam, çalışmadığım dövrlərdə də dostluğumuz davam edib. Akif Qurbanov bu illər ərzində ən yaxın dostlarımdan birinə çevrildi, ən güvəndiyim insanlardan biri oldu. Belə insanlar mənim həyatımda çox deyil, amma çox qısa müddət ərzində aramızda ən gənc olan İlkin və Ramil kimi insanlar da mənim bu siyahıma daxil oldular.
İlham Əliyevin bizə olan qəzəbinin, nifrətinin ən böyük səbəblərindən birinin bu münasibətlər sistemi zəminindəki qısqanclıq olduğunu düşünürəm. Onun ətrafında bizim kimi möhkəm iradəli insanlar yoxdur, bizimki kimi səmimi dostluq münasibətləri yoxdur. Ətrafındakı hər kəs ona puluna, gücünə, vəzifəsinə görə “hörmət edir”, baş əyir, amma hamısının fürsət gözlədiyini, ən xırda ayaq büdrəməsi ilə ətrafında hamının ondan üz döndərəcəyini, onun sahib olduqlarını ələ keçirmək üçün hər şey edəcəklərini bilir, bu təşvişlə yaşayır. Məhz bu səbəbdən onun bizim kimi insanları görməyə dözümü yoxdur, bizə həsəd apardığı üçün şərləyir, həbsə atdırır.
İndi isə keçirəm mətləbə. Sifarişli həbsimizin səbəbi əsl QHT kimi, Qurama Hökumət Təşkilatı yox, Qeyri-Hökumət Təşkilatı kimi fəaliyyət göstərməyimizdir. Əslində hökumət demək də doğru deyil, hakimiyyəti əlində saxlayan bu şəxslər dövləti şəxsi biznesləri kimi görən inhisarçı biznesmenlər dəstəsidir.
İnhisarçı olduqlarına görə şəffaflıq və hesabatlılığın olacağı mühiti də öz biznesləri üçün gəlir itkisi hesab edirlər. Məhz buna görə demokratiya və insan haqları tələb etməyi terrorçuluğa bərabər cinayət sayıb bunu tələb edənləri terrorçuları həbs etdikləri zorakı formada saxlayıb həbs edirlər. Həqiqi QHT insan haqları və demokratiya istəməyə bilməz, ona görə həqiqi QHT bu monopolistlərin hədəfinə çevrilir.
Həqiqi media bitərəf və sifarişsiz olmaya bilməz, ona görə də həqiqi media bu monopolistlərin hədəfinə çevrilir.
“Daxili düşmən” obrazı kimi bizi təqdim edirlər, xarici düşmən obrazı kimi isə Qərb sivilizasiyasını. Qərbə inteqrasiyaya müsbət yanaşmamaqlarının yalnız bir səbəbi var: Qərbin onlardan müstəqil məhkəmə, müstəqil vətəndaş cəmiyyəti və azad media, şəffaf seçki kimi tələblərinin olması.
Bilirlər ki, müstəqil məhkəmə ən birinci onların özlərini mühakimə edəcək. Bilirlər ki, müstəqil media onların qanunsuz əməllərini işıqlandıracaq. Elə bu səbəbdən, bütün azadlıqları boğmuş Türkmənistana inteqrasiyanı rəsmi olaraq dövlət siyasəti kimi elan ediblər. Digər tərəfdən mədəni dünyadan təcrid olunmuş kimi də görünmək istəmirlər. Bunun üçün Avroapaya qaz tədarükünü artıraraq Qərbi şantaj etməyə rıçaq əldə etmək istəyirlər ki, insan haqlarından danışanda deməyə “qazımızdan asılısınız, bizdən insan haqları istəməyin” kimi bir avantürist cavabları olsun.
Ən böyük qorxuları olan demokratiya bu regiona gəlməsin deyə “region məsələlərini region ölkələri özləri həll etsin” tezisindən çıxış edirlər. Bu tezisi eşidib bir anlıq elə fikirləşirsən ki, sanki cənubda molla istibdad rejimi, şimalda da Azərbaycanla bağlı imperial hədəfləri olan işğalçı dövlət arasında deyilik, Skandinaviyadayıq.
Azadlıqların dəyərini bir sadə müqayisə ilə izah etmək istəyirəm. Ən populyar xəbəri “Almaniya dağılır” olan AzTV-nin müxbirləri Brüsseldən canlı yayımla Aİ-ni istədikləri kimi və çox vaxt da haqsız yerə tənqid edirlər, amma Moskvadakı müxbirləri AZAL təyyarə qəzası ilə bağlı yayımda belə qorxularından Rusiyanın rəsmi mövqeyindən kənar bir söz belə deməyə cəsarət etmirdilər. Bax budur ifadə azadlığının və demokratiyanın dəyəri.
Şəxsi mənfəətləri naminə ölkəni mütərəqqi dünyadan uzaq tutmaq üçün iki bəhanə gətirirlər.
Birincisi, “Onlar islam düşmənidir” deyirlər. Sual vermək lazımdır ki, məgər Avropa yaxın dostumuz İsraildən daha artıq “stopislam” deyir? İkincisi, “Türk düşmənidirlər” deyirlər. Sual verilməlidir ki, Avropa uyğurları assimliyasiya edən digər yaxın dostumuz Çindən daha artıq tük düşmənidir? Heç bir dəyərin daşıyıcısı olmayan makiavellist siyasətlərini, hər şeydən demokratiyaya düşmənçilik üçün alət kimi istifadə etdiklərini başqa bir misalla da göstərmək olar. Demokratik Niderlanda qarşı bir bəyanat yayıb demişdilər ki, “COP29 sədri kimi Aİ-dən iqlim fəalı Qretanın aksiyada saxlanmamasını tələb edirik”.
Amma prezident Donald Trampın ABŞ-ni Paris İqlim Sazişindən çıxarmasına COP29 sədri kimi ağızlarına su alıb oturdular. Bunların dünyada və Azərbaycanda nəyi görmək istədiklərini iki cümlə ilə ümumiləşdirim: Dünyada İnsan Haqları üzrə Avropa Məhkəməsi və beynəlxalq insan haqları təşkilatları başda olmaqla adında haqq və hüquq sözləri olan heç nəyin qalmadığı, hamını pulla satın ala bildikləri bir yer kürəsi görmək istəyirlər. Azərbaycanda isə yalnız Bakının mərkəzini bəzəyib, xaricdən gələnlərdə “inkişaf edirlər” təəssüratı yaratmaq istəyirlər, yəni, “ üstü bəzək…” siyasəti yeridirlər.
O bəzəyin altında Bakının mərkəzindən kənarda yağış yağan kimi su basan evlər var, bölgələrdə yoxsulluqdan və problemlərdən narkotik aludəçisinə çevrilmiş yüz minlər var, ölkədən qaçmaq üçün fürsət axtaran gənclik var. Avropa coğrafi ərazisinin ən qısaömürlü xalqı var, bir sözlə, yaşada bilməyən bir dövlət var. Bir kosmopolitan kimi populizmdən uzaq şəkildə deyirəm ki, heç bir radikal meyli olmayan Azərbaycan xalqı bundan daha artığına layiqdir.
Hakimiyyətdəkilər son həbslər dalğası ilə avtoritar rejimdən totalitar rejimə, neft diktaturasına keçidi elan etdilər. Diktaturalarda isə xalq olmur, rəiyyət olur, satış üçün bazar olan, ikinci növ sayılan insanlar toplusu olur. Belə rejimlərdə hüquq olmadığı üçün insanların başına Söyüdlü hadisələri kimi hadisələr gətirilir, amma təəssüf ki, daha bu hadisələri ictimailəşdirən müstəqil media və vətəndaş cəmiyyəti olmur. Bu kimi misalları çox artırmaq olar, amma sonda hamısı eyni nəticəyə gələcək. Nəticə bundan ibarətdir ki, tamah niyyəti ilə qabaqcadan əlbir olmuş mütəşəkkil cinayətkar dəstə biz deyilik, bizim həbsimizin siyasi sifarişini verənlərdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Toplum TV işi”: Qarşımızda qanunun aliliyini əsas tutan məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur
Foto: Toplum TV
president.az
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?