ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
sosial media
ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib.
BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib.
Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya ştatında Respublikaçılar Partiyasının namizədlərinə dəstək məqsədilə seçki kampaniyasında iştirak edib.
“O, partiya siyasəti ilə məşğul olurdu və ifadə verməkdənsə, buna üstünlük verdi”, - Tobin deyib.
Hakim Lett Trampın dekabrın 11-dək ifadə verməsinə qərar verib. Əks halda, ona qarşı sanksiyalar, o cümlədən iddianın rədd edilməsi tətbiq oluna bilər. Müddət yalnız işə baxan əsas hakimin sübutların toplanması qrafikini dəyişdirməsi halında uzadıla bilər.
Sübutların toplanması mərhələsinin dekabrın 18-də başa çatması planlaşdırılır. Trampın vəkilləri qrafik dəyişdirilərsə, ifadənin daha gec tarixə keçirilməsinə razı ola biləcəklərini bildiriblər.
Tramp 2025-ci ilin dekabrında BBC-yə qarşı iddia qaldıraraq yayımçını böhtanda, həmçinin aldadıcı və ədalətsiz ticarət praktikalarında ittiham edib. İddia “Trump: A Second Chance” (“Tramp: İkinci şans”) adlı sənədli filmlə bağlıdır.
BBC etiraf edib ki, filmin müəllifləri Trampın 2021-ci il yanvarın 6-da tərəfdarlarına etdiyi çıxışın müxtəlif hissələrini birləşdirərək montaj ediblər. Həmin çıxış Kapitoliy binasına hücumdan əvvəl səsləndirilib. BBC montajın Trampın birbaşa zorakılığa çağırış etdiyi təəssüratı yaratdığını qəbul edib.
Yayım şirkəti buna görə üzr istəyib. BBC-nin rəhbəri və yüksək vəzifəli xəbər rəsmilərindən biri də istefa verib. Bununla belə, şirkət Trampın böhtan ittihamını qəbul etmir.
Trampın vəkilləri ifadənin videoya çəkilməsinə etiraz etsələr də, hakim Lett buna icazə verib. Qərara əsasən, video yalnız vəkillərin istifadəsi üçün nəzərdə tutulur və ictimaiyyətə açıqlanmayacaq.
BBC müdafiəsini gücləndirmək üçün ABŞ-nin keçmiş xüsusi prokuroru Cek Smitin də ifadəsini almağa çalışır. Smit Trampın 6 yanvar 2021-ci il çıxışı və həmin gün baş verənlərlə bağlı araşdırmalara rəhbərlik edib. Onun ifadə verməsi üçün ABŞ Ədliyyə Nazirliyinin icazəsi tələb olunur.
Nazirlik hələ BBC-nin müraciətinə cavab verməyib. Hakim Lett quruma noyabrın 2-dək mövqeyini bildirməyi tapşırıb. Trampın vəkilləri Smitin hadisələr barədə birbaşa şəxsi məlumata malik olmadığını və ifadəsinin zəruri olmadığını bildirirlər. BBC isə onun araşdırmalarının əlavə sübutların əldə edilməsinə kömək edə biləcəyini düşünür.
Hakim həmçinin BBC-yə Trampın Floridadakı “Mar-a-Lago” klubu ilə bağlı məhdud məlumatları əldə etməyə icazə verib. Yayım şirkəti klubun üzvlüyünə dair müraciətlər və yeni üzvlərdən alınan haqlar haqqında məlumatlarla tanış ola biləcək.
BBC-nin vəkili bu məlumatların Trampın nüfuzunu və böhtan iddiası üzrə mümkün zərərin həcmini qiymətləndirmək baxımından əhəmiyyətli olduğunu bildirib. Trampın vəkili isə prezidentin klubu şəxsən idarə etmədiyini və onun populyarlığının Trampın şəxsi nüfuzunu əks etdirmədiyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Trampın kürəkəninin Azərbaycan vasitəsilə yüz milyonlarla dollar aldığı iddia olunur
açıq mənbə
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”