Foto: president.az
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə ilə çıxış ediblər.
Tramp həm də Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Beynəlxalq media orqanlarının xəbəri Azərbaycan və Ermənistanın sülh sazişi bağlaması kimi təqdim etməsinə baxmayaraq, sülh sazişi hələ də imzalanmayıb. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtonda azərbaycanlı jurnalistlərə müsahibəsində bunu təsdiq edib.
O deyib ki, saziş Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarandan sonra imzalanacaq.
Azərbaycanın sülh sazişinin imzalanması üçün Ermənistandan olan digər tələbi isə təmin olunub. Elə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciət imzalayıblar.
Ermənistan hökuməti daha öncə yeni konstitusiyanı təsdiqləmək üçün referendum keçirməyi 2027-ci ildə planlaşdırdığını açıqlayıb.
Konfliktoloq Arif Yunus düşünür ki, o vaxta qədər hazırda prosesdən kənarda qalan Rusiya Ermənistanda müxalifətin əli ilə prosesə mane olmaq üçün cəhdlər edəcək.
“Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda baş tutacaq. Orada iqtidar administrativ resurslara nəzarət etsə də, müxalifətin maddi resursları hakimiyyətdən daha çoxdur. Hazırda həbsdə olan Samvel Karapetyan da daxil olmaqla bir sıra milyarderlər və müxalifət liderləri Rusiyaya yaxınlığı olan adamlardır. Şübhəsiz ki, Rusiya 2027-ci ilə qədər ölkədə etiraz aksiyaları və başqa yollarla Paşinyana mane olmağa çalışacaq”, - o Toplum TV-yə deyib.
Xəzər Tədqiqat və Analiz Mərkəzinin rəhbəri Elman Fəttah da düşünür ki, Ağ Evdə imzalanan sənədlər sülhə aparan yolda yekun nöqtə deyil.
“Bu, uzun illərdən bəri dondurulmuş, zaman-zaman yenidən qızışan bir münaqişənin siyasi təqvimində yeni bir səhifə açır. Lakin bu səhifə ağ rəngdədir və onun üzərinə hansı mətnin yazılacağı hələ də qeyri-müəyyəndir. Bu sənəd, bir tərəfdən, Qafqazın yeni mərhələyə keçidinin rəsmi anonsu kimi oxunur: ABŞ-nin vasitəçilik formatına dönüşü, region dövlətlərinin geoiqtisadi əlaqələrinin yenidən qurulması və diplomatiyanın hərbi qələbələrdən sonra yenidən mərkəzi oyunçuya çevrilməsi”, - o mərkəz üçün yazısında qeyd edib.
Şərhçi əlavə edib ki, həyata keçirilmədiyi təqdirdə, sənəd sülhün yalnız deklarativ səviyyədə qaldığını xatırladacaq.
“Belə sənədlər tarixdə ya uzunmüddətli sabitliyin təməl daşına, ya da diplomatik arxivlərin tozlu rəflərində unudulan bir vərəqə çevrilib. Bu sənədin hansı taleyi yaşayacağı, qarşıdakı illərdə atılacaq konkret və ölçülə bilən addımlardan asılı olacaq”, - o vurğulayıb.
“Ən əsası, Ağ Evin şahidlik imzası tərəflərə bir növ “psixoloji momentum” verir. Bu momentumdan yararlanmaq üçün sərhədlərin faktiki açılması, ticarət və kommunikasiya kanallarının işə salınması, humanitar məsələlərin həlli və qarşılıqlı etimadı artıracaq jestlər gecikmədən həyata keçirilməlidir. Əks halda, bu sənədin yaratdığı ümid dalğası çox tez çəkilə bilər”, - E.Fəttah əlavə edib.
Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə analitiki Coşua Kucera mətbuat üçün açıqlamasında bildirib ki, Vaşinqton sammiti sülh prosesində irəli bir addımdır, lakin əldə olunan razılaşmalar bir çox sualı cavabsız qoyur.
“Ağ Evdə razılaşdırılanların böyük hissəsi, Ermənistan və Azərbaycanın artıq prinsipcə razılaşdığı məsələlərin yenidən təqdim olunması idi. Bakı və Yerevanın motivasiyasının bir hissəsi, yəqin ki, Trampı razı salmaq, ona bu prosesdə rol vermək, onun və komandasının da bunu öz aralarında sülhməramlı kimi aparıcı rol kimi təqdim edə bilməsi istəyindən qaynaqlanırdı”, - o qeyd edib.
Bununla belə, Kucera xatırladır ki, sülh sazişi hələ imzalanmayıb və Azərbaycanın, razılaşmanı yekunlaşdırmazdan əvvəl Ermənistanın konstitusiyasını dəyişməsi tələbi prosesi pozmaq təhlükəsini davam etdirir.
“Ağ Ev görüşündən çıxan yeganə potensial əhəmiyyətli irəliləyiş “Tramp Marşrutu” perspektividir, lakin gömrük yoxlamaları və təhlükəsizlik məsələlərinin necə işləyəcəyi, həmçinin Ermənistanın Azərbaycan ərazisinə qarşılıqlı giriş hüququnun xarakteri kimi əsas detallar çatışmır. Bunlar ciddi maneələrə çevrilə bilər. Beləliklə, əgər Tramp asan bir sülh uğuru qazanmaq istəyirsə, hələlik Cənubi Qafqazda o nöqtəyə çatmayıb. Bu, irəliyə atılmış müsbət addım olsa da, real və dayanıqlı sülhə nail olmaq üçün hələ çox iş görülməlidir”, - o əlavə edib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişi mətni avqustun 11-də ictimaiyyətə açıqlanıb.
Mətndə ən çox diqqət çəkən məqamlardan biri 8-ci maddədə iki ölkənin “dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini” pisləməsi və bu hallarla mübarizə aparmaqla bağlı öhdəlik götürməsidir.
Azərbaycanlı sosial media istifadəçiləri ermənilərə qarşı nifrət nitqinin normal qarşılandığı cəmiyyətdə bu maddənin necə tətbiq olunacağını müzakirə ediblər.
“Sualım budur ki, uşaq bağçalarında balaca uşaqların qazi cildinə girib, tamaşa göstərməsi, Paşinyanın maskası ilə səhnəciklər düzəltməsi qadağan ediləcəkmi?”, - ictimai fəal Gülnara Mehdiyeva “Facebook” səhifəsində yazıb.
A.Yunus da Azərbaycan hakimiyyətinin bununla bağlı ciddi iş görəcəyi haqda pessimistdir.
“Bu, o deməkdir ki, Azərbaycanda ermənifobiya, Ermənistanda isə türkofobiya aradan götürülməlidir. Bunun üçün isə bizim məktəb dərsliklərindən başlamaq lazımdır. Gedin açın bizim dərslikləri, içərisi ermənilər haqda stereotiplərlə, etnik aşağılamalarla doludur. Bütün dünya tarixində post-münaqişə dövrləri bu cür irqçilik halları ilə zəngindir və onların həll edilməsi böyük zaman alır, hətta bəzən neqativ ritorika yeni münaqişəyə səbəb olur. Bununla ciddi məşğul olmaq üçün isə ölkələrarası komissiya yaradılmalıdır”, - o deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: The New York Times
president.az
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?