Ölkə

Cəmiyyətin və hökumətin əxlaq problemi - Fariz Namazlının yazısı

12 İyun, 2025
589

Foto: Sosial media

Fransız yazıçısı və ən gözəl novellalar ustası olan Gi de Mopassanın “Gombul” novellası XIX əsr Fransasında sosial və əxlaqi dilemmanı kəskin şəkildə ortaya qoyur.

Sadə və vicdanlı bir qadın olan və Gombul adlandırılan bir qadın özünü əxlaq carçıları kimi qələmə verən bir qrup ünsur tərəfindən ilk baxışda “müqəddəs məqsəd” naminə alqışlansa da, sonradan riyakarcasına alçaldılır və kənara atılır. 

Müəllif burada cəmiyyətə sual verir – Kimdir əxlaqlı? Öz maraqları naminə başqasını alçaldanlar, yoxsa həyatını dürüst və şəffaf yaşayanlar?

Xatırlayırsınızsa, bu sual fransız aktyoru Pyer Rişarın çəkildiyi “Oyuncaq” filmində də verilir, hərçənd orada kim daha vəhşidir deyə sualı verilir.

Bu sualın cavabı bizə təkcə keçmişi deyil, bu günü, xüsusilə də Azərbaycan reallığını anlamaqda kömək edir.

Azərbaycan cəmiyyətində əxlaq məsələsi artıq şəxsi konteksdən çıxarılıb, ictimai-siyasi səviyyədə ciddi bir problemə çevrilib. Hökumət tez-tez özünü “əxlaqi cəhətdən üstün” mövqedə təqdim edir, müxalifəti isə ictimai rəyə “radikal”, “xəyanətkar”, “pozucu” kimi tanıtmağa cəhd edir. Müxalifətin səhvləri və şəxsi zəiflikləri qabardılır və mənəviyyat silahına çevrilir. Halbuki bu iddianın fonunda korrupsiya, sosial ədalətsizlik və hüquq pozuntuları kimi problemlər dərinləşməkdədir. 

İqtidarın əxlaqi üstünlük iddiası əslində bir növ maskadır — öz maraqlarını qorumaq üçün cəmiyyət qarşısında istifadə olunan bir alətdir.

Mopassanın əsərindəki qəhrəmanlar məhz bu cür riyakarlığın simvoludur. Onlar öz mənfəətləri naminə Gombulu istifadə edir, sonra isə onun “əxlaqını” şübhə altına alaraq ondan üz döndərirlər. Maraqlıdır ki, bu obrazların hər birini bugünkü Azərbaycan siyasətində də tapmaq mümkündür. Qarşı tərəfi əxlaqsızlıqda ittiham edərək özlərini üstün göstərməyə çalışan, lakin riyakar davranışları sərgiləyən siyasətçi və ictimai simalar bu gün az deyil.

Ən çox əziyyəti isə sadə vətəndaş çəkir. Siyasətdə riyakarlıq artdıqca, cəmiyyətin vicdanı boğulur. Vicdanlı insanların səsi ya eşidilmir, ya da məqsədli şəkildə susdurulur. Bu isə uzunmüddətli sosial apatiyaya gətirib çıxarır. Cəmiyyət siyasətdən və ictimai təşəbbüslərdən uzaqlaşır; xüsusilə gənclər arasında ümidsizlik və inamsızlıq artır – bir qismi çıxış yolunu xaricdə axtarır, digərləri isə biganəliyə qapılaraq ya özünə çəkilir, ya da psixoloji təzyiqlər altında depressiyaya düşür.

Sosial medianın inkişafı ilə bu proses daha da kəskin xarakter alıb. Hər iki tərəf — həm hökumətə yaxın dairələr, həm də müxalif mövqedə olanlar — bir-birinə qarşı “daş atmaq” yarışına çıxıb. Şəxsi həyatın detallarının ictimailəşdirilməsi, təhqir və linç kampaniyaları artıq normal hal alıb. Siyasət ideya və dəyərlər müstəvisindən çıxaraq şəxsi intiqam səhnəsinə çevrilib. Belə şəraitdə vicdanlı mövqe tutan, prinsiplərlə yaşayan insanlar ya susmağa, ya da kənarda qalmağa məcbur olurlar.

Tarixən bu problemin kökləri dərindir. Sovet dövründə də ideoloji təbliğatla reallıq arasında dərin uçurum vardı: rəhbərlik “xalqın xidmətçisi” obrazında təqdim olunsa da, əksər hallarda korrupsiya və repressiya mexanizmləri hakim idi.

Müstəqillik dövründə isə bu ikililik yeni simalarla, amma eyni mahiyyətlə davam edir. Riyakarlıq artıq dövlət idarəçiliyinin bir parçasına çevrilib, həmçinin siyasi mübarizənin də əsas üsullarından biri kimi funksionallıq qazanıb.

Amma bütün bunlara baxmayaraq, ümid tükənməyib. Gombul kimi insanlar bu gün də aramızdadır — susmayan jurnalistlər, hüquq müdafiəçiləri, aktivistlər, müəllimlər, adi vətəndaşlar. Onlar əxlaqın simvolu kimi riyakarlığın içində dayanıqlı qala bilirlər. Bu insanların səssiz qalmaması, dəstəklənməsi və görünən olması ictimai vicdanın qorunması üçün həyati əhəmiyyət daşıyır.

Beynəlxalq təcrübə göstərir ki, əxlaqi məsuliyyət və şəffaflıq siyasi mədəniyyətin əsas sütunlarına çevrilə bilər. Qərb demokratiyalarında siyasətçilər səhvlərinə görə ictimaiyyət qarşısında cavabdehlik daşıyır, üzr istəyir, istefa verir. Bu mədəniyyət Azərbaycanda da formalaşa bilər, amma bunun üçün həm iqtidarın, həm də müxalifətin riyakar ritorikadan imtina etməsi, əvəzində real dəyərlərə söykənən siyasət yürütməsi lazımdır.

Mopassanın “Gombul” novellası bizə göstərir ki, əxlaq iddia yox, davranışdır. Əgər cəmiyyət və hökumət bu həqiqətlə üzləşməzsə, nə siyasi mədəniyyət inkişaf edər, nə də sosial ədalət bərqərar olar. Əxlaq problemi təkcə bir şəxsin və ya tərəfin deyil, bütöv bir sistemin və cəmiyyətin probleminə çevriləndə, onun həlli yalnız fərdi yox, ictimai şüurun oyanması ilə mümkündür.

Fariz Namazlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Prezident süni adalarda kazinolara icazə verən dəyişikliyi təsdiqlədi

29 İyul 2025

Foto: açıq mənbə

Prezident İlham Əliyev süni adalarda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verən dəyişikliyi təsdiqləyib. Bu barədə iyulun 29-da prezidentin mətbuat xidməti məlumat yayıb. Sənəddə qeyd olunur ki, Nazirlər Kabinetinə kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun qəbul edilib. Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident...
Ölkə

Peskov: Azərbaycanın ruslara hörmət etməsi vacibdir 

21 İyul 2025

Foto: AP

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın AZAL təyyarəsinin qəzasına görə Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşmasına münasibət bildirib.  Peskov deyib ki, bu, Azərbaycanın hüququdur: “Bizim təhqiqatımız davam edir. Lakin Azərbaycan belə bir qərar verərsə, bu onların hüququdur. Biz isə təhqiqatın rəsmi nəticəsini gözləyəcəyik”. İki ölkə arasındakı ümumi gərginləyə də toxunan Kreml sözçüsü münasibətlərin “çətin dövrdən” keçdiyini vurğulayıb.  “Münasibətlərin, həqiqətən də, möhkəm təməli var, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq mövcuddur. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər baş verir. İndi belə dövrlərdən biridir, ümid edirik ki, keçəcək”, - Peskov bildirib....

Seçilmiş Videolar

Toplum TV loqo