Ölkə

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edib 

21 iyun, 2025
648

Foto: sosial media

Milli Məclis iyunun 21-də “Naxçıvan Muxtar Respublikasının (MR) Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. 

Qanun layihəsində Naxçıvan MR Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və preambula hissəsində isə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Əlavə ediləcək maddələrdən birində nəzərdə tutulur ki, Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılsın və Prezidentin müəyyən etdiyi vəzifələri icra etsin. 

Digər maddədə isə Naxçıvan MR Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblərdən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur. 

Dəyişiklik ediləcək bir maddəyə əsasən, Naxçıvan MR Ali Məclisinə seçkiləri Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək. Başqa bir dəyişiklikdə Ali Məclisin sədri seçilmək üçün Naxçıvan MR ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbinin aradan qaldırılması nəzərdə tutulur. 

Bundan əlavə, Naxçıvanda yerli icra hakimiyyətləri başçılarının Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcəyi gözlənilir. 

Naxçıvan MR Nazirlər Kabinetinin Ali Məclisə deyil, birbaşa Azərbaycan Prezidentinə tabe olacağı da dəyişikliklərdən biridir. 

Qanun layihəsinin xəbəri mətbuatda Naxçıvanın muxtariyyətinin azaldılması və nəticə etibarilə ləğv edilməsi mövzusunu bir daha gündəmə gətirib. 

Hələ 2022-ci ilin noyabrında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ləğv olunması və əvəzində Azərbaycan Respublikası DTX-sının Naxçıvan Baş İdarəsinin yaradılması bu istiqamətdə mülahizələri gücləndirmişdi. 

Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli iyunun 20-də “Facebook” səhifəsində xəbəri “faktiki olaraq Naxçıvanın muxtariyyətinin ləğv edilməsi” olaraq şərh edib və “doğru qərar” adlandırıb.

“Çox güman, addım-addım bu yolla gedilir, son mərhələdə isə ölkə üzrə referendumla bir çox məsələlər, o cümlədən, Naxçıvanın muxtariyyət məsələsi də öz həllini tapmalıdır”, - o əlavə edib. 

Qanun layihəsini müzakirə edən Milli Məclis üzvləri də muxtariyyət məsələsinə toxunublar, lakin Naxçıvanın muxtar statusunun ləğvi mövzusunda fikir ayrılığı yaşayıblar. 

“Modern.az” saytına əsasən, deputat Qüdrət Həsənquliyev deyib ki, Naxçıvan “balaca ərazidir və artıq Zəngəzur dəhlizi də açılır deyə, orada muxtariyyətin ləğvi haqqında danışmaq lazımdır”.

Deputat Aydın Mirzəzadənin sözlərinə görə isə, bu dəyişikliklərlə Naxçıvanın “Muxtar Respublika statusu onun əlindən alınmır”.

“Konstitusiyada dəyişiklikdə Naxçıvanın həm muxtariyyəti, həm də respublika statusu qalacaq. Çünki bu ərazi dövlətin digər ərazilərindən ayrıdır. Bununla belə regional parlament saxlanılır, oradakı digər orqanların da idarəetməsi saxlanılır. Naxçıvan iniyədək Prezidentin həmişə diqqətində olub”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub

13 noyabr 2026

Foto: şəxsi arxiv

"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) əməliyyat olunub. Jurnalistin vəkili Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı noyabrın 12-də Mərkəzi Gömrük Hospitalında baş tutub. Aynur Elgünəş bir müddət əvvəl böyrəyində yaranan ciddi problemlərə görə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü. Jurnalistin səhhətindəki problemlərlə bağlı oktyabrın 26-da Elçin Sadıqov da açıqlama yaymışdı. O, Aynur Elgünəşin vəziyyətinin getdikcə ağırlaşdığını, təcili əməliyyata ehtiyac olduğunu bildirmişdi. Vəkilin sözlərinə görə, xəstəxana əvvəlcə kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını, əməliyyat qərarının isə nəticələrə əsasən verilməsini istəyirdi. Sadıqov jurnalistin dəfələrlə əməliyyat olunduğunu, KT müayinəsi olmadan cərrahi müdaxilənin riskli hesab edildiyini, arterial təzyiqinin tez-tez dəyişdiyini və...
Ölkə

70 kq qızıl qaçaqmalçılığında təqsirli bilinən polkovnikin cəzası azaldılıb

11 noyabr 2026

sosial media

İstanbul hava limanında 70 kiloqram qızıl külçəni götürdükdən sonra saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Bununla belə, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib. Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub. Yarım il davam edən məhkəmə prosesinin yekununda Q.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və qaçaqmalçılıqda təqsirli bilinib. Lakin o, ittihamla razılaşmayıb və ona qarşı irəli sürülmüş qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu bildirib. Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. Cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo