Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Foto: Sosial media
Mayın 13-də Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Eyni gündə Gəncə şəhər prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinə başlanılıb.
Yeniyetmənin ölümü sosial şəbəkələrdə və digər informasiya resurslarında müzakirələrə səbəb olub.
E.İbrahimovun ölümü ilə bağlı ən sonuncu rəsmi məlumat Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 29-da birgə yaydığı açıqlamadır.
Məlumatın girişində istintaqın davam etdirildiyi elan edilsə də, sonrakı hisəssində artıq bitdiyi barədə təəssürat yaranır.
Yəni, rəsmi açıqlamada istintaqın artıq yekun nəticəyə gəldiyi və yeniyetmənin hündür mərtəbədən yıxılıraq xəsarət alması nəticəsində öldüyü elan edilir.
“Tribunat” dövlət qurumların açıqlamasının qanuniliyini araşdırıb.
Araşdırmanı təqdim edirik:
Hadisənin cəmiyyətdə doğurduğu reaksiyalar haqda ilkin reaksiyalardan biri ölümün ədalətli araşdırılması üçün ictimai vəkillik kampaniyasının başlanılması idi. Kampaniya çərçivəsində şəhərin mərkəzində keçirilməsi planlaşdırılan mitinq cəhdi polis müdaxiləsi ilə qarşılaşıb və 63 nəfərin saxlanılması ilə nəticələnib.
Baş tutmayan aksiyada iştirak üçün əraziyə gələnlər polis tərəfindən təhqir, pis rəftar və cinsi qısnama ilə üzləşdiklərini bildiriblər.
“Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir” başlıqlı birgə açıqlamada, “intensiv istintaq və əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyi, bütün fərziyyələrin, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi halların yoxlanıldığı” qeyd edilir. Ancaq məlumatın sonrakı hissəsində İbrahimovun Gəncə şəhərindəki universitetlərdən birinin istifadəsiz yataqxanasının 5-ci mərtəbəsində məhəccərsiz eyvandan yıxılaraq, çoxsaylı xəsarətlər aldığı, yaralı vəziyyətdə xəstəxanaya təxliyə edildiyi və orada öldüyü bildirilir.
Başqa sözlə desək, məlumatın girişində istintaqın davam etdirildiyi elan edilsə də, sonrakı hisəssində artıq bitdiyi barədə təəssürat yaranır. Yəni, rəsmi açıqlamada istintaqın artıq yekun nəticəyə gəldiyi və gəncin hündür mərtəbədən yıxılıraq xəsarət alması nəticəsində öldüyü elan edilir.
Cinayət-Prosessual Məcəlləsinə (CPM) əsasən, Elgün İbrahimovun ölüm faktı üzrə açılmış cinayət işi hazırda ibtidai araşdırma mərhələsindədir. CM-nin 126.3-cü maddəsi ilə başlanılmış cinayət işi, həmin Məcəllənin 15-ci maddəsinə əsasən, ağır cinayət sayılır. Məcəllənin 218-ci maddəsinə əsasən, ağır cinayətlərin ibtidai istintaqı cinayət işinin başlanmasından ən geci 4 ay keçdikdən sonra yekunlaşmalıdır. Eyni maddənin digər bir bəndlərinə əsasən, bu müddət 13 aydan çox olmayan müddətə əsaslandırılmış vəsatətlə bir neçə dəfə uzadıla bilər.
Bu müddət ərzində CPM cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin araşdırmaya dair bir neçə öhdəliyini sadalayır. Məcəllənin 8-ci maddəsində cinayət mühakimə icraatının əsas vəzifələrindən biri kimi “cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq” qeyd edilir. CPM-in 84, 85 və 86-cı maddələrinin tələblərinə əsasən isə, araşdırma “hərtərəfli, tam və obyektiv” həyata keçirilməli və “cinayətin açılmasına” xidmət etməlidir. Sadalanan maddələrdə vəzifəli şəxslərin “daxili inamı” vurğulansa da, araşdırma bu məqsədlərin ziddinə baş tutmalıdır.
İbrahimovun ölüm faktı üzrə cinayət işinin başlanılmasından yarım ay keçməsinə baxmayaraq, qəti nəticə çıxarmağa imkan verən açıqlamanın yayılması CPM-in qeyd edilən araşdırma standartları ilə ziddiyət təşkil edir. Açıqlamada “bütün fərziyyələrin yoxlanıldığı” vurğulansa da, istintaqın mərhumun hündürlükdən yıxılaraq ölməsi versiyasına üstünlük verdiyi aşkar şəkildə sezilir. Bu birmənalı qənaət araşdırmanın hərtərəfli və obyektiv olmasına şübhə yaradır, cinayətin açılması məqsədinə xidmət edib-etmədiyi barədə mühüm suallar doğurur.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi “ədalətli məhkəmə araşdırması” hüququndan bəhs etsə də, bu maddənin tələbləri məhkəməyəqədərki prosessual fəaliyyətə də şamil edilir, çünki təhqiqatın tələblərə əməl etməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququna da təsir edə bilər (bax, İmbroiskia İsveçrəyə qarşı işi, §36).
Digər bir məsələ üç hüquq mühafizə orqanının birgə açıqlaması ilə ibtidai araşdırma məlumatlarının yayılmasının qanunvericiliyin tələblərinə uyğunluğudur.
CPM-in 222-ci maddəsi, bir qayda olaraq, ibtidai araşdırma məlumatlarının yayılmasını yolverilməz hesab edir. İstisna olaraq, iki hal mövcuddur:
İbtidai araşdırma məlumatlarının cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yayılması;
İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya media ilə yayılması.
Bu sadalanan istisna hallarda da məlumatların yayılmasına dair tələblər mövcuddur. Birinci halda məlumatın yayılmasına icazəni müstəntiq, təhqiqatçı, prokuror və ya məhkəmə verməlidir, məlumat isə ibtidai araşdırmanın maraqlarına zidd olmamalı və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmamalıdır.
İkinci halda isə icazəyə ehtiyac yoxdur, məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya media ilə açıqlanır. Bu zaman yayılan məlumat ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir.
18 yaşlı gəncin ölümü ilə bağlı açıqlama ikinci hala aiddir, yəni, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqan tərəfindən bilavasitə açıqlanıb. Ancaq açıqlama cinayət-prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq yanlız Baş Prokurorluq tərəfindən açıqlanmalı olsa da, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti də əlavə edilməklə, birgə məlumat kimi elan edilib.
Halbuki, E.İbrahimovun ölümü ilə bağlı adıçəkilən digər iki hüquq mühafizə orqanının əməkdaşları da cəlb edilməklə birgə istintaq qrupu yaradılmayıb, elə məlumatın özündən də bəlli olur ki, cinayət işinin istintaqı Gəncə şəhər prokurorluğunda aparılır. Cinayət Prosessual Məcəllənin istintaq aidiyyətini tənzimləyən 215-ci maddəsi də Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin istintaq aidyyətini prokurorluğun səlahiyyətinə aid edir. Belədə açıqlamanın üç hüquq mühafizə orqanı tərəfindən kollektiv elan edilməsi onun sonundakı incə xəbərdaredici tonla izah edilə bilər.
E.İbrahimovun müəmmalı ölümünün sosial mediada səbəb olduğu güclü əks sədanı və ölümün obyektiv araşdırılması ilə bağlı ictimai vəkillik kampaniyasını nəzərə alsaq, açıqlamanın üç hüquq mühafizə orqanının adından verilməsi ictimai müzakirələrin və vəkillik kampaniyasının (hətta baş tutmasa və uğurlu alınmasa belə) səngiməsinə və necə deyərlər “sakitləşdirilməsi”nə xidmət edir.
Məlumatın sonunda “istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır. Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur” ismarıcını da məhz bu kontekstdə şərh etmək mümkündür.
Bu ehtimalı, bilavasitə, Elgünün ölümü ilə bağlı ədalətli araşdırma tələbləri ilə çıxış edən fərdlərin məruz qaldığı və daha yuxarıda vurğulanan faktlar da möhkəmlədir.
Məlumatın ümumi məzmununa bir daha gəlincə isə, istintaqın ilkin mərhələsində fərziyyələrdən yalnız birini dəstəkləyən mövqenin qəti nəticə kimi təqdim edilməsi davam edən ibtidai araşdırmanın maraqlarına zərər vurur. Yəni, istintaqın lap əvvəlində araşdırma hərtəflilik, tamlıq və obyektivlik kriteriyalarını itirir və bütün maraqlı tərəflərdə bir fərziyyəyə dair möhkəm qənaət yaradır.
Digər tərəfdən, məlumatda mərhumun qanunla qorunan mənafelərinin pozulmasını da müşahidə etmək mümkündür. Elgün İbrahimovun son saatlarını detallı təsvirinin ibtidai araşdırmanın məqsədləri üçün necə yararlı ola biləcəyi, onun reputasiyasına dair bəzi məqamların yer almasının (borclu olması, mobil telefonunu satıb, boclarını ödəməsi, spirtli içki qəbul etməsi, siqaret çəkməsi, istifadəsiz yataqxanada əvvələrdə mütəmadi vaxt keçirməsi və s.) hansı məqsəd güdməsi anlaşılan deyil.
Açıqlamada qeyd edilən detallar, istintaqın fərziyyələrinin işiğında, cinayət işinin araşdırması istiqamətində heç bir yeni məlumat təqdim etmir, cəmiyyətə hadisənin əslində necə baş verdiyinə dair hər hansı “ipucu” vermir. Bu təfərrüatları və hadisənin baş verməsindən sonra ilkin intihar fərziyyəsini nəzərə alsaq, elə təəssürat yaranır ki, sanki bu təfərrüatların qeyd edilməsi E.İbrahimovun müəmmalı ölümünün intiharla daha etibarlı əlaqələndirilməsi üçün əlavə və inandırıcı detallar kimi təqdim edilib. Məlumatda həm ehtiyatsızlıqdan yıxılma, həm də intihar fərziyyəsinin yoxlanılması qeyd edilsə də, nəticədə açıqlama sadəcə faktın konstatasiyasından ibarətdir; yıxılmanın niyə baş verdiyi açıqlamada qeyd edilmir.
Məlumatda “şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri” kimi istintaq hərəkətləri vurğulansa da, bu istintaq hərəkətlərinin əldə etdiyi ilkin sübutlarla istintaqın gəldiyi qəti nəticə arasında uzlaşma yaradılmır. Hansı sübutların istintaqın hazırkı mərhələsində gəldiyi nəticəni dəstəklədiyi, hansı sübutları isə inkar etdiyi izah edilmir və s.
İlk baxışdan birgə məlumatın paylaşılması cinayət işinin ictimai əhəmiyyət kəsb etməsi və yanlış məlumatların qarşısı alınması səbəbi ilə vacib görünsə də, onun məzmunu cinayət-prosessual qanunvericiliyin ibtidai araşdırma standartlarını pozmuş olur. Məlumat istintaqın yalnız bir versiyasını təsdiqləməklə, cinayət işinin hərtərəfli araşdırılacağına bəri başdan ciddi şübhə yaradır. İbtidai araşdırmanın məqsədlərinə necə xidmət etdiyi anlaşılmayan mərhumun reputasiyasına dair detalların paylaşılması isə onun qanunla qorunan mənafelərinə qəsd edir.
“İnformasiya əldə etmək haqqında” Qanuna görə, dövlət orqanlarının informasiyanı açıqlamaq vəzifəsi və digər şəxslərin hüquq və azadlıqlarının, eləcə də cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmaması informasiyanın əldə olunmasının əsas prinsiplərindəndır.
“Tribunat” bu nəticəyə gəlir ki, Elgün İbrahimovun ölümünə dair üç hüquq mühafizə orqanının birgə məlumatı ibtidai araşdırma standartlarını pozmaqla yanaşı, ibtidai araşdırma məlumatlarının yayılması qaydasını da zədələyib. Məlumat ictimai fikrin diqqətində olan müəmmalı ölümə dair yalnız bir versiyanı qəti nəticə kimi təqdim edir, nəticədə davam edən ibtidai araşdırmanın maraqlarına mühüm zərbə vurur. Digər tərəfdən, mərhumun reputasiyasına aid məlumatları yayılmaqla qanuni mənafeləri pozulur. Bütövlükdə isə açıqlama yalnız ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluq tərəfindən edilməli olduğu halda, digər iki hüquq mühafizə orqanının (DİN və DTX) məlumatın həmmüəllifi kimi çıxış etməsi və açıqlamanın çəkindirici sonu Elgün İbrahomovun ölümü ilə bağlı alternativ müzakirələri səngitməyə hesablanır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sosial media
Foto: Toplum TV
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb