Ölkə

Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar” 

12 avqust, 2026
517

sosial media

sosial media

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarların getdiyi barədə xəbərlər yayılmağa davam edir. 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında ixtisara salınan SOCAR işçilərinin şikayətlərini ictimailəşdirir. 

Məsələn, vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış bir məktubda Zabit Ağayev adlı Masallı sakini 34 il SOCAR-da maşınist işlədiyini deyir. Onun sözlərinə görə, martın 31-də öz ərizəsi ilə işdən çıxması tapşırılıb, əks halda “müxtəlif bəhanələrlə işdən azad ediləcəyi” deyilib. 

“Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati təzyiq və hədələrin nəticəsində yazılmışdır. Məni xüsusilə narahat edən məqamlardan biri də odur ki, bu qanunsuzluğu əsaslandırmaq üçün bəzi vəzifəli şəxslər ölkə rəhbərliyinin adından sui-istifadə edərək, yerimə gətirilən şəxsin guya "yuxarıların adamı" olduğunu bildirirdilər”, - o, ərizəsində qeyd edib. 

SOCAR avqustun 4-də açıqlama yayaraq bildirib ki, “kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir”.

“2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4 faiz olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin əksəriyyəti işçilərin təbii axını hesabına baş verib”, - açıqlamada deyilir. 

M.Qəhrəmanlı isə “Toplum TV”-yə deyir ki, ixtisarların “təbii axın” kimi təqdim olunması yolverilməzdir. 

“50-60 yaşlı qadınlara, kişilərə psixoloji təzyiqlə ərizə yazdırıb işdən çıxarmaq axındırmı? Aşağı kateqoriyalı işçiləri işdən çıxarıb əvəzinə yüksək vəzifəli işçilər təyin etməkdirmi axın? İxtisarlar hələ də gedir. Müxtəlif bəhanələrlə, imtahan adı ilə insanları işdən çıxarır, stresə salırlar. SOCAR nümayəndələrinə öyrətməyiblər ki, yalan danışmaq olmaz”, - o vurğulayıb. 

Hüquq müdafiəçisinin sözlərinə görə, son ilyarım ərzində SOCAR-ın bütün strukturlarında ümumilikdə 20 minə yaxın insan ixtisara salınıb. O bildirir ki, ixtisarlar optimallaşdırma, struktur dəyişikliyi və s. adlarla həyata keçirilir. 

Onun avqustun 4-də ictimailəşdirdiyi, “Azneft” İstehsalat Birliyinin (İB) vəzifəli şəxsinin adından SOCAR vitse-prezidenti Ziba Mustafayevaya ünvanlanan məktubda da “ştat vahidlərinin optimallaşdırılması ilə bağlı tədbirlər”dən söhbət açılır. 

““Azneft” İB üzrə cari tarixədək 327 ştat vahidi ləğv edilmişdir. Qoyulmuş hədəfə çatmaq məqsədilə hal-hazırda “Azneft” İB-nin struktur təşkilatlarında işçilərlə görüşlər keçirilərək onlara öz təşəbbüsləri ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etdikləri təqdirdə SOCAR-da nəzərdə tutulmuş müəyyən məbləğdə birdəfəlik müavinətin ödənilməsi ilə bağlı təbliğat-təşviqat işləri aparılır”, - deyə “Azneft” nümayəndəsi SOCAR vitse-prezidentinə məruzə edib. 

M.Qəhrəmanlı bildirir ki, təkcə bu fakt SOCAR-ın rəsmi açıqlamasının “söz yığınından ibarət olduğunu” sübut edir. 

“Ölkədə işsizliyin tüğyan etdiyi vaxt kim kütləvi surətdə işdən çıxmaq üçün ərizə yazar? İzahları günahlarından betərdir”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo