Məhkəmə

Tofiq Yaqublu: “Müstəntiq evimizə axtarışa gələndə hal şahidlərini özüylə gətirib”

1 Fevral, 2025
24

Fərqanə Novruzova

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü, dələduzluqda təqsirləndirilən Tofiq Yaqublunun məhkəməsi davam edir. 

Sonuncu məhkəmə iclasında Tofiq Yaqublu məhkəmə prosesinin yekunlaşdırılmasını istəyib. 

“Bu qədər müddətdir ki, şərləndiyimə dair məhkəməyə nə qədər sübut, fakt, dəlil təqdim etmişəm, ancaq məhkəmə hələ də mənim cinayət törətdiyimə dair bircə sübut ortaya qoya bilməyib. Bu qədər fakt kifayətdir ki, bu iş yekunlaşsın və cinayət işinə xitam verilsin”, Yaqublu məhkəməyə bildirib. 

Hakim Elnur Nuriyev Yaqubluların evindəki axtarışla bağlı sənədləri elan edib. Tofiq Yaqublu zərərçəkən Elşən Hüseynovun dindirmə protokoluna diqqət çəkib: 

“Müstəntiq Abdulla Cəlilli 14 dekabr saat 16:00-da Elşən Hüseynovun dindirməsini yekunlaşdırıb. Elə həmin gün saat 17:50-da müstəntiq evimizdə axtarışa başlayıb. Operativliyə baxın siz, dindirmənin üstündən heç iki saat keçməyib, müstəntiq evimdə axtarış aparılması üçün Nərimanov rayon Məhkəməsinə müraciət də edib, axtarışa görə qərar çıxıb, günün tıxac saatlarında artıq özünü Nərimanovdan Qaraçuxura – bizə çatdırıb və axtarış aparır. Bu qədər işi müstəntiq saat yarıma necə sığışdırıb?” 

Yaqublunun sözlərinə görə, hər şeyin əvvəldən planlaşdırıldığı axtarışın aparılmasında da özünü göstərib: 

“Evimizdə axtarış cəmi saat yarım çəkib. Sual yaranır, saat yarıma necə həm evi axtarmaq, həm də axtarışla bağlı protokol yazmaq mümkün olub? Axtarış protokolundan məlum olub ki, müstəntiq evin yuxarı mərtəbəsində yalnız bir otağa baxıb. Həmin otaqdan oğlumun müharibədən xatirə olaraq gətirdiyi gilizi götürmüşdülər. Burdan da görünür ki, əslində, evdə xüsusi axtarış aparmaq fikirləri olmayıb. Evə sadəcə, pulu qoyub götürmək üçün gəliblər. Pulu qoyduqları yerdən götürüb dəlil kimi protokollaşdırdıqlarını ifşa etmək üçün evimizdəki axtarışın videogörüntülərinin nümayiş etdirilməsi ilə bağlı vəsatətim var”

Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, həmin otaqlar axtarışdan sonr videoya çəkilibsə, dəlil kimi əhəmiyyətli deyil və vəsatətin təmin olunmamasını istəyib. Ancaq hakim vəsatəti təmin edib. 

Tofiq Yaqublu daha sonra hal şahidlərinin məhkəmədə dindirilməsi üçün vəsatət qaldırıb. O iddia edib ki, hal şahidləri müstəntiqin adamlarıdır. 

“Biri Şəkinin Zəyzik kənd sakini Ülfət Məmmədovdur, o biri də Bərdənin Qaradırnaq kənd sakini Murad Nəbiyevdir. Müstəntiq onları özüylə dəstəsinin içində gətirib”, təqsirləndirilən şəxs deyib. 

Prokuror vəsatətin təmin olunmamasını istəyəndə Yaqublu ona “əlbəttə, sərf eləmir axı, gəlsələr, iki sualdan sonra ifşa olacaqlar, ona görə istəmirsiz gəlsinlər” deyib. 

O, evdən tapıldığı iddia edilən pullardan da danışıb: “Əgər evimizdən “tapılan” pullarda təkcə mənim barmaq izim varsa, bunun sizə nə dəxli var? Yox əgər bu pullar cinayət yolu ilə əldə edilmiş pullardırsa, Elşənlə Elnurun barmaq izləri hanı? Mən çox rahatlıqla deyə bilərdim ki, bu pullar mənimdir və əsaslandırardım ki, o pullar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə ödənilən kompensasiyadan qalıb. Ancaq bu pullar mənim deyil. O pulu bizim evə gətirən də, qoyanın da, görənin də, alanın da, o pula əli dəyənin də… Evimizdəki axtarışda müstəntiq ancaq fotoaparatdan istifadə edib. Videoçəkiliş aparmayıb. Hansı dövrdür ki, cinayətin üstünü açmağa gedəsən, ancaq videoçəkiliş aparmayasan? Əlbəttə ki, müstəntiq bunu məqsədli şəkildə edib. Çünki videoda evə pulun qoyulmasına görə etirazlar səslənəcəkdi, müstəntiqin və polis dəstəsinin özünün cinayət törətdiyi ifşa olunacaqdı. Özləri özlərini ifşa etməmək üçün deyiblər qoy elə fotolar çəkməklə kifayətlənək”. 

Daha bir neçə vəsatətə baxıldıqdan sonra hakim növbəti məhkəmə iclasını fevralın 14-nə təyin edib. 

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.

“Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həbsdəki jurnalistlərin fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal 30 sutka həbs edilib

31 Yanvar 2025

Cəlal Cavadov/şəxsi arxiv

“Meydan TV” əməkdaşlarının fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal Cəlal Cavadovun haqqında Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 30 sutka həbs qərarı çıxarıb. Bu haqda məlumatı onun yaxınları sosial mediada paylaşıblar. Dostları yanvarın 30-u saat 16.00-dan onunla əlaqənin kəsildiyini deyirdilər. Vəkili Zibeydə Sadıqova yanvarın 31-də onun saxlanılması haqda Daxili İşlər Nazirliyindən məlumat ala bilmədiyini bildirmişdi. Anası isə oğlunun axtarışında kömək məqsədilə ombudsmana müraciət etmişdi. Hələlik Daxili İşlər Nazirliyi hadisəyə münasibət bildirməyib. 
Məhkəmə

Prokuror Hüseyn Abdullayevə 10 il cəza istəyib

30 Yanvar 2025

Toplum TV

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəməsi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə video formatda keçirilən məhkəmə prosesində hakim məhkəmə istintaqının yeniləndiyini elan edib. O bildirib ki, H.Abdullayev Prezidentə işinə ədalətli baxılması üçün müraciət ünvanlayıb.  Müraciətin bir nüsxəsinin məhkəməyə daxil olduğunu bildirən hakim onu elan edib.  "Əminəm ki, mənim bu neçə ili dörd divar arasında keçirməyim, özümün və ailəmin yaşadığı əzablardan xəbəriniz var. Təəssüflər olsun ki, mənim barəmdə sizə doğru olmayan, yanlış məlumatlar verilməsi nəticəsində mən və ailəm bu zülmü yaşadıq. Bildirmək istəyirəm ki, yaşadığım mühacir həyatı belə həyatımın ən ağrılı-acılı illəri olub....

Seçilmiş Videolar

Toplum TV loqo