“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’
sosial media
“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov penitensiar müəssisələrdə tibbi xidmətin təşkili ilə bağlı açıq məktub ünvanlayıblar.
Özlərini “Mütəşəkkil dəstə” aldandıran müraciət müəllifləri penitensiar sistemdə tibbi kadr çatışmazlığının, gecə saatlarında təcili tibbi yardıma çıxışın və tibbi avadanlıqlardan istifadənin problem olaraq qaldığını bildirirlər.
“Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum olunan Ramil Babayev həm Bakı İstintaq Təcridxanasında (BİT), həm də Umbakı Penitensiar Müəssisəsində (PM) keçirdiyi aclıq aksiyalarında məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasını tələb etdiyini bildirib. Babayevin sözlərinə görə, Umbakı PM-də aclıq etdiyi dövrdə Ombudsman Aparatının əməkdaşları ilə görüşüb. O deyib ki, həmin görüşdə Ombudsman tibbi xidmətin keyfiyyətinin artırılması üçün iş görüləcəyini, nəticələrin isə qarşıdakı aylarda hiss olunacağını vəd edib.
“Verilən bu sözün üzərindən 3 ay keçməsinə baxmayaraq, tibbi xidmət sahəsində heç bir irəliləyiş müşahidə etmirik. Ona görə də bu sahədəki əsas boşluqları ictimai müraciət formasında sistemləşdirməyə qərar vermişik”, - açıq məktubda deyilir.
Müraciət müəllifləri səsləndirdikləri iddialarla bağlı Penitensiar Xidmətin rəisinin və Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisinin sualları cavablandırmağa çağırınlar:
“Beləliklə, Penitensiar Xidmətin yeni rəisi general-mayor Sahib Rzayevi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, polkovnik-leytenant Cəmil Kamillini məhbusların sağlamlığının necə qorunacağı ilə bağlı aşağıdakı suallarımıza cavab verməyə çağırırıq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) maaş artımı elanından sonra penitensiar sistemdən getmək üçün müqavilə müddətlərinin bitməsini gözlədiklərini deyən feldşerləri hansı vədlərlə işdə saxlamağı düşünürsünüz? Bu səviyyədəki maaşlarla necə hansısa tibbi kadrı işə cəlb etməyə ümid edirsiniz? Müəssisələrinizin tibb məntəqələrində sahələr üzrə demək olar ki, bütün vakansiyaların boş olması nəticəsində toz basmış bahalı tibbi avadanlıqlarla bağlı planınız nədir?
Umbakı PM başda olmaqla, penitensiar müəssisələrdə yalnız saat 17:00-dək tibbi yardım göstərilir. Axşam və gecə saatlarında ilkin tibbi yardım göstərəcək şəxs qalmır və bildirilir ki, xəstənin vəziyyəti ağır olsa, təcili tibbi yardım maşını çağırıla bilər. Təcili tibbi yardımın çağırılması üçün isə xəstə şəxs nəzarətçiyə, nəzarətçi növbətçi hissəyə, növbətçi hissə müəssisə rəisinə, müəssisə rəisi Penitensiar Xidmətə, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə, idarə isə müraciəti təsdiqlədiyi halda 103 xidmətinə məlumat verməlidir. Umbakı PM-in yaşayış yerlərindən bir neçə 10 kilometr uzaqlıqda olduğunu da nəzərə alsaq, “təcili” tibbi yardım ən yaxşı halda bir neçə saata gələ bilər. Belə bir vəziyyətdə məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?”
“Mütəşəkkil dəstə” təşəbbüsü “Toplum TV işi” üzrə həbs olunan Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov tərəfindən yaradılıb. Onlar bu adı seçməklə ittiham olunduqları “mütəşəkkil dəstə” anlayışına istinad edərək, həbsdə olan siyasi fəalların birlik və qarşılıqlı dəstək platforması yaratmasını nəzərdə tutduqlarını bildirirlər.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Məhkəmə, həmçinin onlara qarşı qaldırılmış mülki iddianı təmin edib, üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar