Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Foto: Toplum TV
“Müstəntiqlər istintaq sirrini yaymamaq barədə biz vəkillərdən iltizam alırlar. Lakin, səhər durub görürsən ki, cinayət işinin bütün məlumatları jurnalistin dili ilə və ağır ittihamedici damğalarla “Real TV”, “Baku TV” kimi televiziyalarda, hökumətyönlü saytlarda nümayiş etdirilir.”
Bu sözlər vəkil Nazim Musayevə aiddir. O, siyasi motivli hesab olunan işlərə çıxan azsaylı vəkillərdən biridir. Onun müdafiə etdiyi şəxslər arasında müxalif siyasətçi Tofiq Yaqublu, Toplum TV-nin jurnalisti Müşfiq Cabbar, “Meydan TV” jurnalisti Xəyalə Ağayeva, işçi hüquqları fəalı Möhyəddin Orucov var.
Musayev mayın 30-da “Facebook” səhifəsində etdiyi paylaşımla istintaq materialları olduğu iddia edilən məlumatların dövlət və hökumətyönlü media orqanlarında peyda olması mövzusunu gündəmə gətirib.
Vəkil bildirib ki, hökumətyönlü medianın bu tip materialları, əsasən, müstəqil media nümayəndələri və ictimai fəalların ittiham olunduğu işlərlə bağlı olur.
“Qanunsuz yayımların qarşısının alınmaması onu söyləməyə əsas verir ki, bu media qurumları istintaq orqanı və prokurorluq orqanlarından da yuxarıda olan vəzifəli şəxslər tərəfindən himayə olunurlar. Əks halda, prokurorluğun gücü çatardı ki, bu özbaşınalığın qarşısını alsın”, - vəkil yazıb.
Azərbaycanda televiziyaların və əksər xəbər saytlarının dövlət nəzarətində olduğu, hər kəsin bildiyi faktdır desək, yanılmarıq. İllər ərzində elə hallar olub ki, bu media orqanları dövlətin “səhv” olaraq gördüyü məsələlərə görə cəzalandırılıblar.
Bunlardan yəqin ki, ən yaddaqalanı “APA” informasiya agentliyinin 2018-ci ildə Prezident İlham Əliyevin çıxışının mətnindəki bir söz xətasına görə müvəqqəti bağlanılması olub.
Bundan əlavə, sözügedən media orqanlarının platformaları ya hökuməti birbaşa tərifləyən, ya da onun siyasi xəttinə zidd getməyən materiallarla doludur. Korrupsiya araşdırmalarından və ya hökumətin tənqidindən isə əsər-əlamət yoxdur.
2021-ci ildə Qafqaz və Mərkəzi Asiyanı əhatə edən ingilisdilli “Eurasianet” saytı Azərbaycandakı hökumətyönlü jurnalistlərin cəmləşdikləri “WhatsApp” qrupu vasitəsilə hökumətdən birbaşa təlimatlar aldığını göstərən reportaj dərc edib. Sayta sızdırılan ekran görüntülərindən (“skrinşot”) məlum olub ki, jurnalistlər qrupda Prezident Administrasiyasından olduğu bildirilən bir rəsmidən gündəmdə olan xəbərləri necə işıqlandırmaq barədə göstərişlər, o cümlədən hazır mətnlər alırlar.
2023-cü ildən, Toplum TV də daxil olmaqla müstəqil media və vətəndaş cəmiyyəti üzvlərinə qarşı həbslər dalğası başlayandan bəri də hökumətyönlü media səssiz oturmayıb - amma təbii ki, həmkarlarının xeyrinə yox.
Hələ 2023-cü ilin noyabrında, həbslər başlamadan dövlət televiziyasında (“AzTV”) və “Report.az” kimi media orqanlarında müstəqil jurnalistlərin və fəalların ABŞ-a işləyən casus şəbəkəsinin üzvləri olduqları iddia olunub.
Həbslər başlayandan və cinayət işləri açılandan sonra isə bu tip materialların həcmi böyüməyə, müxtəlif detallarla bəzənməyə başlayıb. Bu materiallarda bir qayda olaraq jurnalist və fəalların hansısa xarici təşkilatlardan qrantlar aldığı və qarşılığında Azərbaycanda hökumət əleyhinə işlər gördüyü iddia olunur.
Bu işlər çərçivəsində həbs olunanlara qarşı da ilkin ittihamın valyuta qaçaqmalçılığı olduğunu xatırlatmaq yerinə düşər. Hökumətyönlü media bir az da irəli gedərək bu materiallarda təqdim olunan detalların təqsirləndirilən şəxslərin istintaqa verdiyi ifadələrdən götürüldüyünü iddia edir.
Məsələn, ötən ilin sentyabrında “Oxu.az” saytında gedən materialda iddia olunur ki, “Meclis.info” saytının həbs olunan rəhbəri İmran Əliyev istintaqa ifadəsində Gürcüstanda pul nəğdləşdirdiyini və üçüncü şəxslər vasitəsi ilə Azərbaycana keçirdiyini “etiraf edib”.
İyunun 10-da İmran Əliyevin işi üzrə məhkəmə prosesində ittiham aktı oxunub. Əliyevin vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, ittiham aktında oxşar iddialar yer alıb, lakin müvəkkili ittihamları birmənalı olaraq rədd edib.
“İmran Əliyev nə istintaq dövründə, nə də indi “Meclis.info” portalı ilə fəaliyyətini gizlətməyib. O bildirdi ki, onun fəaliyyətində heç bir cinayət əməli olmayıb”,- vəkil deyib.
Həbsdə olan şəxslərdən bir neçəsi haqlarında yazılan məqalələrə yazılı şəkildə cavab verib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədli martda vəkili vasitəsilə ictimai olaraq bildirib ki, haqqındakı ittihamlar “cəfəngiyyat və təxəyyül məhsuludur”.
Məmmədli haqqında bu ilin fevralında “Report” informasiya agentliyində “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlığı ilə məqalə yayımlanıb. Bu məqalədə Anar Məmmədlinin rəhbəri olduğu mərkəzə 2024-cü ildə ABŞ Beynəlxalq Yardım Agentliyi (USAID) tərəfindən külli miqdarda qrantların ödənildiyi yazılıb.
İddia olunub ki, qarşılığında Məmmədliyə 500 nəfərlik müşahidəçi qrupları yaratmaq və həmin il fevralın 7-də keçirilən prezident seçkisinə saxtakarlıq görüntüsü vermək tapşırılıb.
Məmmədli isə deyib ki, USAID ilə 2013-cü ildən əməkdaşlığı olmayıb və o vaxtdan bəri regional layihələrdə məsləhətçi və təlimçi kimi çalışıb, yalnız “insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına” töhfə verib.
O əlavə edib ki, bu tip yazılar hakimiyyət tərəfindən planlı şəkildə mətbuata buraxılır. “Məqsəd ictimai rəyi çaşdırmaq, mənim və başqa hüquq müdafiəçilərinin işinə kölgə salmaqdır”, hüquq müdafiəçisi vurğulayıb.
Bu məqalələrdə təkcə artıq həbs edilmiş şəxslər hədəfə alınmır. Adları hallandırılan şəxslərin arasında ölkədən kənarda yaşayanlar da var.
Ötən ilin dekabrın 8-də, “Meydan TV” əməkdaşlarının həbsindən cəmi iki gün sonra “Report”da çap olunmuş məqalədə Gürcüstanda yaşayan və bu ölkənin vətəndaşı olan jurnalist Sevda Səmədovanın və həyat yoldaşının adları çəkilir. İddia olunur ki, Səmədova həyat yoldaşı ilə xarici təşkilatların “Meydan TV” üçün ayırdığı pulun Gürcüstandan Azərbaycana “qanunsuz yolla keçirilməsini” təmin edib.
Səmədova Toplum TV-yə açıqlamasında iddianı rədd edib. O düşünür ki, bu məqalələr jurnalistlərin təxəyyülünün məhsulu ola bilməz, çünki mətnlərin istintaq orqanından ötürüldüyünü göstərən əlamətlər var.
“Məsələn, məqalələrdə mənim atamın adı və doğum tarixim qeyd olunur. Heç Gürcüstan pasportunda bu məlumatlar qeyd olunmur. Bu da göstərir ki, jurnalistlərin cinayət işlərinə çıxışları var. Eyni zamanda, fərqli media orqanlarında gedən fərqli məqalələrdə eyni iddialar səsləndirilir, bu da o deməkdir ki, bu məlumatlar haradansa ötürülür”, - Səmədova deyib.
Hüquqşünas Səməd Rəhimli Toplum TV-yə bildirib ki, məhkəmə proseslərində oxunan ittiham aktlarından və istintaq materiallarından bəlli olur ki, bu məlumatlar mediaya sızdırılıb.
“Çünki burada bank, səfər, daşınmaz əmlak məlumatlarından söhbət gedir və mətbuat dövlətin köməyi olmadan bunları əldə edə bilməzdi. Bunların istintaq orqanı tərəfindən sızdırılmasından başqa ağlabatan izah yoxdur”, - o qeyd edib.
Bəs istintaq sirri hesab olunan məlumatların sızdırılmasına görə hüquqi məsuliyyət varmı?
Rəhimli bildirir ki, istintaq materiallarının ictimailəşdirilməsinə görə media orqanları üçün inzibati məsuliyyət var. İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən, açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə cərimələr nəzərdə tutulur.
“Məlumat sızdıran hüquq-mühafizə orqanı əməkdaşları üçün isə intizam xətası nəzərdə tutulur. Polis işçilərinin nümunəsində, Daxili İşlər Nazirliyi intizam işi açmalıdır və sızdıran polisləri intizam məsuliyyətinə cəlb etməlidir. Sızdırılma davam etdikdə isə, onlar polis orqanlarından xaric edilməlidirlər. Məqalələrdə adları çəkilən şəxslər isə mülki iddia qaldıraraq məhkəməyə müraciət edə, təkzib və təzminat tələb edə bilərlər”, - hüquqşünas izah edib.
“Abzas Media işi” üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı artıq belə bir iddia qaldırıb. O, haqqında gedən reportajlara görə ötən il “ATV” telekanalı, “İki Sahil” qəzeti və “Qafqazinfo” saytını məhkəməyə verib. Bir ildən çox çəkən prosesin sonunda məhkəmə iddianı təmin etməyib.
Babalının vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, jurnalist yenidən, bu dəfə “Report”, “Baku TV” və “Qafqazinfo” saytlarına qarşı məhkəməyə müraciət edəcək.
Bəs bu məlumatların istintaq prosesi bitmədən, təqsirsizlik prezumpsiyası pozularaq mətbuatda yayımlanmasında məqsəd nədir?
Siyasi şərhçi, III Respublika Platformasının qurucu üzvü Elman Fəttah düşünür ki, bu yazılar hökumətin müəyyən mərkəzlərində sistemli şəkildə hazırlanıb.
“Bu məlumatlar doğru olsaydı belə, yalnız hüquq-mühafizə orqanlarının əlində olmalı idi. Məqsəd isə həyata keçirilən repressiya dalğasının ictimai-siyasi baxımdan əsaslandırılmasıdır. Özləri də bilir ki, bu həbslər qanunsuzdur və heç bir sübuta söykənmir. Bu narahatçılığı aradan qaldırmaq üçün isə əlaltı mediada bu cür propaqanda aparırlar”, - o Toplum TV-yə deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Toplum TV
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"